F63.9 xəstəliyi

– biabırçılığın obyekti olmaq haqqında zəhlətökən fikirlər

Source: meydan tv

Ümumdünya Səhiyyə Təşkilatı sevgini xəstəliklər siyahısına salıb

Bayaqdan ard-arda romantik türk mahnılarına qulaq asıram. Hardasa bir saatdan çox çəkən bu hal məndə qəribə duyğular oyatdı. Təbii şəkildə musiqinin janrı öz sözünü deyir. Eyni hissləri oyatmağı özünə hədəf seçən yanıqlı ifalar, sevgi dolu sözlər, musiqi təranələrinin gözəgörünməz enerjisi insan qəlbini titrətməyə qabildir.

İyul ayı olmasına baxmayaraq hava da çönüb. Hazırda Praqadayam və havanın temperaturu müsbət 16 dərəcədir. Günəşi günboyu görməmişəm. Bakıda isə hazırda 27 dərəcə isti var. Bəlkə də Praqanın dəyişkən havası emosiyalarımın qarışmasına səbəb olub. Buna ona görə qarışıq emosiya adı verdim ki, normalda bu qədər uzun çəkən romantik musiqi aclığı yaşamıram. İndi bəlkə də bu ifadələr də qarışıq emosiyaların yaratdığı əhvaldan dolayı bu sətirlərdə yer almaqdadır. Bilmirəm, təkrar edib boşbağaz adamlar kimi eyni şeyləri dalbadal yazmaq istəmirəm. Nə isə. Əlbəttə aydın məsələdir ki, sevgi özü də qarışıq, dəli-dolu duyğudur və onunla bağlı xatirələr də həmin hissi körükləməyə xidmət edir. Xatirələr musiqinin qanadları ilə havalanır və səni unuda bilmədiyin sevgi çağlarının mənəvi coğrafiyasına yenidən aparır. Bu hal özü də qarışıqdır. Ümumiyyətlə, qarışıq şeylər bəzən bizə çox xoş gəlir. Əlbət ki, oraya məntiqi gətirənə qədər bizə sevgi kimi xoş gələn qarışıqlıqların eyforiyasını yaşayırıq.

Bu günlərdə “Netflix”in istehsal etdiyi “Newness”(‘Yenilik’) filminə baxdım. Dram janrında olan bu kommersiya filmi 21-ci əsrin dinamik münasibətlərindən, sevgi və seksdən bəhs edir. İnternet vasitəsi ilə tanış olan Qabi və Martin bir-birinə tez isinirlər. Qısa vaxtda münasibətlərinə sevgi qatılır. Bir dəfə möhkəm mübahisə və dava-dalaş sonrası tərəflər bir-birinə başqaları ilə xəyanət edirlər. Həmin günün səhəri hər biri etiraf edir ki, başqa adamla yatıblar. Ağlaşma, məyusluqdan sonra onlar barışırlar. Bu hadisədən sonra qərara gəlirlər ki, bir-birlərinə qarşı dürüst olacaq və başqa biri ilə flirt və cinsi yaxınlıq etmək istəyəndə bunu gizlətməyəcəklər. Beləliklə, poliqam münasibətlər başlayır. (Poliqamiya – çoxsaylı münasibətlər və nikah. Bir fərdin iki və daha artıq adamla münasibəti)

Onlar kimdən xoşları gəldisə, hətta bir-birlərinin gözləri önündə həmin adamlarla intim yaxınlıq edir, hərdən threesome, yəni, üç nəfər bir arada sevişirlər. Hətta bu münasibətlərin də içinə xəyanət qurşanır. Onlar illah da nələrisə, daha doğrusu, müəyyən həyəcanları və aktları bir-birindən gizlədirlər. Nə isə, filmdən daha çox yazıb, baxmaq istəyənlərin həvəsini öldürməyim. Film haqqında yazmağıma səbəb ordakı fərdlərin qəribə və mürəkkəb xarakterinə rəğmən bir-birinə qarşı tükənməyən sevgisidir. Təbii ki, nihilist şəkildə gedən bu münasibətlərə böyük çoxluq sevgi deməyə də bilər, ancaq həmin cütlük bütün dəliliklərinə baxmayaraq bir-birindən ayrı qala bilmirdilər. Sevginin tərifinə ehtiyac duymuram. Bu, elə bir hissdir ki, özünə obyekt seçən kimi sahibinin bədənində kimyəvi dəyişikliklər də yaradır. Bəli, xoşbəxtlik hormonlarının artması bu duyğunun baş qaldırması ilə yaranır.

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar eşqə düşməyi, sevgini psixoloji xəstəliklər sırasına da daxil edib. Rəsmi təsnifata görə aşiq olmaq “müəyyən edilməyən vərdişlər, ruhi narahatlıqlar” doğurur. Hətta bu “xəstəliyə” ad da verilib – “F63.9”

Bəh-bəh ada bax e. Yaxşı ki, F69 deyil.Təsəvvür eləyin, dost-tanışdan kimisə görürsən, bir az hal-əhval tutursan, ardınca həmin kəsdən ortaq tanışınızın necə olduğunu soruşursan, o da kədərli halda qayıdır ki, “soruşma e, o yazığ da “F63.9” olub, ya da F63.9-a yoluxub. Xəstəlik yox, sanki qırıcı təyyarə adıdır. Ancaq gəlin etiraf edək ki, sevgi bəzən qırıcı təyyarədən də təhlükəli hallar yarada bilir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı sevgini xəstəliklər siyahısına salıb və bu xəstəlik siyahıda alkoqolizm, narkomaniya, kleptomaniya, piromaniyadan sonra yer alıb.

Sağ olsunlar, simptomları da qeyd ediblələr:

– biabırçılığın obyekti olmaq haqqında zəhlətökən fikirlər

– əhval-ruhiyyənin kəskin dəyişməsi

– özünə dəyər vermənin aşağı düşməsi

– özünə yazığı gəlmək – yuxu pozğunluğu

– səpgi və impulsiv hərəkətlər (təsirlər)

– arterial təzyiqdə fərqlər

– baş ağrıları

– allergik reaksiyalar

– özünü saxlama sindromu: “mən bilirəm ki, o məni sevir, amma susur”.

Bu halların kəskin artması insanı qırıcı təyyarə kimi qırıcı və dağıdıcı edə bilər. Əlbəttə, bu hal daha çox qeyri-adekvat adamlarda rast gəlinən hallardandır. Ümumdünya Səhiyyə Təşkilatı da antidepressantların satışını çoxaldıb, daha çox kommersiya əldə etmək üçün sevgi kimi gözəl hissi xəstəliklər siyahısına daxil edir.

Bu duyğu o vaxt xəstəlik səviyyəsinə çatır və insanları o vaxt incidir ki, bu duyğunun yanına məntiqi qatmırsan. Bəli, bilirəm ziddiyyətlidir, ancaq bunsuz münasibət keyfiyyətli və uzunömürlü olmur. Bilirəm sözdə çox sadə səslənir, ancaq mümkünsüz də deyil. Hər kəsə harmonik və keyfiyyətli “F63.9” arzulayıram.

Ana səhifəXəbərlərF63.9 xəstəliyi