“Eyni ünvanda dördüncü oğurluqdur, polis oğrunu axtarmır”

Gəncə şəhər Polis İdarəsində isə Kamil Qasımovun ərizəsi və izahatı alınıb.

Source: Specify Source


Gəncə sakini polisin hərəkətsizliyindən şikayətçidir

“Polisə müraciət edirsən ki, evimi oğurlayıblar. Deyir, zərər azdır, xırda hadisədir, cinayət işi başlanması üçün kifayət deyil. Sonra ikinci, üçüncü oğurluq olur, polis yenə baş qoşmur, ciddiyə almır, sonra dördüncü oğurluq baş verir…”

Gəncə şəhəri, Kəpəz rayon sakini Kamil Qasımovun Azərbaycan küçəsi 97a ünvanında yeni tikdirdiyi və hələ içərisinə yığışa bilmədiyi evindən dördüncü dəfədir ki, oğurluq olur. O, Meydan TV-yə danışır ki, əvvəlki oğurluq faktlarıyla bağlı polisə etdiyi müraciətlərin cavabsız qalmasının nəticəsidir ki, bu dəfə oğru ona 1000 manata yaxın zərər vurub.


“Oğru cəzasız qalır, oğurluq artır”

“Martın 23-də evimdə dördüncü dəfə oğurluq olub. Bundan bir həftə əvvəl də olmuşdu. Həyətimdən ağaclar oğurlanmışdı. Ondan əvvəl iki dəfə oğurluq olub. Hər dəfəsində polis dəymiş zərərin az olduğunu bildirərək cinayət işi başlamayıb. Bu da nəticəsi… Əməllərinin cəzasız qaldığını görən oğru evimin bütün elektrik kabellərini kəsib aparmaqla mənə 1000 manata yaxın zərər vurub”, – şikayətçi deyir.

Kamil Qasımovun sözlərinə görə, sonuncu oğurluq faktıyla bağlı yenə DİN 102 Xidmətinə məlumat verib. Kəpəz rayon Polis Şöbəsindən hadisə baş verən ünvana 20-dən çox polis gəlib.

img_6236.jpg
“Martın 23-də evimdə dördüncü dəfə oğurluq olub”.


“Gəldilər, şəkil çəkib, getdilər”

“Eləcə baxış keçirib, şəkillər çəkib, getdilər. Onlara bildirdim ki, mən evə gələndə küçə qapısı içəridən bağlı idi, hasardan aşıb içəridən qapının arxasına taxta parçası qoyulduğunu görmüşəm, o taxta parçasının üzərində oğrunun əl izləri ola bilər. Nə əşyalardan, nə qapıdan heç bir iz götürülmədi. Bildirdilər ki, ehtiyac olsa, gəlib götürəcəklər. Hadisədən 4 gün keçir, hələ də xəbər yoxdur. Şübhələndiyim şəxslərlə bağlı məlumat verirəm, araşdırmırlar. Əl izləri götürmürlər. Həyətimdə iki it saxlayıram, oğrular iti də döyüb ölümcül hala salıblar. Dövlət vətəndaşın həyatının, təhlükəsizliyinin qarantıdır. Əgər vətəndaşın evinə dəfələrlə oğurluğa girirlərsə, polis bunu araşdırmırsa, cinayətkarı tutub cəzalandırmırsa, sabah o vətəndaş o evin içində azyaşlı övladlarıyla necə rahat yaşaya bilər?”

Kəpəz Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, elə həmin gün – martın 23-də vətəndaşın müraciətindən dərhal sonra şöbənin polis əməkdaşları hadisə yerində olub. Gəncə şəhər Polis İdarəsində isə Kamil Qasımovun ərizəsi və izahatı alınıb. Faktla bağlı araşdırmalar aparılır.

Ana səhifəBölgə“Eyni ünvanda dördüncü oğurluqdur, polis oğrunu axtarmır”