Ev söküntüləri: Dövlət ehtiyacı, mülkiyyət hüququ, qanunvericilik

Hüquqşünas deyir ki, qanunvericiliyə əsasən, mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər

Bakı şəhərində son dövrlərdə ev söküntüləri artıb. Çox vaxt yaşayış sahələri xəbərdarlıq edilmədən və ya məhkəmə qərarı olmadan sökülür.  Bu insanların Konstitusiya ilə qorunan mülkiyyət toxunulmazlığı prinsipini sual altına qoyur və vətəndaşların etirazlarına səbəb olur. Buna səbəb kimi tikinti şirkətlərinə verilən geniş səlahiyyətlər göstərilir. Belə vəziyyət isə hüquqi və sosial problemlərə yol açır.

Dövlətin ev sökmə hüququ və mülkiyyət hüququnun qorunması

“Torpaqların dövlət ehtiyacı üçün alınması prosesi davam edir. Yasamal əraziləri sökülür, parklar salınır”- Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev “TV1”-in efirindəki çıxışında belə deyib. Qeyd edək ki, AQP rəsmi və dövlət tərəfindən təsis edilmiş bir qurumdur. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin təsdiqlədiyi “Qiymətləndirmə fəaliyyəti haqqında” 1052-VIQ saylı qanuna əsasən yaradılıb.

Azərbaycan Konstitusiyasının 29-cu maddəsinə görə,  mülkiyyət hüququ hər kəsin toxunulmaz haqqıdır və yalnız qanunla müəyyən edilmiş səbəblərə görə məhdudlaşdırıla bilər. Bu prinsipin əsas məqsədi, mülkiyyət sahiblərinin hüquqlarının qorunması və dövlətin sosial ehtiyaclar naminə mülkiyyətdən istifadəsinin qanuni tələblərlə tənzimlənməsidir.

Dövlət hansı hallarda insanların şəxsi mülklərini dövlət marağı üçün alıb sökmək haqqına sahibdir?

Hüquqşünas Xalid Bağırov “Meydan TV”-yə verdiyi açıqlamada deyir ki, bu hal daxilində yalnız ictimai tələbat olduğu halda dövlət kiminsə evini sökə bilər:

“Azərbaycan qanunvericiliyində bu dövlət ehtiyacları üçün əmlakların alınması kimi ifadə olunub və bu ehtiyaclar qanunvericilikdə konkret sadalanıb:

Bu normalara əsasən, əmlakın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:

  • dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
  • sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;
  • müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
  • dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;
  • dəniz limanının ərazisinin artırılması

Bu Mülki Məcəllənin 157.9-cu maddəsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsidir”.

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov. Foto: Meydan TV

Hüquqşünasın sözlərinə görə, bu hallar istisna olmaqla, dövlətin mülkiyyət hüququna dövlət ehtiyacları adı altında müdaxiləsi yolverilməzdir və hər bir müdaxilə qanunun tələblərinə uyğun, hüquqi əsaslarla həyata keçirilməlidir. Yəni park salmaq qanunvericiliyə əsasən, dövlət üçün strateji məsələ deyil.

“Sovetski” ərazisində evləri nömrələnən sakinlərdən biri – Zahidə Əzizova “Açıq Azərbaycan” platformasına verdiyi müsahibədə söküntülərlə bağlı deyir ki, o, Bakının baş planına baxıb və yaşadıqları ərazi söküntüyə nəzərdə tutulmayıb:

“Ölkənin, Bakının Baş planı var. Baş plana uyğun bizim bu ərazidə nə nəzərdə tutulubsa, onu açıqlasınlar və biz ona uyğun olaraq evlərimizin ölçülməsinə, sökülməsinə icazə verə bilərik. Amma mən dəfələrlə baş plana baxmışam və bizim ərazi söküntüyə nəzərdə tutulmayıb.”

“Park adı ilə bizi qovurlar”

Həmin ərazinin başqa sakini Nigar Mirhadiyeva isə deyir ki, onları park adı ilə evlərindən qovurlar:

“Deyirlər, park olacaq. Bunlar nə qədər park tikəcəklər ki?! Park adı ilə bizi buradan qovurlar.”

Bununla yanaşı, mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı kompensasiya məsələsi mühüm əhəmiyyət daşıyır. Nigar Mirhadıyeva həmçinin müsahibədə qeyd edib ki, təklif olunan kompensasiya məbləği onun yaşadığı ərazidə yenidən müvafiq şərtlərlə mənzil əldə etməyə imkan vermir və və illərdir yaşadığı rahat evindən çıxıb o məbləğlə Bakı kəndlərində belə ev ala bilməz. Digər sakin Solmaz Yusifova isə bildirib ki, uzun illər yaşadıqları mühitdən ayrılmaq xüsusilə yaşlı insanlar üçün həm fiziki, həm də mənəvi cəhətdən ağırdır və yalnız ədalətli kompensasiya təmin edildiyi halda evin dövlətə verilməsinə razılıq verə bilərlər.

Bu halda tərəflər arasında razılaşma nəyə əsasən olmalıdır?

“Alınan əmlakın dəyəri qabaqcadan ödənilməlidir və bu ödəniş bazar qiymətinə uyğun olmalıdır”- hüquqşünas bildirib.

