Ermənistanda keçirilən seçkilərin nəticələri: “məxməri” inqilab “polad”la əvəzlənib?

Ermənistanın Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb

Source: Reuters

Məqalə

JAMnews

saytında dərc olunub.

Ermənistanın Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Bu seçkilərdə baş nazir vəzifəsini icra edən Nikolay Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 53,92 faiz səs toplayaraq, böyük fərqlə zəfər çalıb.

İkinci yerdə sabiq prezident Robert Köçəryanın “Ayastan” (Ermənistan) bloku gəlir. O, 21,04 faiz səs toplayıb.

Parlamentdə üçüncü qüvvə kimi “Şərəf duyuram” bloku çıxış edəcək. Bu bloka MTŞ-nın sabiq rəhbəri Artur Vanesyan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyaları daxildir. Blok cəmi 5,23 faiz yığıb. Bu, parlamentə keçmək üçün lazım olan faizdən azdır, lakin “Şərəf duyuram” rəqibləri arasında üçüncü daha çox səs toplayan siyasi qüvvə kimi Milli Məclisə daxil ola biləcək.

İyunun 20-si seçicilərinin yarısından azının səsləri sayılanda Nikol Paşinyan partiyasının qərargahında artıq partiyasının qələbə çaldığını bəyan etdi və bu hadisəni üç il ərzində ikinci inqilab adlandırdı.

O qeyd edib ki, hər iki inqilab demokratik və qeyri-zorakıdır, hərçənd birincisi “məxməri” adlandırıldığı halda ikincisinə “polad” demək olar. Və indi, onun dediyinə görə, “minlərlə insan kasıblayaraq vətənlərini tərk etdikləri bir zamanda ölkəni talan edənlərə və bunun sayəsində varlananlara rəhm edilməyəcək”.

Paşinyanın bəyanatını tərəfdarlarının “inqilabi” hökuməti “sabiq”lərə münasibətdə kifayət qədər amansız olmamaqda tənqid etməsi ilə açıqlamaq mümkündür.

Sabiq prezident Robert Köçəryanın bloku bəyan edib ki, seçkinin nəticələri mübahisəli görünür. “Ayastan” bununla əlaqədar olaraq hələ ki nəticələri tanımağa hazırlaşmır.

Səsvermədə cəmi 1 milyon 282 min 411 nəfər və ya 49,4 faiz iştirak edib, 4682 bülleten etibarsız sayılıb. MSK son nəticələri seçkilər keçirildikdən yeddi gün sonra açıqlayacaq.

Nəticələr elan edildikdən sonra ilk reaksiya

Sosial şəbəkələrdə həmişə fəal olan Nikol Paşinyan əvvəlcə “Facebook”da status paylaşıb. O, həmin statusda xəbər verib ki, Vətəndaş Müqaviləsi Partiyası səs çoxluğu qazanıb və hökuməti təşkil edəcək.

Gecə hələ MSK-da səslər hesablanarkən Nikol Paşinyan partiya qərargahında çıxış edib və seçiciləri “qələbəni bayram etmək” üçün iyunun 21-i Respublika Meydanına dəvət edib.

O, “Twitter”də yazıb ki, partiyası parlamentin yeni çağırışında ən az 71 mandata sahib olacaq.

MSK hələ ki, 105 mandatın yeni parlamentdə necə bölüşdürüləcəyini elan etməyib, lakin bəzi erməni saytları öz hesablamalarını dərc edib. Ehtimal olunur ki, Vətəndaş Müqaviləsi 22, Ayastan 27, “Şərəf duyuram” bloku isə 6 mandat alacaq.

Sabiq prezident Köçəryanın blokunun reaksiyası

Məlum seçkilərdə Nikol Paşinyanın partiyasının əsas rəqibi sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ayastan” bloku olub. Keçirilmiş sosial sorğuların məlumatlarına görə, keçmiş prezident kifayət qədər qısa müddət ərzində reytinqləri bərabərləşirməyə müvəffəq olub.

Bununla belə, Paşinyanın partiyası seçkilərdə iki dəfə çox səs toplamağa nail olub. Belə olan halda “Ayastan” bloku səsvermənin nəticələrinin mübahisə doğurduğunu və etibarlı olmadığını bəyan edib:

“Müxalif qüvvələrin çoxlu sayda insan toplayan mitinqləri və hakimiyyətin aşkar azsaylı tədbirləri, ölkədə etibar böhranı tamamilə başqa əhval-ruhiyyədən xəbər verir. Məlum şübhələrə ciddi əsas rolunda isə seçki məntəqələrindən gələn yüzlərlə siqnal çıxış edir. Həmin siqnallar təşkil olunmuş və planlaşdırılmış saxtakarlıqlara şahidlik edir”.

