Əslində öz başımızı kəsdik

Və hələ də, yaxşı edib deyənlər var…

Foto: Meydan TV


Rusiya, Qarabağa bir-birinin başını kəsməyə hazır olan ermənilər və azərbaycanlılar arasında sülhü təmin etməyə gəlib

Dünən Azərbaycan əsgərinin yaşlı erməninin başını “İŞİDvari” formada kəsməsi videosu yayıldı. Videonun ardınca sosial mediada müzakirələr başladı. Bir qisim bu videodakı davranışın müharibə cinayəti, vəhşət olduğu fikrini bildirdi. Digər bir qisim yaxşı edildiyi, Xocalının qisasının alınmalı olduğu fikrini müdafiə etdi. Müəyyən bir qisim edilən əməlin düz olmasa da, başadüşülən olduğunu, lakin videoya çəkib özünü ifşa etməyin gərəksizliyini dedi.

Az qisim isə bu videonun saxta, təxribat olduğunu bildirir. Amma videodakı danışıq, ləhcə başqa şey deyir. Bütün hallarda bu videonun ordu daxilindəki Rusiyaya bağlı qruplar tərəfindən edilməsi istisna deyil.

Videodakı hadisə dəhşətdir, insanlıq əleyhinə törədilmiş müharibə cinayətidir. Onu törədən əsgər təkbaşına bütöv bir şəhəri almış olsa belə, vurduğu zərər bütün etdiklərindən qat-qat artıqdır. Bunu xalq olaraq hələ ki, tam başa düşə bilməmişik. Ağlımız gedib Ərdoğanın "eyy, Amerika, sən kimsin?" ritorikasına, elə bilirik ki bizə heç kim heç nə edə bilməz. Təəssüf, tendensiya onu göstərir ki, bu və bundan əvvəlki mülkilərlə bağlı oxşar videolardakı əməlləri xalq olaraq bizə çox ağır şəkildə ödətdirəcəklər.

Bəziləri sual edir ki, bəs eyni şeyi ermənilər də edir, onda niyə belə etiraz etmirdiz? Birincisi, müharibə vaxtı ermənilərin etdiyi müharibə cinayətləri səliqə ilə toplanıb beynəlxalq insan haqları təşkilatlarına göndərilirdi. İkincisi, müharibə gedən ölkədə bizim əsgərə qarşı vəhşilik edilən, insanların qanını qaraldacaq, dəhşətə gətirəcək videonu paylaşmaq, onun haqqında çox danışmaq cəmiyyətdə mənasız ruh düşkünlüyü, peşmançılıq və qorxu yaradar, ölkə olaraq ancaq əleyhimizə işləyə bilərdi. Üçüncüsü, biz həmişə ermənilərin Xocalı faciəsini törətdiyini deyib, onların etdiyi bu vəhşiliyə dünyadan ədalət istəmirdikmi? İndi özümüz eynisini edib, dünyadan bizə qarşı ədalətli davranışmı gözləyəcəyik?

"Əşi, onlar bizə etdiklərinə görə nə cəza aldılar ki?" deyənlər var. 1992-ci ildə başlayan müharibədə, sosial media, smartfonlar yox idi. Ermənilərin etdiyi cinayətlərlə bağlı əlimizdəki sübutlar sonradan çəkilmə foto və videolar olduğundan, hətta kimin etdiyini belə sübut etməyimiz çox çətin idi. Biz, bilirdik, amma amerikalı Sem, ingilis Con deyirdi ki, mən nə bilim bu kimdir və ya bunu kim edib.

Erməni əsgərinin mülki azərbaycanlının başını kəsməsi ilə bağlı bircə dənə də video yox idi.

Əgər bugünkü kimi videolar olsaydı, yəqin ki, dünyanın bu münaqişəyə, ermənilərə münasibəti daha fərqli olardı. Bu gün isə belə faktlar var. Hər iki tərəfdən.

