Ərzaq məhsullarının qiyməti niyə artır?

Ərzaq məhsullarının qiyməti niyə artır?

“Açıq danışmağa qalsa, hər şeyin qiyməti qalxır. Qaz, su, işıq- onlar da qalxdı. Hansı səbəbdən onları qaldırıb? Bakıda indi hamı acından qırılırsa, onu nə səbəbdən qaldırırlar? Nə var, nə var hökumət adamlarının cibi dolur?”

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin sentyabrında ərzaq məhsulları, tütün, içki məmulatlarının qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən 10,4 faiz artıb. Əhalinin gəlirlərində isə 2 faiz artım müşahidə olunub.

İqtisadçı Fərid Mehralızadə deyir ki, rəsmi rəqəmlərlə əhalinin xərclərinin yarısı ərzaq məhsullarına sərf olunur. Bu məhsulların qiymətinin artması birbaşa insanların rifahına təsir edir. Bəs qiymətlər niyə qalxır?

İqtisadçı deyir ki, 2019-cu ildə Azərbaycanın idxal etdiyi ərzaq məhsullarının dəyəri təxminən 1.7 milyard dollar olub. O, qiymət artımı ilə birlikdə bu il rəqəmin 2 milyard dollar olacağını düşünür. Xarici amillərlə yanaşı iqtisadçı düşünür ki, daxildə də enerji qiymətlərinin qalxması bu nəticələrə gətirib.

Hər ay Dövlət Statistika Komitəsi ərzaq məhsullarının orta qiyməti ilə bağlı hesabat yayımlayır. İqtisadçı deyir ki, həmin hesabata əsasən tərəvəz və duru yağların qiyməti 30-40 faiz bahalaşıb.

İqtisadçı deyir ki, qiymət artımının qarşısını almaq üçün vergi və gömrük rüsumları ilə bağlı güzəştlər tətbiq edilməlidir. Eyni zamanda hökumət ölkədə kənd təsərrüfatının inkişafına çalışmalıdır.

Qiymət artımı təkcə ərzaq məhsulları ilə yekunlaşmır. Rəsmi rəqəmlərə görə, 1 il əvvələ nəzərən ödənişli xidmətlərdəki qiymət artımı 8 faizə, qeyri-ərzaq məhsullarındakı artım isə 6 faizə yaxındır.

Bahalaşmanın fonunda ölkə başçısı İlham Əliyev 16 oktyabrda “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən minimum pensiyalar, əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Sərəncamın icrası gələn ildən başlayacaq.

Bu ilin noyabrın 1-dən isə Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırıb.

Ana səhifəVideoƏrzaq məhsullarının qiyməti niyə artır?