Evi olan şəxslər sosial evləri alıb kirayə verirlər?

“Sosial evlər kommersiya obyektinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir”

Foto: Meydan TV


“Sosial evlər kommersiya obyektinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir”

“Əmlak satışı və kirayəsi ilə məşğul olan səhifələrdə sosial evlərin kirayə verilməsi halları artıb. Belə çıxır ki, bu evləri güzəştli şərtlərlə alanlar onu kirayə verməklə qazanc əldə etməyə çalışır”.

Bunu iqtisadçı Vüqar Bayramov yazıb. O bildirib ki, rəhbərlik etdiyi təşkilata (Centre for Economic and Social Development (CESD)) son günlər bununla bağlı müraciətlər çox olur:

“Belə çıxır ki, çoxlarının evsiz olduğu halda ala bilmədiyi sosial evlər kommersiya obyektinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz”.

İqtisadçı yazıb ki, sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb, əlavə qazanc əldə etməyə çalışırlar:

“Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması arzuolunan deyil. Buna yol vermək olmaz”.

Vüqar Bayramov qeyd edib ki, belə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır:

“Evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir. Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır”.

Vüqar Bayramov yazıb ki, ikinci bir tərəfdən isə qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istifadəyə nəzarət hüququ verilməlidir:

“İddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabına inşa edilir və evlərə sahiblik, sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar. Bütün bunlar isə gələcəkdə sosial evləri kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər”.

Ana səhifəXəbərlərEvi olan şəxslər sosial evləri alıb kirayə verirlər?