Fazil Mustafa: Kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardır

Deputat bildirib ki, Azərbaycanda üç nikahdan biri boşanma ilə nəticələnir

Source: Meydan TV


Deputat bildirib ki, Azərbaycanda üç nikahdan biri boşanma ilə nəticələnir

“Pandemiya dövründə nə qədər insan işini itirib, 1292 nəfərə işsizlikdən sığorta ödənişi edilib”.

Milli Məclisin iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa belə deyib.

O bildirib ki, işsiz əhalinin sayı kifayət qədər artıb və işsizlikdən sığorta ödənişi ilə təmin olunan şəxslərin sayı isə olduqca azdır. O, hökuməti bu məsələyə diqqət etməyə çağırıb.

Deputat Azərbaycanda sosial vəziyyətin acınacaqlı olduğunu, boşanma hallarının artdığını deyib:

“Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Məktəblərdə təhsilin səviyyəsi aşağı düşür. Burada obyektiv səbəblər olsa da, subyektiv səbəblər də var. Bu gün bir sıra yerlərdə mədəniyyət evləri fəaliyyət göstərmir. Sökülən mədəniyyət evlərinin əraziləri ayrı-ayrı şəxslərə sot-sot satılır. Mehriban Əliyevanın həssaslığı olmasaydı, bir çox məmur mədəniyyət evlərinin ərazisinin satışını həyata keçirərdilər. Gənclər evlərinin də, digər mərkəzlərin də boş qalması dövlətə heç bir fayda vermir. Mədəniyyət Nazirliyi ilə birlikdə bu prosesə başlamaq lazımdır. Ölkədə fəaliyyət göstərən 47 olimpiya kompleksi dövlət büdcəsi hesabına tikilsə də, qapıları bağlı qalıb. Cəfər Cabbarlı adına kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardr. Hansı ölkədə belə vəziyyət var?! Post-pandemiya dövründə bu problemlər həllini tapmalıdır. Pilot layihələr iflasa uğrayıb. Bunun çarəsini tapmaq lazımdır”.

Deputat deyib ki, Azərbaycanda ÜDM azalıb və belə vəziyyətdə əhalinin gəlirləri aşağı düşüb: “Ərzaq məhsullarının, tikinti materiallarının və s. qiyməti kəskin artıb”.

Ana səhifəMədəniyyətFazil Mustafa: Kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardır