”Ermənistan 1921-ci ildən Rusiyanın işğalı altındadır”

Tiqran Xzmalyan
Tiqran Xzmalyan

Tiqran Xzmalyan: “Qarabağın Azərbaycanın tərkibində olmasını düşünən hakimiyyətdə 24 saat belə qala bilməz”

Ermənistan vətəndaşlarının çoxu bu fikirdədir ki, ölkənin gələcəyi Qərb dəyərləri, Avropa ilə bağlıdır. Məhz Qərb sivilizasiyası ilə yaxınlaşma Ermənistanın iqtisadi, siyasi və mədəni tələbatına daha uyğundur.

Bu barədə Ermənistan Avropa Partiyasının həmsədri, kinorejissor Tiqran Xzmalyan “Turan” agentliyinə müsahibəsində bildirib.

“O zaman niyə Ermənistan vətəndaşlarının çoxu Qərbə yox, Rusiyaya meyllənməyi vacib sayır” sualının cavabında Xzmalyan deyib ki, Ermənistanda keçirilmiş son sorğulara görə, respondentlərin 87 faizi Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinin tərəfdardır.

“Odur ki, ermənilərin əksəriyyətinin Rusiya ilə ittifaqa tərəfdar olmasını söylərkən ehtiyatlı olmaq lazımdır. Şəxsən mən hesab edirəm ki, Ermənistan, sadəcə, Rusiyanın təsiri altında deyil, həm də 1921-ci il noyabrın 29-dan Rusiyanın işğalı altındadır”.

Onun sözlərinə görə, Ermənistan Avropa Partiyası ona əsaslanır ki, Ermənistan indiyədək işğal edilmiş ərazi olaraq qalır, suverenliyi məhduddur. “Siyasi elitanın və bütün cəmiyyətin əsas vəzifəsi milli suverenliyin bərpasıdır”, – Xzmalyan hesab edir.

“Ermənistanla Rusiya münasibətləri necə qurulmalıdır” sualının cavabında həmsöhbətimiz deyib:

“Biz Putin Rusiyasının müttəfiqi və tərəfdarı deyilik. Bu ölkə növbəti dəfə Avropa inkişaf vektorundan kənara çıxır. Bu ölkənin özü -özünü dünyadan necə təcrid etdiyini, ondan siyasi və iqtisadi baxımdan asılı olan ölkələri və xalqları öz ardınca çəkdiyini görürük. Bundan əlavə, Rusiya açıq kolonizasiya siyasətini yürüdür.

Onu demək kifayətdir ki, Ermənistan iqtisadiyyatı, onun energetikası, maliyyə-bank sektoru, dəmir yolu, aviasiya, kommunikasiya, rabitə, həmçinin təhlükəsizlik sistemi və s. Rusiyanın tam nəzarəti altındadır. Belə şəraitdə suverenlikdən danışmaq ağılsızlıqdır”, – Xzmalyan deyib.

O deyib ki, Ermənistan Avropa Partiyası mövcud olduğu dörd ay ərzində bu mövqeyi ölkənin geniş ictimaiyyətinə, hətta Rusiya səfirliyinin diqqətinə çatdırır.

“Biz Ermənistanda Rusiya hərbi bazasının və Rusiya Federal Təhlükəsizlik Xidməti qüvvələrinin olmasının qəti əleyhinəyik”, – o vurğulayıb.

“Deyək ki, Ermənistan hökuməti Rusiya bazasının Gümrüdən çıxarılması və Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsini qaldırdı. Yerevan Gürcüstan və Ukraynanın taleyinin təkrarlanmasından ehtiyat etmirmi?” sualının cavabında Xzmalyan deyib ki, Ermənistan və Azərbaycan bu yolu artıq keçiblər.

“1988-ci ildə hər şey məhz bundan başladı: regionda sabitliyin pozulması, Sovet İttifaqının çökməsi, Qarabağda 4 illik müharibə, Ermənistandan Azərbaycana və əksinə adamların kütləvi axını. Yəni, nədən ehtiyat edirdiksə, baş verdi. Odur ki, daha qorxacaq bir şey yoxdur”, – Xzmalyan hesab edir.

“Əgər Moskva Ermənistanı cəzalandırmaq üçün Qarabağ münaqişəsi məsələsində Bakını dəstəkləyərsə, ona necə olacaq?”sualı həmsöhbətimizi təəccübləndirib. O deyib ki, əslində Moskva yalnız öz maraqlarını müdafiə edir.

