Fazil Mustafa: İranla bağlı məsələdə neytral qalmalıyıq

Fazil Mustafa
Fazil Mustafa


”İrana qarşı addımların ən böyük zərbəsi Azərbaycana dəyəcək”


Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakı səfərində İranla bağlı sərt bəyanatlar səsləndirdi. Prezident İlham Əliyevlə də bu məsələləri müzakirə etdiyini söyləyən Con Bolton dedi ki, məqsədləri İrana maksimal qaydada təsirlərin tətbiqini həyata keçirməkdir. Onun sözlərinə görə, mövcud sanksiyaları daha da çox genişləndirməyi planlaşdırırlar, yeni sanksiyaların tətbiqi də nəzərdən keçirilir. Məqsəd İrana qarşı sanksiyaların təsirini maksimal artırmaqdır.


Meydan TV cənab Boltonun fikirlərinə deputat Fazil Mustafanın münasibətini öyrənməyə çalışıb:



– Fazil bəy, son iki günün siyasi hadisəsi ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonun Bakı səfəri və keçirdiyi görüşlərdə İranla bağlı səsləndirdiyi fikirlərdir. Bir sıra ekspertlər Vaşinqtonun Bakı qarşısında mövqe qoyması tələbini irəli sürdüyünü deyir. Siz bu barədə necə düşünürsünüz?

– Noyabrdan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları tətbiq olunacaq. Belə bir vəziyyətdə sanksiyaların dəstəklənməsi istiqamətində Amerikanın çalışmaları var. Boltonun Rusiya və Azərbaycan səfəri də bu yöndədir, xüsusilə qonşu ölkələrin məsələdə tutduğu mövqe önəmlidir. Təbii ki, Amerikanın maraqları Azərbaycan tərəfdən müəyyən dərəcədə nəzərə alınmalıdır. Amma Azərbaycanın maraqlarını da unutmaq olmaz. Biz İranla, xüsusilə qonşu ölkə ilə bağlı bu proseslərin içində ehtiyatlı davranmalıyıq. Hər hansı bir şəkildə bu məsələdə fərqli bir yol izləməliyik. Yol izləmək də odur ki, İrana qarşı məsələdə neytral qalmağa çalışmalıyıq. İranla bağlı hər hansı bir koalisiyada, yaxud hərəkətlənmədə, sanksiya məsələlərində iştirak etməyək, öz maraqlarımızı önə çəkək. Təbii ki, böyük dövlətlərin fikirlərini nəzərə almalıyıq. Azərbaycanı hər hansı bir şəkildə İranla münaqişə poliqonuna çevirməyə maraqlı görünməməliyik. Çünki İrana qarşı addımların ən böyük zərbəsi Azərbaycana dəyəcək.



– Ehtimalınız nədir, Azərbaycan qarşısında hansı tələbləri qoya bilərlər?

– Tələb edə bilərlər ki, sanksiyalara Azərbaycan da qoşulsun. Azərbaycan üzərindən İranın hər hansı bir istiqamətli fəəaliyyətinə imkan verilməsin, Bakı Tehranla idxal məsələlərinə ciddi yanaşsın, məhdudiyyətlərdə iştirak etsin. Hətta hərbi əməliyyatlar zamanı Azərbaycanın müəyyən dərəcədə Amerikaya dəstəkverici rolu barədə tələblərin olması da ehtimal edilir. Təbii ki, Azərbaycanın dövlət başçısı qonşularla kifayət qədər normal siyasət yürütməyin tərəfdarı olduğuna görə ölkənin bu proseslərin işinə qatılmasına imkan verməyib. Güman ki, bundan sonra da olmayacaq. Hər halda böyük dövlətlərin müəyyən qədər təzyiqi altında qalmaq da bizim üçün problemlər yaradır. Amma görünür burda çox ağıllı manevrlər edilməlidir ki, Azərbaycan problemlərlə üz-üzə qalmasın.



