Evi dağılmış ailə fermaya sığınıb

Güclü dolu və yağış köçkünün evini dağıdıb, ailə hökumətdən kömək istəyir

Source:
Xatirə Behbudova
Xatirə Behbudova


Güclü dolu və yağış köçkünün evini dağıdıb, ailə hökumətdən kömək istəyir

“Zərər çəkməyən evlərə də tikinti materialı verildi, ev sahibləri satdılar. Bir neçə ev də vardı ki, eləcə, örtüyü yüngülvari zədələnmişdi, həmin evlərə təzə şiferlər vuruldu. Bircə bizim ev bu vəziyyətdə qaldı. Köçkünük, imkansızıq, aylardır bu dağıntıların içində yaşayırıq”.

Bir neçə ay əvvəl Ağstafanın Aşağı Kəsəmən kəndinə yağan güclü dolu və yağış Ağdam köçkünü Xatirə Behbudovanın evini dağıdıb. O gün – bu gün, böyük bir ailə yaxınlıqdakı fermaya sığınıb.

Gəldim, gördüm evim alt-üst olub

Xatirə xanım deyir, həmin günlər xəstəxanada olub. Kəndə dönəndə gördüyü mənzərədən dəhşətə gəlib:

“Bakıda gözümdən əməliyyat olunub gəldim ki, evim alt-üst olub. Ailəmizin pal-paltarına qədər hər şey dağıntı altında qalıb. Nə edəcəyimizi bilmirdik. Bircə ağlımıza gələn bu oldu ki, yaxınlığımızda bir ferma var, onun bir tərəfinə yığışaq, hələlik orda daldalanaq, sonra görək başımıza nə gəlir. Həmin vaxtdan orada yaşayırıq. Hökumət evimizi tikmir, tikinti materialı vermir”.

Xatirə xanım deyir, köçkün düşəndən sonra ailə müxtəlif yerləri özünə müvəqqəti sığınacaq edib. Nəhayət, 10 il əvvəl Aşağı Kəsəməndə yarımçıq tikilini alaraq ev halına salıb və içərisində yaşamağa başlayıb:

Bu dağıntıya biri əsgərlikdən qayıdacaq, biri əsgər gedəcək…

“Mənəm, xəstə yoldaşımdır, övladlarımdır, nəvələrimdir… Hamımız o evdə yaşayırdıq. Bir oğlum hərbi xidmətdədir. Bu yaxınlarda ikinci oğlum da hərbi xidmətə yollanacaq. Bu dağıntıdan əsgər yola salırıq, əsgər qarşılayırıq… Dolanışığımız yoxdur, onun-bunun sahəsində günəmuzd qəpik-quruşa işləyirik, qazandığımız çörəyə, suya çatır, bir daşı daş üstə qoymaq imkanımız yoxdur. Baxırıq ki, evi salamat olan da gedib bir az puldan basıb icradan təmir adıyla şifer, taxta alır, aparıb satır, bizə çatandasa deyirlər, imkan yoxdur. Səbəb də odur ki, biz pul vermirik, icranı “görmürük”. Gedirik, kənd icra nümayəndəsi deyir: “Mənlik deyil, məndə şifer, daş, taxta yoxdur”. Gedirik rayon icra hakimiyyətinə, günlərlə gedib-gəlirik, deyirlər: “Get, icra nümayəndəliyi ilə danış, sənin işin buralıq deyil”. Qalmışıq ortada…”

Behbudovlar ailəsi dağıntılar arasından nə geyim, nə də ev əşyalarını çıxara biliblər. Xatirə xanım deyir, növbəti dəfə müayinə üçün Bakıya getməlidir, ancaq yola çıxmaq üçün geyimi yoxdur.

Deyirlər, burda yaşamaq təhlükəlidir, amma..

Təbii fəlakətdən dağılmış evə bir neçə dəfə baxış keçirilib, ev qəzalı tikili kimi qeydiyyata alınıb, ailəyə burada yaşamağın həyat üçün təhlükəli olduğu da bildirilib və xəbərdarlıq olunub ki, tikilinin qalan hissəsi də hər an dağıla bilər. Ancaq hökumət nümayəndələri elə xəbərdarlıq etməklə kifayətləniblər. Dağıntı aradan qaldırılmayıb, ailəyə evi təmir-bərpa etmək üçün vəsait, tikinti materialı ayrılmayıb.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, son bir ildə rayona və kəndlərinə bir neçə dəfə güclü yağış və dolu düşüb. Zərər çəkmiş kəndlər arasında Aşağı Kəsəmən də olub. Kənddəki zərər çəkmiş tikililər və təsərrüfatlar siyahıya alınıb və zərərlər aradan qaldırılıb:

“Vətəndaşın bizim qurumla bağlı iddiaları əsassızdır, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əsasən rayonlardakı fövqəladə hallar komissiyaları məşğul olur. Bizim qurum tikinti materialı paylamır, bununla məşğul olan komissiya var. Yaxınlaşsınlar, müraciət eləsinlər, bir də baxış keçirilsin, tədbir görülsün. Bəlkə elə vətəndaş özü də verilən tikinti materialını satıb, belə də olur çünki…”.

Qurumdan bildirilib ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılmalı, yalnız bundan sonra qərar verilməlidir.

Ana səhifəBölgəEvi dağılmış ailə fermaya sığınıb