“Ermənistan düşünür ki, dinc əhalini vursalar, Azərbaycanı dayandıra biləcəklər”

Fazil Mustafanın sözlərinə görə, Ermənistanın indiki aqressiv davranışında beynəlxalq ictimaiyyətin günahı var

Source: АПА


Cenevrə görüşü öncəsi mülki əhali niyə hədəfə alındı?

“Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin 29 oktyabr Cenevrə görüşü öncəsi Bərdə şəhərinin 2 gün ardı-ardıya raket atəşinə tutulması rəsmi Yerevanın çarəsizliyindən və hirsindən doğur”.

Bu açıqlamanı Meydan TV-yə siyasi icmalçı Hikmət Hacızadə verib.

Hikmət Hacızadə bildirib ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları Ermənistanı çıxılmaz vəziyyətə salıb:

“Ona görə onlar irrasional şəkildə davranırlar”.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə hesab edir ki, Ermənistan müharibə meydanında Azərbaycana məğlub olduğundan dinc əhalini hədəfə alıb:

“Ermənistan düşünür ki, dinc əhalini vursalar, Azərbaycanı dayandıra biləcəklər. Ancaq Azərbaycan heç nəyə məhəl qoymadan Ermənistan ordusunun toplaşdığı Xankəndini və başqa məskunlaşdıqları yerləri vurmalıdır. Çünki Ermənistan ordusunun dinc əhaliyə bu münasibətinin qarşısında sakit və mədəni yol yoxdur. Tarix göstərib ki, onlar digər millətlərlə bir yerdə yaşaya bilmirlər. Maraqlanın, Ermənistanda gürcü və yaxud başqa millət yaşayırmı?”.

fazil mustafa 2504.jpg
Fazil Mustafa

Fazil Mustafanın sözlərinə görə, Ermənistanın indiki aqressiv davranışında beynəlxalq ictimaiyyətin günahı var:

“Beynəlxalq ictimaiyyətin susqunluğu səbəbindən Ermənistan hakimiyyəti və cəmiyyəti ərköyünləşib. Təəssüf ki, Ermənistanın aqressiyasını beynəlxalq ictimaiyyət sanksiyalaşdırıb. Biz onların ərazisini işğal etməmişik, əksinə, qarşı tərəf 28 ildir Azərbaycan ərazilərini işğalda saxlayıb və beynəlxalq ictimayyət də buna susqunluqla yanaşıb. Ermənistan beynəlxaq aləmin himayəsiylə həmin əraziləri işğalda saxlayıb. Xocalıda uşaqları qətl edən ordusuna susqun yanaşan toplumdan nə gözləmək olar? Yəni yalnız Ermənistan hakimiyyəti yox, cəmiyyəti də günahkardır”.

Oktyabrın 27-si və 28-də Ermənistan ordusu Azərbaycanın Bərdə şəhərinə raket zərbələri endirib. Dünən 4 nəfər, bu isə son məlumata görə 21 dinc sakin ölüb.

Ana səhifəSiyasət“Ermənistan düşünür ki, dinc əhalini vursalar, Azərbaycanı dayandıra biləcəklər”