“İndiki halda Ermənistan və Azərbaycan Rusiya maraqlarının həyata keçirilməsində alət sayılır. 2016-cı ilin aprel müharibəsində də belə bir şey olmuşdu. Bizim fikrimizcə, bu əməliyyat Rusiya Baş Qərargahı və hərbi-siyasi rəhbərliyi tərəfindən koordinasiya edilmişdi. Əgər xəritəyə baxsaq, görərik ki, zərbələr Qarabağın şimalında və cənubunda – Bakı-Ceyhan neft kəmərinin və İranla sərhədin yaxınlığında endirilib. Vaxta görə bu hadisələr Suriyada fəallaşma ilə üst-üstə düşür. Moskvanın maraqları bəllidir- neft və qaz axınına nəzarət etmək. O zaman Serj Sarkisyandan bir şey tələb olunurdu: rusiyalı sülhməramlıları köməyə çağırmaq, ancaq o, bundan imtina etdi. Aprelin 5-də, barışıq olduqdan bir gün sonra Sarkisyan Moskvaya yox, Berlinə getdi. Orada sensasion bəyanatla çıxış etdi. O dedi ki, bundan sonra Ermənistanın siyasi havadarları yoxdur”, – Xzmalyan deyib. O bu fikri bundan sonra Ermənistanın Rusiya ilə müttəfiqlik əlaqələri saxlaya bilməyəcəyi kimi qiymətləndirir.

Xzmalyanın fikrincə, Ermənstanın və Azərbaycanın münaqişə regionuna sülhməramlıların gəlməsinə razılıq verməsi Moskvanın təkcə Azərbaycanın neft-qaz kəməri marşrutlarına yox, həm də İrandan, Suriyadan və digər regionlardan karbohidrogenlərin nəqlinə nəzarət etməsinə imkan verəcək.

Lakin nə Ermənistan, nə də Azərbaycan belə təklifə razılaşmayaraq barışığa üstünlük veriblər.

Eyni zamanda Xzmalyan Ermənistanın Azərbaycanın əlilə cəzalandırılmasının mümkünlüyünü istisna etmir, ancaq hesab edir ki, erməni tərəfi hücumu dəf etmək üçün kifayət qədər yaxşı hazırdır.

“Bu yaxşı hazırlanmış əməliyyat hər hansı strateji dəyişikliyə səbəb olmadı. Əksinə, bizim cəmiyyətin maraqlı reaksiyası oldu, könüllülər cəbhəyə getdi. Hətta 25 ildən sonra belə cəmiyyətdə bu məsələdə konsensus var. Ona görə də biz belə variantı istisna etmirik, ancaq ondan qorxmuruq”, – Xzmalyan deyib.

“Əgər Rusiya qazın qiymətini 165 dollardan 200-250 dollara qədər artırsa necə olar?”.

Bu sualın cavabında həmsöhbətimiz deyib ki, bu gün qazın real qiyməti 300 dollardır.

“Ermənistan sərhəddinə qədər qaz 165 dollara daxil olur, sonra 100 faiz Rusiyanın “Rosarmqazprom” strukturuna verilir ki, o da istehlakçılara başqa qiymətə satır. Sıravi istehlakçılar üçün bu qiymət min kubmetrə görə 300 dollardır. Yəni, əslində Rusiya qazı bizə baha satır, məsələn, Ukraynaya satdığından da baha”, – Xzmalyan bildirib.

O, vəziyyətdən çıxış yolunu qonşu İrandan qaz almaqda görür. “Üç min kilometrdən neft və qaz daşımaq nəyə lazımdır, bir halda ki, Yerevanın 300 km.-də onun etibarlı tərəfdaşı -İran var. İran qazı daha ucuz qiymətə – 100 dollara nəql edir. Qeyd edək ki, hətta İrandan qazın nəql edildiyi boru “Qazprom”a məxsusdur. Lakin fors-major durumda Ermənistanın bu sövdələşməni pozmasına heç kim əngəl ola bilməz”, – Xzmalyan hesab edir.

“Əgər Rusiya elə vəziyyət yaradarsa ki, Ermənistan vətəndaşları orada yaşaya və işləyə bilməyərək geriyə qayıtmağa məcbur olar, onda durum necə olacaq” sualının cavabında Xzmalyan deyib ki, Rusiyanın Ermənistanı bu məsələ ilə şantaj edəcəyinin mümkünlüyünü istisna etmir. 2008-ci ildə Gürcüstanla müharibə zamanı yüz minlərlə gürcü Rusiyanın təzyiqini hiss etdi. Odur ki, adamların belə vəziyyətin girovuna çevrilməsinə yol vermək olmaz.

