Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

Ermənistanla Azərbaycan bir-birini atəşkəsi pozmaqda günahlandır

Kəlbəcərdə atəşkəsin pozulduğu bildirilir

“Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb”.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə bildirilir.

Nazirlik əlavə edir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tərəfə atəş açılması faktı öz təsdiqini tapıb: “Atəş nəticəsində şəxsi heyət arasında həlak olan və ya yaralanan yoxdur. Ancaq bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçkiöncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”.

Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirib.

Ermənistan Müdafiə Nazirliyi də iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.

Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

Mayın 12-də Ermənistan tərəf açıqlama verərək bildirilirdi ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan Ermənistanın bu iddiasını təkzib etmişdi.

Həmin zaman Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda günahlandırmışdı. Hətta Ermənistan iki hərbi qulluqçusunun həlak olduğunu da açıqlamışdı. Azərbaycan isə silahdan istifadə etmədiyini, ümumiyyətlə, atəş açmadığını bildirmişdi.

Mayın 28-də isə Azərbaycan tərəf açıqlama yaymışdı ki, Ermənistanın açdığı atəş nəticəsində Naxçıvanda bir hərbi qulluqçu yaralanıb. Bu məlumatı isə Ermənistan Müdafiə Nazirliyi təkzib etmişdi.

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Həmin məlumatda bildirilirdi ki, 40-a yaxın erməni hərbçisi Kəlbəcərin Armudlu kəndi tərəfdən 400 metr Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ərazidən çıxarılıb. Bu zaman silahdan istifadə edilməyib”.

Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan tərəfi dezinformasiya yayır" deyərək məlumatı təkzib edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p9riom

Ən çox baxılan