Kifayət Kazımova: Hər axşam artezian qurğularını dayandırmaq üçün kəndin işıqlarını 2-3 dəqiqəlik söndürürlər.

Mənbə: Foto: Meydan tv

Başlıq: Kifayət Kazımova: Hər axşam artezian qurğularını dayandırmaq üçün kəndin işıqlarını 2-3 dəqiqəlik söndürürlər.

Evində döyülən 72 yaşlı qadın: 5 aydır ki, qorxudan gözümə yuxu getmir

Samux sakini onu döyən şəxsin tapılaraq cəzalandırılmasını tələb edir

“Gecələri səhərə qədər gözümü qapı-pəncərələrə, evin künclərinə zilləyirəm, yata bilmirəm. Elə bilirəm bu dəqiqə kimsə haradansa üstümə cumacaq, yenə məni yerə yıxıb böyrəklərimi, qabırğalarımı təpikləyəcək. Tez-tez polis şöbəsinə gedirəm, deyirəm, evimə girib məni döyəni tapın, düşmənimi tanıyım, arxayın olum ki, cəzasını alıb getdi, ömrümün son vaxtlarını heç olmasa rahat nəfəs alıb yaşayım”.

Samux rayonunun Cırdaxan kənd sakini, 72 yaşlı Kifayət Kazımova Meydan TV-yə danışır ki, bu il mayın 1-dən 2-nə keçən gecə yaşadığı evə girən naməlum şəxs onu amansızcasına, huşunu itirənədək döyüb. Polis məsələdən xəbər tutsa da, 5-ci aydır ki, hadisəni törədəni ya axtarmır, ya da axtarır, tapa bilmir. Nəticədə isə Kifayət xanım hadisənin təkrarlanacağı qorxusu ilə yaşayır.

“Böyrəklərimə, qabırğalarıma möhkəm təpiklər vururdu”

“Hər axşam artezian qurğularını dayandırmaq üçün kəndin işıqlarını 2-3 dəqiqəlik söndürürlər. Həmin gecə də belə oldu. Saat 12 olardı, işıqlar söndü, gözlədim, 2-3 dəqiqə keçsə də, yanmadı. Durub həyətdəki anbarın qapısını bağladım, evə qayıdıb qapını arxadan kilidləmək istəyəndə qaranlığın içindən kimsə üstümə atılıb xirtdəyimdən yapışdı. Boğmağa çalışanda qışqırıb köməyə adam çağırdım, xirtdəyimi buraxıb əlləriylə möhkəm ağzımı sıxdı, protez dişlərim sınıb damaqlarıma girdi, ağzımı qan apardı. Müvazinətimi saxlaya bilmədim, yerə yıxıldım, yenə əl çəkmədi, böyrəklərimə, qabırğalarıma möhkəm təpiklər vurdu. Çaydanı götürdü, baxdı ki, suyu soyuqdur, qaytarıb yerinə qoydu, suyu qaynar olsaydı, yəqin ki, başıma tökəcəkdi”, - Kifayət Kazımova danışır.

“Qorxu içində yaşayıram”

Kifayət xanım özü də başına gələnlərə məəttəl qalıb:

“Kim idi, niyə belə elədi, məqsədi nə idi, bilmədim. Heç kəslə düşmənçiliyim yoxdur, heç bir qonşuya sıx-sıx getmirəm, kənddə xeyir-şər işlərinə gedib-gəlirəm, hamıyla hörmətlə davranıram, kənddə bir adam deyə bilməz ki, ona hansısa pisliyim dəyib. Övladlarım Rusiyada yaşayır, mən kəndimi, ev-eşiyimi qoyub gedə bilmirəm, kəndim üçün darıxıram deyə, razıyam ki, tək yaşayım, ancaq bu yaşımda öz evimdən kənara getməyim. İndi qorxu içində yaşayıram. Səbəb də odur ki, evimə soxulub, məni huşumu itirənədək döyən kimdirsə, ortalıqda sərbəst gəzir, sabah cəzasızlıqdan istifadə edib bir də evimə girə bilər, lap öldürə də bilər. Polis isə beşinci aydır ki, məni yola verməklə məşğuldur. Kənddə bir qrup vardı, evlərə girib, adamları döyüb, evi soyurdular. Həmin qrup tutuldu, ancaq dedilər ki, filan, filan evlərə girmişik, bu xalanın evi bizlik deyil”.

"Polis isə beşinci aydır ki, məni yola verməklə məşğuldur"

"Polis isə beşinci aydır ki, məni yola verməklə məşğuldur"

Mənbə: Foto: Meydan tv

Polis araşdırmaları davam etdirir

Kifayət xanım deyir, iş orasındadır ki, gecə vaxtı evinə girib onu döyən şəxs heç nə aparmayıb. Eləcə, döyüb, gedib. Kifayət xanım polisin göndərişiylə ekspertizadan keçib, qabırğalarında çatlar, daxili orqanlarının əzilməsi, bədənində xəsarətlər, izlər aşkar edilib. 72 yaşlı qadın uzun müddət müalicə olunub.

Samux Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Kifayət xanımın şikayət ərizəsi əsasında başlanmış araşdırmalar davam etdirilir. Kifayət xanım bir neçə dəfə şöbəyə dəvət edilib, bütün şübhələr ətrafında zərərçəkmiş kimi dindirilib. Ancaq hələlik nəticə yoxdur. O da bildirilib ki, Kifayət xanım həyatına təhlükə hiss edərsə, qanun çərçivəsində müraciət etsə, araşdırma aparılar, ehtiyac olduğu təqdirdə polis vətəndaşın təhlükəsizliyini təmin edər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3mql9q

Ən çox baxılan