“Konstitusiyanın 29-cu maddəsinin IV bəndi deyir ki, dövlət ehtiyacları  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən, dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

Mülki Məcəllənin 247-ci maddəsi deyir ki, bu normalarda iki önəmlə tələb görünür: 1) alınan əmlakın dəyəri qabaqcadan ödənilməlidir, 2) bu ödəniş bazar qiymətinə uyğun olmalıdır”, – deyə Bağırov izah edir.

Razılaşma baş tutmursa, məsələ necə həll olunur?

“Dövlət ehtiyacı üçün vətəndaşın əmlakını almağa çalışan səlahiyyətli dövlət qurumu (Nazirlər Kabineti və ya onun təyin etdiyi digər orqan) bütün müvafiq prosedurları tamamladıqdan sonra vətəndaş əmlakını verməkdən imtina edərsə, dövlət qurumu məcburi alınma məqsədilə məhkəməyə müraciət edir”, – deyə Bağırov bildirir və əlavə edir:

“Dövlət ehtiyacları üçün əmlakların alınması zamanı adi alqı-satqı qaydası işləyir. Yəni müqavilə azadlığı prinsipi işə düşür, istəyirəm satıram, istəyirəm satmıram prinsipi; belə halda heç kəs vətəndaşı əmlakını satmağa məcbur edə bilməz, hətta məhkəmə də.”

Məhkəmə qərarı olmadan evlərin sökülməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Bu səbəbdən, məhkəmə qərarı olmadan həyata keçirilən ev söküntüləri hüquqa zidd hesab olunur.

Praktikada isə bir çox hallarda vətəndaşlar məhkəmə prosesləri başa çatmadan müxtəlif təzyiqlərlə üzləşirlər. Belə ki, binalara texniki müdaxilələr edilir, su, işıq və qaz təminatı kəsilir, divarların fiziki bütövlüyü pozulur.

Məhkəmə qərarı olmadan evlərin sökülməsi ciddi sosial və hüquqi fəsadlara yol açır. Vətəndaşlar fiziki zərərə məruz qaldıqlarını, psixoloji travmalar yaşadıqlarını, onların mülkiyyət, yaşamaq və adekvat yaşayış şəraiti ilə təmin edilmək hüquqları pozulur.

Hüquqşünas deyir ki, yalnız qanunda məcburi alınması mümkün olan hallarda məhkəmə qərarı ilə əmlak şəxsdən alına bilər. Digər hallarda yalnız könüllü razılaşma əsasında əmlak özgəninkiləşə bilər, həttə bu, məhkəmə qərarı olsa belə mümkün deyil.

İstənilən pozuntu halında (dövlət ehtiyacları olmadan, qabaqcadan dəyəri ödənilmədən və ya məhkəmə qərarı olmadan əmlakın zorla alınıb sökülməsi) şəxs müvafiq dövlət orqanınından məhkəməyə şikayət verməlidir.

“Bağvanov Azərbaycana qarşı” işi: Azərbaycan 1 milyon 536 min 200 avro ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu ilin yanvarında “Bağvanov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Qərara əsasən, Azərbaycan dövləti ərizəçilərə ümumilikdə 1 milyon 536 min 200 avro məbləğində kompensasiya ödəməlidir.

İş üzrə 14 ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, mülkiyyət hüquqlarının pozulduğunu iddia edib. AİHM müəyyən edib ki, ərizəçilərin mülkiyyəti qanunla müəyyən olunmuş qaydalara riayət edilmədən dövlət tərəfindən alınıb. Bakı Şəhər İcra Hakimiyyətinin bu mülkiyyətləri müsadirə etmək səlahiyyəti olmadığı, həmçinin mülkiyyətin alınmasına dair qanuni məhkəmə qərarının mövcud olmadığı qeyd olunub. Buna baxmayaraq, İcra Hakimiyyəti ərizəçilərin mülkiyyətlərini qanunsuz olaraq əlindən alıb.

AİHM bu halları nəzərə alaraq, ərizəçilərin mülkiyyət hüquqlarının pozulduğunu tanıyıb və onların iddialarını təmin edib.

Bu qərar AİHM-in Azərbaycandan daxil olan mülkiyyət hüququ pozuntusu ilə bağlı onlarla şikayətə baxdığı işlər sırasındadır. İndiyədək AİHM müvafiq məsələlər üzrə 47 işdə hüquq pozuntusu aşkar edərək qərar çıxarıb. Şikayətlərin əksəriyyəti evlərin dövlət ehtiyacı adı altında, məhkəmə qərarı olmadan və ədalətli kompensasiya ödənilmədən sökülməsi ilə bağlı olub.

Məhkəmə qərarlarında qeyd edilib ki, dövlət orqanları və tikinti şirkətləri evlərin söküntüsü zamanı məhkəmə prosesləri davam etdiyi halda belə, ərizəçilərin hüquqlarını pozublar. Səlahiyyətli qurumlar nə ədalətli kompensasiya ödəyib, nə də məhkəmənin yekun qərarını gözləyib. AİHM bütün bu halları insan hüquqlarının pozuntusu kimi qiymətləndirərək, dövlətin ərizəçilərə müvafiq kompensasiya ödəməli olduğu qənaətinə gəlib.

Ana səhifəXəbərlərEv söküntüləri: Dövlət ehtiyacı, mülkiyyət hüququ, qanunvericilik