Erməni əsgərini alçaldaraq münaqişəni həll etmək olmaz

Həm də milli maraqlarımız üçün bu həyati dərəcədə vacibdir.

Foto: Meydan TV


Bu açılan park, müharibədən əvvəl sahib olduğumuz o mənəvi üstünlüyü əlimizdən alır

1918-ci il, 10 noyabr, səhər saat 7:45. Avropanı qana bulayan, 20 milyon insanın canını alan Birinci Dünya Müharibəsi sona çatır. Almaniya təslim olur.

Ertəsi gün, 11 noyabrda Parisə gələn Böyük Britaniyanın Baş naziri Lloyd Corc media qarşısında çıxış edir:

"Bu gözəl səhərdə bizim hamımızın ümid etməyə haqqı var ki, bütün müharibələrə son qoyulur".

Bəşəriyyəti isə daha böyük və fəlakətli qırğından vur-tut 20 il ayırırdı.

Parisdəki Versal sarayına toplanan qalib dövlətlər düz 8 ay sülh müqaviləsini müzakirə etdilər.

1919-cu ilin iyununda yekun sülh müqaviləsi imzalandı. Bütün Avropa sevinc və ümid dolu idi. Bir nəfərdən başqa…

Əsəbləşərək konfransı tərk edən Fransa ordusunun və Antanta ittifaqının baş komandanı marşal Ferdinand Foş foyedə yekun sənədi oxuduqdan sonra qəzəblə kənara tullayır. Ətrafındakılara qışqırmağa başlayır:

"Axmaqlar, bu sülh deyil. Bu, 20 il müddətinə atəşkəs müqaviləsidir… Biz Almaniyanı iliklərinədək təhqir etmişik… Almaniya özünə gələndən dərhal sonra daha bir dünya müharibəsi başladacaq".

Foşun proqnozları az qala saat dəqiqliyi ilə düz çıxdı.

Bəs niyə? Çünki müttəfiqlər Almaniyanı həqiqətən də çox pis şəkildə təhqir etmişdilər.

Versal müqaviləsinin təhqiredici maddələri başda Hitler və Göbbels olmaqla, bütün nasist liderlərinin əsas təbliğat sütunu oldu. Göbbelsin təbliğat maşını Versal müqaviləsinin köməyilə pangermanizmi faşizm səviyyəsinədək qaldırdı. Nasistlərin ən məşhur liderlərindən biri Görinqin də dediyi kimi: "Nasizm ideologiyası Versaldakı təhqirlərsiz mövcud ola bilməzdi".

Bəs niyə qalib gələn demokratik ölkələr belə axmaqlığı etdilər? Qorxudan! Bəli, bəli, qorxudan. Müharibədəki dəhşətli itkilər qalib dövlətlərin xalqlarında elə bir dəhşətli qisas hissi yaratmışdı ki, nə Fransa, nə də İngiltərə rəhbərliyi Almaniyaya qarşı ləyaqətli sülhə razılıq verə bilməzdi. Bu, həm Klemanso (Fransanın Baş naziri) həm də Lloyd Corc üçün siyasi intihar olardı. Beləcə, iki görkəmli siyasi xadim millətçi kütlələrin təzyiqilə məğlub düşmənlərə qarşı Medellin karteli kimi davrandılar…

Həmin vaxt 4 min kilometr şərqdə, müharibədə məğlub olan başqa bir dövlətin, barəsində ölüm hökmü verilmiş qaçaq bir generalı öz qeyd dəftərinə bu sözləri yazırdı:

"Almaniyanı yaraladılar və aşağıladılar, amma öldürmədilər. O ayağa qalxdıqda daha bir müharibə başladacaq".

Həmin general, Mustafa Kamal Atatürk, texnikası atlardan və eşşəklərdən ibarət olan, hər üç nəfərdən ancaq birinin ayaqqabısının olduğu ordusuyla ölkəsindəki işğalçılara qalib gəlir və ən sonda 3 il sonra yunan işğalı altındakı İzmir şəhərini azad edir.

Atatürk İzmirə girəndə ayağının altına yunan bayrağı sərirlər. Yunan kralı Konstantin İzmiri alanda soyqırım törətmişdi, türk bayrağını tapdalayıb daxil olmuşdu şəhərə…

Atatürk əsəbləşir, "qaldır, övladım" göstərişi verir. "Bayraq bir millətin qürurudur, onu əzmək olmaz" deyir, Atatürk…

Qarabağ müharibəsi bizim haqq davamız idi. Beynəlxalq hüquq, ədalət bizim tərəfimizdə idi. İşğala məruz qalan tərəf idik, biz.

