Əziz Orucovun şikayəti təmin edilməyib

Bugünkü proses məhkəmələrin çox acınacaqlı durumda olduğunu bir daha təsdiqlədi

Source:


“Bugünkü proses məhkəmələrin çox acınacaqlı durumda olduğunu bir daha təsdiqlədi”

Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun şərti azadlığının aradan qaldırılması ilə bağlı iddiasına baxıb.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən məhkəmədə iddia təmin olunmayıb.

Bu barədə Meydan TV-ni məlumatlandıran Əziz Orucov bildirib ki, dövlət ittihamçısı Malışov onun islah olunmadığını və tərbiyələnmədiyini əsas gətirib:

“Görünür, dövlət ittihamçıları yeni termin kəşf ediblər və məhkəmələr bataqlığın içində olduğundan bu cür ifadələrdən istifadə edirlər. Bugünkü proses məhkəmələrin çox acınacaqlı durumda olduğunu bir daha təsdiqlədi”.

Əziz Orucov şərti azadlığının götürülməsi barədə müraciətinin məhz ölkədən çıxışına qoyulan qadağa ilə bağlı olduğunu deyib:

“Mən ASAN Xidmətə müraciət etsəm də, ümumvətəndaş pasportunun verilməsindən imtina cavabı aldım. İddia edirlər ki, pasport verilsə, ölkədən gedəcəm, çox absurddur. Bu, birbaşa konstitusion hüquqlarımın pozulmasıdır, çünki mən vətəndaşlıqdan çıxarılmamışam”.

Əziz Orucov apelyasiya şikayəti verəcəyini, təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.


Ə.Orucov

2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb. İcraçı direktor CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 6 il azadlıqdan məhrum edilib.

O, ötən ilin 5 aprelində Ali Məhkəmənin qərarı ilə azad olunub.

Ana səhifəSiyasətƏziz Orucovun şikayəti təmin edilməyib