“Euro Home” bazarı bağlanır: “Camaata deyirlər, yığ malını, rədd ol buradan”

“Euro Home” bazarı bağlanır: “Camaata deyirlər, yığ malını, rədd ol buradan”

“Sahib çıxsınlar də. Bu 4 min nəfərdən çox camaata sahib çıxsınlar. Bax, hamısı burada boynubükük dayanıblar…”- sahibkar Nərgiz Əlizadə danışır.

Mayın 11-də yanan “Euro Home” tikinti malları bazarında çalışanlar işsiz qalıb. Bazar rəhbərliyindən onlara deyilib ki, yanğınla bağlı istintaq aparıldığı üçün bazar bağlanır.

“Bu cinayətdir. Yanğın niyə baş verib heç bir sahibkar bilmir. Saat 11-ə işləmiş yanğın başlayıb. Nədən yanıb? Saat 8-də də “rubirnik” söndürülür. Hamını qoyublar pis vəziyyətdə. Adını da qoyub ki, istintaq gedir. İstintaq gedirsə, yanan yeri bağlasınlar. Geriyə qalan mağazalar işləsin”,- işçi Nəriman Bayramov deyir.

2019-cu il dekabrın 10-da da bu bazarda yanğın baş vermişdi. Ondan sonra sahibkarlar bir neçə dəfə aksiya keçirib dövlətdən kompensasiya istədilər. Lakin onlara kompensasiya verilmədi. Bazar rəhbərliyi ilə razılığa gəlmişdilər ki, işlərini yenidən öz vəsaitləri hesabına quracaqları halda bir müddət yer pulu verməkdən azad olunacaqlar.

“Əgər dekabrda desəydilər ki, bazar bağlanacaq, biz də işimizi bilərdik. 6 aydır əziyyət çəkirik. Bazara zorla yol pulu tapıb gəlirdik. İçi mən qarışıq, bu camaatın çoxunun evində çörək almağa pulu yoxdu. Bazarın rəhbəri açıqlama verir ki, ötən yanğında 13 milyon pul vermişəm camaata. Heç 1 qəpikdən də söhbət gedə bilməz”.

“EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. “AF Mall” və “AF Hotel & Aqua Park” obyektləri də ona məxsusdur. Hələlik, məsələ ilə bağlı bazarın rəhbərliyi və icarədarlardan münasibət almaq mümkün olmayıb.

Bazarın bağlanmasını istəməyən işçilər Baş Prokurorluğa, Prezident Adminstrasiyasına müraciət ünvanlayıb. Baş Prokurorluğun yanğınla bağlı yaydığı bəyanatda deyilir ki, Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Açıqlamaya görə hazırda yanğının baş vermə səbəbləri, sahibkarlara dəymiş ziyan araşdırılır.

Ana səhifəVideo“Euro Home” bazarı bağlanır: “Camaata deyirlər, yığ malını, rədd ol buradan”