Lakin bu müharibə ermənilərin nəzarətində olan torpaqlarımızda getdiyindən, mülkilərlə bağlı belə videolar, təəssüf ki, ancaq bizim orduya aiddir və bunun zərərləri çox böyük olacaq.

Biz haqlı, əzilən tərəf olduğumuz halda bu cür videolarla özümüzü dünyaya barbar kimi təqdim edirik.

Video olmasa belə, o edilənin heç bir bəraəti, müdafiəsi yoxdur. Müharibə öz-özlüyündə dəhşətli bir prosesdir, amma dünyanın ağıllı adamları vaxtilə oturub qərarlaşdırıblar ki, əgər bu andırın kökünü birdəfəlik kəsə bilmiriksə, gəlin onda bunu adam kimi edək. Və müharibəyə başlamaq niyyəti nə olursa olsun, özünə hörmət edən dövlətlər onu qaydaları ilə aparırlar. Müharibə cinayətləri edəndə də, çıxıb təkzib edirlər ki, bunu biz etməmişik. Niyə? Çünki utancdır, dəhşətdir, ayıbdır.

Əsir, mülki əhali toxunulmazdır. Erməni etmədi? Biz edək. Mənəvi cəhətdən üstün tərəf olaq.

"Dünya ədalətsizdir" deyirlər. Dünən ədalətsiz idi, bu gün və ya sabah necə olacağını haradan bilirsiniz?

Bağışlayın, amma dünyanı söyəndə, güzgüdə bir özümüzə də baxaq. Korrupsiyaya bulaşmış, insan haqlarını pozan, vətəndaşını alt paltarında, döyə-döyə evindən çıxaran, müxalifətçisinin cibinə narkotik atan dövlətin haqq səsini heç kim eşitmədi deyə, demokratik seçkiləri, bizimkindən fərqli olaraq azad parlamenti olan ermənilərin səsini də eşitməyəcəklərinə əminsinizmi? Birdən, eşitdilər? Bəs onda?

Pandemiya dövründə ölkə 20 gün bağlı qaldı, hər tərəfdən aclıq nalələri gəlirdi. Qərbin tətbiq edəcəyi ən yumşaq sanksiyaya heç 20 gün belə dözə bilməyəcəyimizi anlamırsız?

Fakt budur ki, videoda başı kəsilən fiziki olaraq yaşlı erməni olsa da, mənəvi və siyasi cəhətdən Azərbaycan xalqıdır. O əsgər xalq olaraq bizim başımızı kəsdi. Ləyaqətlə döyüşən, qalib gələn Azərbaycan ordusunun başını kəsdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən şəhidlərin, sağlamlığını itirən qazilərimizin başını kəsdi. Ən əsası isə insanlığın, bəşəri dəyərlərin başını kəsdi.

Və hələ də, yaxşı edib deyənlər var…

Və hələ də bir çoxu “işğalməramlı” Rusiya ordusunun niyə Dağlıq Qarabağa gəldiyi məsələsində ya özünü anlamazlığa vurur, ya da ümumiyyətlə anlamır. Eləcə də bu cür videoların niyə, kim tərəfindən yayıldığını…

Rusiya, Qarabağa bir-birinin başını kəsməyə hazır olan ermənilər və azərbaycanlılar arasında sülhü təmin etməyə gəlib. Müqəddəs Konstantinin ruhuna and olsun! İnanmırsız? Buyurun video!

Və Rusiyanın burada qalması üçün də bu düşmənçilik daimi olmalıdır. 2 ay sonra da 3 erməni və ya xüsusi təyinatlı funksiyasını yerinə yetirən erməni hərbi forması geyinmiş hansısa İvan Şuşadan oğurlanan bir azərbaycanlının başını kəsir.

3 ay sonra cavab atəşiylə düşmən susdurulur və qüsurlu dairə beləcə təkrarlanır, düşmənçilik və rus işğalı əbədi olur. Biz də Dağlıq Qarabağ əvəzinə, İvanın tankının lüləyini alırıq.

Ana səhifəXəbərlərƏslində öz başımızı kəsdik