Qarşımızda xristian dünyasının nazlı uşağı olan bir dövlət olsa da, heç bir böyük güc (Rusiyadan başqa) beynəlxalq hüquqa qarşı açıq şəkildə çıxmağa cəsarət etmədi.

Həm hüquqi, həm mənəvi üstünlük bizdə idi.

Ordumuzun möhtəşəm əzmi nəticəsində biz xalq olaraq üzərimizdəki ləkəni təmizlədik.

Amma bu qələbəni bizə bəxş edən şəhidlərimizin ailələri, qazilərimiz yardıma möhtac vəziyyətdəykən, xalq olaraq birləşib yaralarımızı sağaltmaqdansa, ölkə rəhbərliyi şou xarakterli addımlar atır, 3 min şəhidimizin qanı ilə qazandığı zəfəri ucuzlaşdırır.

İki gün əvvəl, şəhid ailəsi, qazisi taleyin ümidinə buraxılan, imdad diləyən ölkənin hərbi qənimətlər parkında nümayiş etdirilən, ölmüş erməni əsgərlərinə məxsus olan dəbilqələri görəndə utandım. Özümə sual etdim ki, geridə qoyduğu yetimləri, dərdli valideynləri taleyin ümidinə buraxılan şəhidlərimiz bizi bağışlayacaqlarmı?

Qazilərimiz kart şəkli paylaşır, müalicə üçün pul dilənir, diqqətsizlikdən, ədalətsizlikdən gileylənirlər. Və biz ölmüş adamların dəbilqələrindən kayf tutub, əvəzində evində körpəsinə dərman ala bilməyən qazilərimizin dərdinə susuruq…

Bu açılan park, müharibədən əvvəl sahib olduğumuz o mənəvi üstünlüyü əlimizdən alır. Sadəcə, qərb, şərq nə deyər üçün yox, həm də özümüz üçün. Öz vicdanımız qarşısında.

Hakimiyyət və cəmiyyətimiz anlamalıdır ki, keçmişdə bizim yaşadığımız acıları sağaltmağın yolu qisasçılıq deyil.

Qarabağ müharibəsindəki qələbəni görməmişcə sui-istismar etmək, etnik nifrəti alovlandırmaq gələcəyə basdırılmış minadır. Gec-tez partlayacaq.

Məğlub olan düşməni belə əzməzlər, alçaltmazlar. Onlar edib? Biz etməyək. Onlara özümüzü oxşatmağa məcburuqmu? Zatən, qalibik. Məğlub tərəflə ləyaqətlə davranaq. Dünyaya sülhpərvər və böyük bir xalq olduğumuzu göstərək…

Həm də milli maraqlarımız üçün bu həyati dərəcədə vacibdir.

Xankəndidə Azərbaycan bayrağının dalğalanması daha önəmlidir, yoxsa erməni dəbilqələrini nümayiş etdirmək? Anlamırsız ki, bu cür addımlar Azərbaycanı diplomatik çeviklikdən məhrum edir, bizi Rusiyanın qucağına itələyir? Arayikə öz əlimizlə, şüvən qaldırıb bizi dünyada nüfuzdan salması üçün kart-blanş, Putinə Qarabağda qalması üçün əsas veririk…

Belə alçaldıcı davranmağa davam etsək, bu münaqişənin sonu gəlməyəcək. Qarşı tərəf güc toplamaq və revanş haqda düşünəcək. Güc isə nisbi bir şeydir və daim tərəf dəyişdirir. Belə davranmaqla gələcək nəsillərimiz üçün qanlı qırğın hazırlayırıq.

Dövlət isə heç bir halda özünü narkotik karteli kimi aparmamalıdır.

Yeri gəlmişkən, qaraqışqırıq salıb hamını xain çıxaranların ən azı 80%-nin qazilərimizin, şəhid ailələrinin problemlərinə necə əclafca susduğunu hamımız gördük. Toyuq vicdanlılar…

Ana səhifəXəbərlərErməni əsgərini alçaldaraq münaqişəni həll etmək olmaz