– Ümumiyyətlə, rəsmi Bakıya açıq şəkildə “mövqeyini qoy” mesajı deyilirmi?

– Əslində, situasiya olduqca mürəkkəbdir. Haqlı, yaxud haqsız olmağımızdan asılı olmayaraq, böyük dövlətlərin iradəsinə qarşı mövqe qoymağın özünün də çətinliyi var. Bu problemlərə sinə gəlmək olduqca çətindir. İndiyə qədər Azərbaycan bunu bacarıb, çox güman ki, bundan sonra da hansısa manevrlərlə bunu bacaracaq.



– Sizcə, rəsmi Bakı tələblərin qarşısına hansı şərtlərini qoymalıdır?

– Burda dövlət siyasətini həyata keçirən insanların əlində olan informasiya və potensial haqqında bilgilər bizdəkindən daha fərqlidir. Mənim problemə yanaşma tərzimlə idarəedicilərin yanaşması eyni olmadığına görə mən hansısa konkret resept söyləyə bilmərəm. Amma düşüncəm odur ki, Azərbaycan bütün hallarda İranla münaqişə zəminində tərəf mövqeyində olmaqdan çəkinməlidir. İrana qarşı addımların iştirakçısı olmaq ən çox birinci zərbəni öz üzərinə götürməkdir. Biz bundan yayınmalıyıq.



– Con Boltonun Bakıya Moskvadan gəlməsi baxımından Rusiya amilini necə qiymətləndirirsiniz?

– Görünür, Moskvada Rusiyanın İrana qarşı tutumunun müzakirələri aparılıb. İndi ABŞ-Rusiya münasibətlərində kifayət qədər gərginlik var. Azərbaycanı bu gərginlik maraqlandırır, amma biz həmin gərginliyin subyekti deyilik. Çünki hər ikisi güclü dövlət olduğundan bərabər məsafədə olmağa çalışırıq, bu mənada bu dövlətlərlə əməkdaşlıq maraqlarımıza uyğundur. Ancaq bəzən seçim qarşısında qalırıqsa, hər halda Azərbaycan maraqlarına uyğun davranmalıyıq. Məsələ ondadır ki, hansı istiqaməti seçmək digər tərəfdən zərbə almaq deməkdir. Bacardıqca bu prosesdə neytral mövqe tutaraq tərəf kimi hədəfə çevrilməməliyik.



– Ümumiyyətlə, bu gedişat balans siyasətini qorumağa imkanlar saxlayırmı?

– Yox, az imkanlar yaradır. Amma yenə də mümkünsüz deyil və biz bacardıqca sona qədər dirənməliyik.



– Nəhayət, İran-Amerika qarşıdurması yaxın illərdə hərbi əməliyyatlara apararmı?

– Düşünmürəm. Çünki İranın bu gün bu formada mövcudluğu ABŞ-ın işinə yaramasaydı, orda inqilab edib bu cür vəziyyəti dəyişməzdilər. Yəni Amerikanın Yaxın Şərqdə müəyyən amillərlə yaxşıca qalması üçün qarşısında İran amilinin olması vacibdir. İran islam dünyasının digər qütbü üçün qorunub saxlanılır. İranın hədəsi olanda İsrailin İrana qarşı dəstəklənməsi baş verir, eyni zamanda, ərəb ölkələrinin silahlanması prosesi gedir. İran olmasa, bunları həyata keçirmək mənasız bir şeyə çevrilir. Ona görə də lazımdır ki, birinci təhlükə adıyla bir şeylər icad edəsən, digərlərini də bu təhlükəyə qarşı müəyyən dərəcədə gücləndirəsən. Bunlar da böyük maliyyədir, silah satışıdır. Sadaladıqlarım düşünülmüş istiqamətlər olduğundan indiyə qədər mövcudluğunu qoruyur.

Ana səhifəVideoFazil Mustafa: İranla bağlı məsələdə neytral qalmalıyıq