Odur ki, blok nümayəndələri ehtimal olunan və artıq qeyd edilən pozulmaları araşdırmaq niyyətindədir və hələ ki, səsvermənin nəticələrini tanımağa hazırlaşmır.

Müşahidəçilərin rəyləri

Səsvermə prosesi sülh şəraitində, kütləvi və kobud pozulmalar olmadan, rəvan keçib, – yerli müşahidəçilər belə hesab edir.

“Bununla belə, bir sıra seçki məntəqəsində gərginlik müşahidə olunub. Bu gərginlik, adətən, kənar şəxslərin mövcudluğundan doğub. Həmin şəxslər səsverməni idarə etməyə və ona nəzarət etməyə çalışıb. (…) Sadalanmış seçki pozuntularının böyük bir hissəsi “Ayastan” blokunun üzərinə düşür, – “Transparency International” Korrupsiya Əleyhinə Mərkəzin icraçı direktoru Sona Ayvazyan “Akanates” müşahidə missiyasının mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, həm seçkilərdə qalib gəlmiş Vətəndaş Müqaviləsi Partiyası, həm də parlamentə keçmiş üçüncü qüvvə – “Şərəf duyuram” bloku tərəfindən pozuntular qeydə alınıb.

Çatışmazlıqlar olub, lakin onlar sistemli xarakter daşımayıb, seçkilərdən sonra beynəlxalq müşahidəçilər bəyan edib.

Qeyd olunmuş pozuntular seçkilərin nəticələrinə təsir göstərə bilməyib, MDB müşahidə missiyasının rəhbəri İlham Nemətov qeyd edib.

Bu missiya 96 adamdan ibarət olub və 700 seçici məntəqəyə baş çəkib. Onun rəhbərlərinin dediklərinə görə, həmin missiyanın tərkibində MDB ölkələrinin, MDB Parlamentlərarası Assambleyanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlamentlərarası Assambleyanın təcrübəli ekspertləri olub.

Ekspert rəyi

Siyasətçi, şərqşünas Sergey Melkonyan öz Teleqram-kanalında iki suala cavab verməyə çalışıb – nə baş verib və nə etməli?

“Dünən Ermənistandakı seçkilərdə Türkiyə və Azərbaycan qələbə çalıb. Bu, erməni dövləti üçün ikinci 10 noyabrdır.

Təslimçinin (2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların bitməsi haqda sənədə qol çəkən Nikol Paşinyan nəzərdə tutulur) təşkil etdiyi xalq kəsimi növbəti yolu seçib: Arsaxı (Qarabağ) tamamilə təslim etməklə bu məsələni bağlamaq; anklavları və strtaeji kommunikasiyaları təslim etmək; Syunikin (Ermənistanın cənub bölgəsi) bir hissəsini dəhliz kimi verməklə (Azərbaycanın öz eksklavı Naxçıvanla birləşməsi üçün) Türkiyə ilə Azərbaycanı birləşdirmək.

Amma sizin üçün bu mühüm deyil, sizin üçün mühüm olan Köçəryanın uduzmasıdır, elə deyilmi? Arsax nəyinizə lazımdır? Müstəqillik nəyinizə lazımdır? Axı Köçəryan açıq-aşkar dövlətçiliyi itirməkdən daha qorxuludur.

Nə etməli?

  1. Növbəti böhranı gözləməli, çünki bu cür səriştəsiz rəhbərliklə o çox tez bir zamanda gerçəkləşəcək. Yəqin ki, insanlar daha yaxşı deyil, daha pis olacağının fərqinə varacaqlar. Və bir hissəsi öz səhvini anlayacaq. Bunu başa düşmələri üçün onlarla işləmək lazımdır.
  2. Gələcək elitanı hazırlamaq. Köhnə siyasətçiləri səhnədən çıxarmalı və onların yerinə ehtiyatda olan gənc avanqardları qoymalı.
  3. Uzunmüddətli planda: nəsil dəyişməsini gözləmək və onlarla işləmək.

Və dünən təcrübəli həmkarın dediyi kimi, növbəti kapitulyasiyanın həyata keçməsinə mane olmaqla onların qələbələrini pozmaq. Hələ yanvar ayında Nikol seçkilər bitən kimi həmin kapitulyasiyaya imza atacağını vəd etmişdi”.

Ana səhifəXəbərlərErmənistanda keçirilən seçkilərin nəticələri: “məxməri” inqilab “polad”la əvəzlənib?