İlkin Rüstəmzadə

Mənbə: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Ev tikən sülhməramlı işğalçı

Bu qədər münaqişəyə cəlb olunan Rusiyanın qazandığı nədir axı?

Rusiya Xankəndidə ermənilər üçün nəzərdə tutulan 8 min evin tikintisinə başlayıb.

Dəhşətli şəkildə tarix təkrarlanır. Rusiya, əsgərinin çəkməsinin dəydiyi hər yerdə yaratdığı cəhənnəmi Dağlıq Qarabağda da yaratmaq üçün bundan sonra da hər şeyi edəcək. Heç kimin şübhəsi olmasın.

Sizə maraqlı deyilmi, özü daxildə iqtisadi böhranla əlləşən, dünyanın ən böyük ərazisinə sahib olsa da, ÜDM-i (Ümumi Daxili Məhsul) Tokio şəhərinin ÜDM-dən az olan Rusiya, niyə ermənilər üçün bu qədər xərc çəkir? Eləcə də heç də az xərcli olmayan DQ-da sülhməramlı ordu saxlamaq işinə girir?

Üstəlik, Rusiyanın DQ-da yerləşdirdiyi ordu sülhməramlı anlayışına tamamilə ziddir. Çünki sülhməramlı ordu üçün həddindən artıq ağır silahlarla silahlanıblar. İkincisi, Rüstəm Muradov, Rusiya qəhrəmanı mükafatı almış, hərbi dairə komandanının müavini olan general-leytenantdır. Rusiya hərbi nizamnaməsinə əsasən, Muradov hərbi xidmətdə "çp" etmədiyi müddətcə, rəhbərlik etdiyi hərbi qulluqçuların sayı 20 min nəfərdən az ola bilməz. Muradov isə ləkəsiz hərbi karyeraya sahib olan, Rusiyanın gözdə generallarından biridir.

Sizcə, Rusiya Suriya müharibəsində böyük uğurlar qazanan yüksəkrütbəli generalını 1900 sülhməramlıya komandan təyin edəcək qədər axmaq dövlətdir?

Şəxsən məndə zərrə qədər də şübhə yoxdur ki, Rusiya DQ-da fakitiki olaraq böyük hərbi baza yaradır. Artıq bəzi müstəqil insan haqları mənbələrinin hələlik publik olmayan məlumatlarına görə, "sülhməramlı"-ların sayı artmaqdadır.

Hərbi baza saxlamaq isə əməlli-başlı xərcli işdir. Sülhməramlı ordu saxlamaqla müqayisədə qat-qat böyük xərcdir.

Elə isə sual yaranır: niyə?

Bu yerdə dahi polyak mütəfəkkiri və eks diplomat Çeslav Miloşun yazdıqları yadıma düşür.

Miloş, özünün "Kölə edilmiş ağıl" əsərində yazırdı ki, Varşava uğrunda döyüşə başlayan polşalı azadlıq döyüşçülərinə İngiltərəyə söz verdiyi dəstəyi verməyən, Visla çayının sahilində dayanıb onların almanlar tərəfindən qətl edilməsini seyr edən sovetlər müdaxilə etməməklə, gələcək kommunizm quruculuğunda onlara maneə ola biləcək Polşanın qaymaqlarının təmizlənməsinə şərait yaradırlar.

Ardınca, Polşanı azad etmək adıyla faktiki olaraq işğal edərək, Polşadan qopardığı torpaqları Almaniyanın 3 nəhəng əyaləti ilə kompensasiya edib, ölkəni faktiki olaraq 400 kilometr qərbə sürüşdürərək, burada da özlərindəki kimi yararsız kommunist rejim qururlar.

Müharibədən əvvəl, daxilindəki diktatura və digər ciddi problemlərə baxmayaraq, mədəni, siyasi və iqtisadi cəhətdən sovetlərdən qat-qat üstün vəziyyətdə olan Polşa, kommunizm quruculuğu ilə faktiki olaraq SSRİ-nin kobud və kiçik kopyasına çevrilir.

Miloşun yazdıqlarında, ən maraqlı detallardan biri budur ki, müharibədən 35 milyon insan itkisi və böyük dağıntı ilə çıxan, ABŞ-ın təklif etdiyi "Marşal" planından və iqtisadi yardımlardan siyasi səbəblərlə imtina edən, öz daxilində yenidənqurma üçün çox ciddi vəsait və resurs qıtlığı yaşayan sovetlər, işğal etdikləri və kommunizm quruculuğuna başladıqları Polşada (eləcə də Çexoslovakiya, Macarıstan və Ruminiyada)səxavətli davranmış, yenidənqurmaya çox böyük vəsait ayırmışdı. Miloş haqlı şəkildə sual edirdi ki, öz əhalisi yeməyə adi çörəyi çətinliklə tapan, alman işğalına məruz qalmış iqtisadi və sənaye mərkəzləri darmadağın vəziyyətdə olan, sənayesini Uralın şərqinə köçürtsə də qərbdəki önəmli əraziləri düzlüyə çevrilmiş Sovet İttifaqının daxildəki problemlərinin həllinə yönəlməsi, daha məntiqli olmazdımı?

