Əziz Əliyev küçəsinin sakinləri: ”Kanalizasiyanı özümüz çəkdik, suyu da siz çəkin”

Masazırdakı bir məhəllənin sakinləri hökumətdən həm su, həm də yol tələb edir

Source:


Masazırdakı bir məhəllənin sakinləri hökumətdən həm su, həm də yol tələb edir

“Məsələn, mən ayda iki dəfə su alıram. Hər dəfəsində 35 manat ödəyirəm. Bu da edir ayda 70 manat… Mənim ailəm bir özümdən, bir də həyat yoldaşımdan ibarətdir. Burda böyük ailələr var, hansı ki, suya bizdən 2-3 dəfə çox tələbatları var, suya xərcləri də bizdən qat-qat çox çıxır”.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əziz Əliyev küçəsinin sakinləri Meydan TV-yə susuzluqdan və məhəllə yollarından şikayət edib. Sakinlərin iddiasına görə, dövlət 15 ildən çoxdur mövcud olan bu məhəllələrə diqqət yetirmir. Nəticədə 65 ailə əziyyət çəkir. Sakin Soltan Məmmədov deyir, hər ay aldığı pensiyanın üstünü də düzəldib su maşınına verir.

Pensiyamın yarısı su puluna gedir

“Elə bil dövlət mənə pensiyanı elə supulu ödəmək üçün verir. Mənim başqa dərdim, azarım yoxdur məgər? Aldığımı su maşınına verirəm. May ayından “Azərsu”ya 65 nəfərin imzası ilə ərizə göndərilib. Dəfələrlə xəbərdarlıq etmişik ki, su çəkilməsə yolları bağlayacağıq. Prezident Administrasiyasına da yazmışıq. Noyabrın 30-da növbəti dəfə müraciət etmişik. Başımızı aldadan məktublar göndərirlər bizə… Bu gün olacaq, sabah olacaq… Ancaq heç nə də olmur”, – Soltan Məmmədov deyir.

Kanalizasiya sistemini özümüz qurduq

Soltan Məmmədov deyir, bundan əvvəl sakinlər ərazidə kanalizasiya sisteminin qurulmasını tələb edib. Ancaq hökumətdən səs çıxmayanda özləri bu məsələni həll etmək məcburiyyətində qalıblar:

“Hökumət düşünmədi ki, 65 ailənin tualetinin çirkabı hara axmalıdır? Anbarlar qazmışdıq, dolub daşırdı, nəcisin iyi aləmi basırdı. Məcbur qalıb özümüz kanalizasiya xətlərini çəkməli olduq. Buna görə 1 il əvvəl hər ailədən 700 manat toplandı. Xətlər çəkiləndə yollar qazıldı, dağıldı, bir hökumət adamı gəlib demədi ki, siz burda nə edirsiz? Biri damının şiferini dəyişmək istəyəndə 5-6 idarədən tökülüşüb gəlirlər, deyirlər, “olmaz”. Ancaq biri gəlib demədi ki, siz bu yolları niyə qazıb tökürsüz? Çünki vətəndaş onların görməli olduğu işi görürdü. Pul ayrılır, məmur qoyur cibinə, vətəndaş da yeməyindən, suyundan kəsib öz puluyla kanalizasiya sistemi qurur burda…”

Sakinlər özləri kanalizasiya xətlərini çəkərkən onsuz da bərbad vəziyyətdə olan yollar daha da keçilməz olub. İndi tələb edirlər ki, heç olmasa yolu dövlət düzəltsin. Sakin İlhamə Cümşüdova:

“Yolu da bir neçə il əvvəl özümüz çəkmişdik, kanalizasiya problemini həll edəndə yenə pis günə qaldı. Bu yolu, kanalizasiyanı vətəndaş özü çəkəcəksə, o layihələrlə kimin gözünə kül üfürürlər? Hökumətə deyən lazımdır, ay hökumət, sənin işini mən görürəmsə, nəyimə lazımsan? Yollar elə vəziyyətdədir ki, ayağımızı “klyonka”ya bürüyüb çıxırıq Bakı-Sumqayıt yoluna, orda ayağımızdan açırıq. Bizim məhəllə həmin mərkəzi yola yaxındır”.

Zibil qutuları 1,5 kilometr aralıdadır

İlhamə xanım əraziyə zibildaşıyan maşınların gəlməməsindən də gileylidir. Deyir, burada yaşayanlar zibili 1,5 kilometr aralıdakı zibil qutularına atmalıdılar:

“Zibil qutuları yoxdur. Burda zibil tullamaq məsələsi hər kəsin vicdanına buraxılıb. Kimin vicdanı varsa, əlində zibil torbası, 1,5 kilometr yol gedib zibili tullamalıdır. Vicdanı olmayanlarsa fürsət tapıb əllərindəki zibil torbalarını bir-birlərinin qapısına atıb, aradan çıxacaq. Bu vəziyyəti yaradansa icra hakimiyyəti ilə bələdiyyədir.

Yəhya Babayevsə zibilləri təqaüdü hesabına daşıtdırır:

“Yayda pensiyamı alıb hər həftə zibil maşını çağırtdırıram, keçənin tininə tökülən zibilləri təmizlədirəm ki, vəhşi itlər toplaşmasın, milçək, ağcaqanad evimə doluşmasın, xəstəlik yayılmasın. 65 ailənin yaşadığı bu boyda küçələrdə bir zibil qutusu qoyulmayıb. İcra hakimiyyəti, ya bələdiyyə gətirsin küçələrə qutular qoysun ki, adamlar da zibili hara gəldi atmasın. Yayda burda yoluxucu xəstəliyin yayılması ehtimalı çox olur”.



1 ildir su xətti çəkilib, ancaq su yoxdur

Eyni problemlər qonşuluqdakı Sarı Aşıq küçəsində də mövcuddur. Küçə sakini Natəvan Həmidova deyir, 1 ilə yaxındır ki, həmin küçəyə su xətləri çəkilib. Ancaq küçənin sakinləri suyu yenə pulla alırlar:

“Sarı Aşıq küçəsinin sakini kimi suyu maşından pulla alıram. Heç nə dəyişməyib. Boş yerə yolları qazıb tökdülər. Adamların işini daha da çətinləşdirdilər. Məktəbə, bağçaya uşaq yola salmaq olmur, evə palçıq içində qayıdırlar”.

Abşeron Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti dəfələrlə həm sakinlərə, həm də bu quruma məktub göndərib. Həmin məktubda diqqətə çatdırılıb ki, “Azərsu”yun sifarişiylə Abşeron yarımadasının yaşayış məntəqələrinin, həmçinin Masazır qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Cəmiyyətin tədbirlər planına uyğun olaraq, layihənin ilkin mərhələsində Masazırın bir hissəsində ərazinin su təchizatı sisteminin yaradılması üçün su kəmərləri inşa olunub.

Layihənin növbəti mərhələsində qəsəbənin digər yaşayış sahələrində, həmçinin Əziz Əliyev küçəsində də də paylayıcı su kəmərlərinin tikintisi işləri həyata keçiriləcək.

İcra hakimiyyətindən bildirilib ki, yolların təmiri də su və kanalizasiya xətlərinin çəkilişləri başa çatdıqdan sonra baş tutacaq. Zibil qutularına gəlincə, qurum yerli bələdiyyəyə bu məsələni araşdırıb həll etməsi üçün müraciət edəcək.

Ana səhifəXəbərlərƏziz Əliyev küçəsinin sakinləri: ”Kanalizasiyanı özümüz çəkdik, suyu da siz çəkin”