Fazil Mustafa: Deputatın məhkəməyə qandalla gətirilməsi yanlış idi

“Bu, bir daha göstərir ki, Azərbaycanda son zərurət halı yox, elə ilkin cəza kimi həbs tətbiq edilir”.

Source: Specify Source


Akif Qurbanov: "Eldəniz Səlimovun hansı vəzifə səlahiyyətlərini aşması şübhəlidir"

“Deputatın məhkəməyə qandalla gətirilməsi yanlış idi. Çünki deputat olmuş şəxsin, yaxud inzibati məsuliyyətə cəlb olunan şəxslərin qandalla məhkəməyə gətirilməsi düzgün deyil. Məsələ ondadır ki, deputat olan şəxs təhlükə törətmirsə, istintaqdan qaçma, yaxud hansısa bir addımı yoxsa, bunu etmək olmaz. Adam İntizam Komissiyasının iclasına qatılıb, təqsirini etiraf edib, üzr istəyib. Bu, o deməkdir ki, Eldəniz Səlimov qaçmağa meylli insan tipi deyil. Belə bir vəziyyətdə mən də ona bu formanın tətbiqini uyğun saymıram. Amma məsuliyyətə cəlb olunması uyğundur, çünki kifayət qədər şikayət və əməliyyat məlumatları var”.

Milli Məclisin üzvü Fazil Mustafa deputat Eldəniz Səlimovun həbs edilməsini Meydan TV-yə şərh edərkən belə deyib.

Fazil Mustafa Eldəniz Səlimovun Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə təqsirləndirilməsini isə belə qiymətləndirib: “Deputat vəzifəli şəxs kateqoriyasına aid deyil və hüquq ədəbiyyatında da bununla bağlı mübahisələr var. Çünki deputatın konkret olaraq kiməsə əmr və sərəncam vermə səlahiyyəti yoxdur. Hətta deputatın köməkçisi dövlət məmuru olsaydı, onda deputatın dövlət məmuru kimi vəzifəli şəxs sayılması düzgün idi, amma köməkçi dövlət məmuru deyil”.

Fazil Mustafa hesab edir ki, deputata fakta görə cinayət işi qaldırılıb və əldə olunan ilkin materiallar parlamentə təqdim edilib: “Konkret şikayət var və şikayəti də təsdiqləyən şahid ifadələri, müəyyən dərəcədə də səs yazısı var. Amma bunlar hələ sübut deyil. Sübutun qiymətləndirilməsinə istintaq baxır. Yəni səs yazısını ekspertizaya göndərəcək, təsdiqlənlənərsə, mötəbər sübut kimi qəbul olunacaq. Amma fakta göndərilən qaldırılan cinayət işində ola bilsin ki, maddələr dəyişdirilə bilər. Gedişatda daha çox xuliqanlıq kimi də tövsif oluna bilər, vəzifəli şəxsin əməli kimi yox. Yaxud qulluq mövqeyini həyata keçirən hakimiyyət təmsilçisinə maneçilik ola bilər, sadəcə, bu işdə situasiya fərqlidir, konkret həmin polisin iş vaxtı baş verməyib. Amma bütün hallarda fakt, qanuna zidd əməl var, ona görə də belə bir prosedur başlandı. İstintaq zamanı bu dəyişə bilər”.

Hüquq müdafiəçisi Akif Qurbanov isə deputatı vəzifəli şəxs sayır, ancaq o, istintaq orqanlarının Eldəniz Səlimova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsi barədə ictimaiyyəti yetərincə məlumatlandırmadıqlarını deyir.

Akif Qurbanovun sözlərinə görə, Eldəniz Səlimovun hansı vəzifə səlahiyyətlərini aşması şübhəlidir: “Deputat hansı funksiyanı icra edirdi ki, bunu aşsın da? Yəni bu, aydın göstərilməlidir. Kiminləsə dalaşıb, məişət zəminində konflikt olubsa, hətta polisin qanuni tələbinə müqavimət göstəribsə, o zaman başqa əsaslar yaranır. Ona görə göstərilən maddənin tətbiqi mənim üçün xeyli qaranlıq qalır. Yəni harada deputat sorğusu keçirib, aidiyyatı qurumlara gedib və ya funksiyasını icra edən zaman başqa əməllər törədib? Varmı belə faktlar? Axı rəsmi məlumatlarda deyilir ki, axşam saatlarında polis öz funksiyasını icra edən zaman deputat ona qarşı gəlib və döyülmə hadisəsi baş verib. Deməli, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə artıq başqa məsələdir. Vəzifə səlahiyyətlərinin aşılması isə tamamilə başqa əsaslara bağlıdır. Ona görə Cinayət Məcəlləsinin 309.2 maddəsi ciddi şəkildə şübhəli görünür”.

Akif Qurbanov bildirib ki, deputat bir neçə halda mandatdan mərhum edilə bilər: “Deputat vəfat etdikdə MSK onun mandatına xitam verir. İkincisi, deputat istefa verdikdə səlahiyyəti bitir. Üçüncüsü, seçilərkən öhdəliklərini icra etmirsə, fəaliyyətinə xitam verilə bilər. Məsələn, aşkar olunsa ki, o, deputat fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğuldur (kommersiya və. s), o zaman fəaliyyətinə xitam verilə bilər. Eyni zamanda, məhkəmə qərarı ilə cinayət törətdiyi təsdiqlənirsə və apelyasiya qaydasıyla birinci instansiya qərarı qüvvəyə minirsə, onun mandatı ləğv edilir. İndiki halda Eldəniz Səlimovun mandatının ləğvi yalnız məhkəmə qərarı ilə mümkün olacaq. İctimai təhlükəliliyi ciddi şübhə doğurmayan deputat haqda vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbsi qərarının verilməsi mənim üçün aydın deyil. Yəni həbs-qətimkan tədbiri seçilməsəydi, o nə edəcəkdi, istintaqdan necə yayına biləcəkdi, istintaq sirrini necə poza biləcəkdi? Ortada ölüm, yaxud ağır cinayət törətməsi ilə bağlı hal yoxdur. Sübutlar o istiqamətdə təqdim edilmirsə, ona qarşı niyə həbs-qətiimkan tədbiri seçilib? Bu, bir daha göstərir ki, Azərbaycanda son zərurət halı yox, elə ilkin cəza kimi həbs tətbiq edilir. Görünür, Eldəniz Səlimovu hakimiyyətdaxili idarəetməyə dair siyasi prinsipləri pozduğu üçün sərt şəkildə cəzalandırır və qoluna qandal vuraraq məhkəməyə gətirirlər. Bu da siyasi mesajdır. Göstərmək istəyirlər ki, guya istintaqdan yayınacaqdı və s”.

Avqustun 3-də Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib və elə həmin gün də o, həbs edilib.

Binəqədi Rayon Məhkəməsində hakim istintaq dövründə onun həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib.

Deputatın barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Səlimov iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.

E.Səlimovun həbs olunmasına baxmayaraq, o, hələ deputat hesab olunur.

Konstitusiyanın 89-cu maddəsinə əsasən, bu cür hallarda E.Səlimov ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.

Ana səhifəSiyasətFazil Mustafa: Deputatın məhkəməyə qandalla gətirilməsi yanlış idi