Və əlavə edir ki, normal, məntiqlə idarə olunan, vətəndaşını heç olmasa azacıq düşünən dövlət belə edərdi, amma, bu, Rusiyaya aid deyil.

SSRİ-ni "qırmızı Rusiya" adlandıran və kommunizm ideologiyasının bu ölkənin xarici, böyük ölçüdə heç daxili siyasətinə də təsir etmədiyini yazan Miloş, haqlı olaraq sual edir ki, Polşanın daxilində özünə dost və müttəfiq, lakin daxili quruluşuna qarışmadığı bir sistemin olması, Sovet Rusiyasının öz maraqlarına da uyğun olmazdımı?

Üstündən illər keçəndən, SSRİ dağılandan sonra, eyni tezisi, sovet KQB-sinin monstrlarından olan akademik Arbatov da təkrarlamışdı və qeyd etmişdi ki, əgər SSRİ bütün dövlətlərlə Finlandiya ilə qurduğuna bənzər münasibətlər qurmağı bacarsaydı, yəqin ki fərqli bir dünyada yaşayardıq və SSRİ də bu dünyanın bir parçası kimi yaşamağa davam edərdi.

Eləcə də əlavə etmişdi ki, Rusiya dəyişmir:

"Biz nə düzəltməyə çalışsaq da, sonda kalaşnikov alınır... Bizim xarici siyasətimiz "başı daşa vurmaq" siyasətidir. Başı daşa vurursan, o vaxta kimi ki, o axırda dözməyib paralanır…".

Soyuq müharibənin faktiki yaradıcısı, amerikalı diplomat Corc Kennan da özünün məşhur teleqramının ardından çap etdirdiyi "X artikl" kitabında yazırdı ki, Çar və Sovet xarici siyasəti, demək olar ki, bütün konturları üzrə eynidir: bütün sərhədləri boyunca genişlənmə və bir sürü münaqişəyə cəlb olunma.

Mən də əlavə edim ki, elə müasir Rusiya da eyni siyasəti davam etdirir: işğal et və bir sürü münaqişəyə daxil ol.

Bununla isə heç bir güclü dövlət fəxr edə bilməz. Daxildə islahatlar və inkişaf yolunu seçmək əvəzinə, Rusiya ağ və qırmızı çarlar dönəmində, eləcə də müasir dövrdə ancaq genişlənmə və işğal siyasəti həyata keçirir.

Bunun isə məntiqi sxemi çox sadədir. Sən bir münaqişəyə qoşulursan, qoşulduğun hər yeni münaqişə dünyanın sənə qarşı reaksiyasına səbəb olur və cavab həmlələri gətirir. Bu da təhlükəsizliklə bağlı narahatlığı və yeni münaqişələrə cəlbolunma ehtimalını artırır. Sən hər yeni hərbi eskalasiya ilə təhlükəsizlik hissini bir az da itirirsən və artıq davamlı münaqişələrə cəlb olunursan.

Rusiyanın, hətta sərhədlərindən uzaqda, heç nəyinə gərək olmayan regionlarda belə, sırf geosiyasi qarşıdurmanın bir raundu olaraq gördüyü üçün böyük xərclər gətirən hərbi kampaniyalara başlaması, 200 ildir ki, davam edir. Və dəyişməz reallıq budur ki, Rusiya ayağını basdığı yerdən yalnız qarşısında real güc gördükdə çəkilir.

Öz təhlükəsizliyini, qonşuları ilə sülhpərvər münasibətlər qurmaqla təmin etmək əvəzinə, bütün periferiyası boyunca yerləşən dövlətlər üçün münaqişələr düzüb qoşmaq və ya onlarda başlamış münaqişələri qızışdırmaq yolunu seçən Rusiyanın, xarici siyasəti qarşılıqlı çöküşdür. Rusiya hər yeni münaqişə ilə təkcə həmin ölkələri deyil, özünü də xarabaya çevirir.

Məsələn, Arbatov çox alayedici şəkildə yazırdı ki, qonşuları ilə normal münasibətlər qurmağa Sovet Rusiyasının mərifəti və qanacağı çatmırdı :

"Biz qonuşlarımızla qarşılıqlı faydalı münasibətlər qura bilmirdik. Qurduğumuz münasibətlər birmənalı olaraq, qarşılıqlı faydasız idi. Biz böyük pullar xərcləyirdik və özümüzə düşmən olan xalqlar qazanırdıq".

