“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…

Zərərçəkən: “Paltarlarımı çıxarıb, telefonla çılpaq şəkillərimi çəkib, onları internetdə yaymaqla hədələyirdilər”

Source: Meydan TV

Təxminən dörd il öncə – 2015-ci il dekabrın 27-də Naxçıvandakı hərbi hissələrdən birində əsgər A.A vəfat etmişdi. 9 ayın əsgəri olan kiçik çavuş A.A-nın ölümünün səbəbləri araşdırılanda həmin hərbi hissədə əsgərlərə qarşı fiziki zorakılıqdan tutmuş, onlara çatası aylıq 22 manatın əllərindən alınması, görüntülərini internetdə yaymaqla şantaj edilməsi, təcavüzə qədər müxtəlif halların üstü açılıb. Hərbi hissədə məruz qaldığı zorakılıq, ləyaqətinin alçaldılması nəticəsində 19 yaşlı əsgər avtomatla alın nahiyəsindən atəş aşaraq, özünü öldürüb.

Araşdırmalar zamanı həmin hərbi hissədə mərhum A.A-dan başqa əsgərlərin də ləyaqətlərinin alçaldığı, çalpaq şəkillərinin yayılmasıyla hədələnib təcavüzə məruz qaldıqları, döyüldükləri üzə çıxıb. Meydan TV sözügedən zərərçəkmiş əsgərlərlərin adlarını da əldə edib, sadəcə, etik prinsipləri nəzərə alaraq, onların açıqlanmasını doğru hesab etmir.

Bu hallara görə hərbi hissədə qumbaraatan vəzifəsində xidmət etmiş Vüsal Abdullayev həbs olunub. O, Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətlər), 182-ci (hədə-qorxu ilə tələbetmə), 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham olunub. 23 yaşlı V.Abdullayev Naxçıvan Hərbi Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilib.

Əsgərlərin döyülüb, şantaj edilib seksual hərəkətlərə məcbur edilməsi də cinayət işinin materiallarında yer alıb. Meydan TV-yə təqdim olunan cinayət işinin materiallarından bəlli olur ki, əsgərlərə qeyri-ənənəvi yollarla təcavüz edilib.

Cinayət işindən bəlli olur ki, bu hərbi hissədəki odun damında əsgərlər müxtəlif bəhanələrlə döyülüb, təhqir olunub. Heç bir əsas olmadan əsgərlərə “döyüşə” komandası verib, yerdə sürünməyə məcbur ediblər. Yerə uzananda da o əsgərlər təpikləniblər. Elə əsgərlər var ki, hərbi xidmətdə olduğu dövrdə sevdiyi qızla, nişanlısıyla telefonla danışıb. Həmin danışıqlar yazılıb və sonradan o şəxslər şantaj edilib. Hədələniblər ki, əgər deyilən tələbi yerinə yetirməsələr, danışıqları başqa əsgərlərin qarşısında səsləndiriləcək, internetdə yayılacaq.

Untitled design (3).png
Əsgər illüstrasiyası

Zərərçəkənlərdən biri deyib ki, sevgilisi ilə danışığının yazıldığını biləndən sonra həmin telefonu alıb sındırmaq istəyib. Buna görə onu möhkəm döyüblər. Əsgərlərin özləri ilə yanaşı, ailələrinin, ana-bacılarının ünvanına da təhqirlər işlədiblər.

Başqa bir əsgərin sözlərinə görə, onu təhqir edib döyəndən sonra əllərini yapışqanlı lentlə bağlayıb, yerə yıxıblar. Paltarlarını çıxarıb, telefonla çılpaq şəkillərini çəkib onları internetdə yaymaqla hədələyiblər. Bu hədə-qorxu altında da bir neçə dəfə ona qarşı təcavüz olunub.

Zərərçəkən əsgərlər məhkəmədə də V.Abdullayevdən şikayətçi olduqlarını bildiriblər. Hətta onların bəziləri V.Abdullayevin 13 il azadlıqdan məhrum edilməsini yüngül hesab edərək, cəzanın ağırlaşdırılmasını tələb edib. Həm zərərçəkənlər, həm də V.Abdullayev hökmün dəyişdirilməsi üçün apelyasiya şikayəti versə də, şikayətlər təmin edilməyib. Naxçıvan Ali Məhkəməsi hökmü dəyişməyib.

Təqsirləndirilən şəxs 2019-cu ildə, şikayət müddəti ötdükdən sonra Ali Məhkəməyə müraciət edib. V.Abdullayev müraciətində müddəti üzrlü səbəblərdən ötürdüyünü yazıb. Onun sözlərinə görə, səhhətindəki problemlər və zərərçəkənlərlə barışmaq istəyi ucbatından müddəti ötürüb. Lakin Ali Məhkəmə şikayət müddəti keçdiyi üçün ərizəni qəbul etməyib.

Ana səhifəSosial“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…