Elə indi də eynisidir. Bizimlə müqayisədə Rusiyada müəyyən azadlıqların olması sizi aldatmasın, rus xalqı da eynilə sovet xalqı kimi hüquqsuzdur və "böyüklər"in işinə, yəni siyasətə qarışmaq, seçib-seçilmək haqqı əlindən alınıb.

Həqiqətən də, bu qədər münaqişəyə cəlb olunan Rusiyanın qazandığı nədir axı? Daxildə iqtisadi çöküş və ona nifrət edən qonşu xalqlar? Nəyin müqabilində? Bununla Rusiyanın təhlükəsizliyi təmin edilir? Əksinə, bütün dünya ona qarşı birləşir və silahlanır...

Halbuki, dünyanın ən böyük resursları əlində olan Rusiya, inkişaf edə və qonşuları üçün cəlbediciliyi olan iqtisadi supergücə, mədəni mərkəzə çevrilə bilərdi. Bunu etmək əvəzinə, davamlı münaqişələrlə əlləşən və potensialının çox altında iqtisadi gücə sahib olan dövlət olmaq, Rusiyanın nəyinə gərəkdir axı?

Məsələn, 88-ci ildə o vaxta qədər sülh içində yaşayan azərbaycanlıların Ermənistandan qovulması prosesi və ardınca alovlanan Qarabağ münaqişəsi, eləcə də digər separatçı münaqişələr, SSRİ-nin çökəcəyi hiss olunmağa başlayanda, KQB-nin, gələcəkdə Rusiyanın regionda təsir gücünü qoruyub-saxlamaq üçün işə saldığı planın nəticəsi idi. Bunun alternativi 70 illik iqtisadi və siyasi birliyə, güclü mədəni əlaqələrə sahib olan xalqların sülh və dostluq içində inkişaf edərək demokratiyaya və azadlığa qovuşması idi. Demokratiyanı özünə düşmən kimi görən Rusiya isə bunu özünə və qonşularına rəva bilməzdi və bilmədi də. Və hələ də, demokratiyanı özünə qarşı ən böyük düşmən olaraq görür…

Rusiya, tarixində iki dəfə, I Aleksandr və II Nikolay dönəmlərində demokratik islahatlara cəhd etmişdi. I Aleksandr, ordunun təhdidlərindən sonra liberal islahatların müəllifi Speranskini qovdu və mühafizəkar siyasətə geri döndü. 100 il sonra II Nikolay, demokratiyanın, parlamentarizmin və ifadə azadlığının doğuşunu müharibəyə başlamaqla beşiyindəcə boğdu. Kerenskinin zərif əlləri isə bolşeviklər tərəfindən kəsildi və Rusya qaranlığa və işğalçı siyasətə geri döndü.

Əslində, işğalçılıq təkcə Rusiyaya məxsus xəstəlik deyil, dövlətlərin çoxu tarixin hansısa dönəmində işğalçı olublar. Elə ABŞ da daxil. Lakin amerikalılar dövlət olmaq üçün lazım olan sosial, mədəni və siyasi birliyi qura bilmək üçün gərəkli olan mobilizasiyanın gücünün yetməyəcəyini anladıqları yerdə dayanmağı bacarmışdılar.

ABŞ prezidenti Endryu Ceksonun qurduğu Kanada və Meksikanı işğal etmək və materik-dövlət olmaq planını yerinə yetirmək, 20-ci əsrin əvvəllərində ABŞ üçün heç də çətin deyildi. Lakin həzm edə biləcəyindən artıq əraziyə sahib olmağın çox böyük problemlər yaradacağını anlayan ABŞ rəhbərləri buna getmədilər.

Rusiya isə həzm edə biləcəyindən artıq əraziləri işğal etmək tamahını heç vaxt tərbiyə edə bilmədi və Arbatovun dediyi kimi "ərazilərin genişlənməsinin əslində zəifliyin genişlənməsi olduğu"-nu anlamadı.

Bismarkın 150 il əvvəl dediyi kimi, "bütün nəhənglərin lənəti olur". Rusiya da lənətlidir. Və bu lənət yoluxucudur.

Demokratikləşmə və ya müharibə ilə məğlub edilmə ehtimalı yaxın illərdə o qədər də böyük olmayan Rusiya, ya başlatdığı silah yarışı nəticəsində SSRİ kimi çökəcək və parçalanacaq, ya da dünyanı nüvə "armageddon"-una aparacaq.

O vaxta qədər isə ayaq üstə və müstəqil qalmaq üçün, əks-taraz qismində, mütləq şəkildə demokratik və sivil dünya ilə möhkəm əlaqələr qurmalıyıq. Çünki osminoq, artıq xirtdəyimizdən yapışıb və buraxana oxşamır...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ao7qso

Ən çox baxılan