“Rusiya ciddi iqtisadi böhran keçirir, güclü sanksiyalar altındadır, əmək haqları azalır və Rusiya Sovet İttifaqının süqutu ərəfəsindəki duruma düşüb. Neftin qiymətinə ABŞ nəzarət edir, alıcıdan iri karbohidrogen satıcısına çevrilib. Digər tərəfdən, Venesuela hadisələri ona gətirib çıxaracaq ki, bu ölkə Rusiyanın müttəfiqi olmağa son qoyaraq Qərbin təsiri altına düşəcək. Ona görə də ancaq neftə arxalanan ölkələr yaxın zamanlarda ağır vəziyyətə düşəcəklər”.

O deyib ki, neftin qiymətinin enməsindən əlavə, ABŞ yeni silah yarışmasına başlayır ki, Rusiya iqtisadiyyatı, sadəcə, buna tab gətirməyəcək.

“Odur ki, soydaşlarımız özləri düşünməlidirlər ki, qayıtmaq lazımdır, ya da bunu onlara Rusiya hakimiyyəti öz repressiyaları ilə anladacaq. Ancaq milyon və ya bir milyon yarım adamın qayıtması Ermənistan üçün fəlakət deyil, hətta daha yaxşıdır. Bu, ağrılı məsələdir, ancaq heç bir halda suverenlik seçimi məsələsinə təsir göstərməməlidir”, – Xzmalyan qeyd edib.

Hədə və şantaj ilə məqsədə qısa müddətə nail olmaq olar. Ancaq şantaj ilə uzunmüddətli siyasət qurmaq mümkün deyil.

“Ermənistanın gənc nəsli heç zaman bununla razılaşmaz, kölə vəziyyətində yaşamaq istəməz. Böyük dövlətlər nə edərlərsə etsinlər, biz bu müstəmləkə asılılığından, onu saxlayan KTMT və AİB kimi qurumlarda çıxmalıyıq və Avropa ilə əməkdaşlığı inkişaf etdirməliyik.

Əgər bizim proqramı qısaca təsvir etsək belə görünər:

1)Armekzit – Ermənistanın Avrasiya İqtisadi Birliyindən və KTMT-dən çıxması;

2) Armenter – Ermənistanın Avropa İttifaqına və NATO-ya daxil olması;

3) Avrotəmir – Avropa standartları əsasında siyasi mühitin infrastruktur və qanunvericilik dəyişiklikləri ilə avrointeqrasiya. Bunlar bizim strateji vəzifələrimizdir və bizim nəsil bunu etməyə məcburdur”, – Xzmalyan deyib.

“Azərbaycanla münaqişə və Türkiyə ilə sərhədlərin bağlı olması şəraitində Ermənistan Rusiyasız necə yaşaya bilər?” sualının cavabında həmsöhbətimiz deyib ki, Gürcüstan nümunəsi buna kömək edər.

Gürcüstan Avropa İttifaqı ilə yaxınlaşdıqdan sonra onun vətəndaşları Avropada sərbəst hərəkət etmək və yaşamaq imkanları qazandılar. Bundan Gürcüstandakı ermənilər də istifadə etdilər və bu, Cavaxetiyada (Gürcüstanın erməni əhalisinin yaşadığı region -red.) gərginliyi xeyli azaldı. Ölkələrdən biri digər sivil mühitdə, indiki halda Avropa mühitində, olunca məsələ səngidi. Ermənilər Gürcüstan pasportunu dəyərləndirdilər və Rusiyanın bu regionda qızışdırdığı millətlərarası münaqişə səngidi.

Azərbaycanla münaqişə necə həll ounmalıdır? Bu sualın cavabında Xzmalyan deyib ki, bundan ötrü suveren və demokratik ölkələrlə birbaşa dialoq vacibdir.

“Əgər bu, olmasa, ancaq barışıq haqda danışmaq olar, uzunmüddətli sülh haqda yox. Ermənistana gəlincə, o, müstəqil, işğaldan və müstəmləkə təzyiqindən azad olmalıdır. Yalnız bundan sonra danışıqlardan nəsə gözləmək olar. Hazırda siz Yerevanla yox, Moskva ilə danışırsınız və hər şey Rusiyanın tam nəzarəti altında baş verir”, – Xzmalyan deyib.

Prinsiplərdən danışsaq əgər, dünya ümumbəşəri dəyərlərə, hüquqlara hörmət edilməsinə və şəxsiyyət azadlığına əsaslanmalıdır. “Fikrimcə, minillik qonşular kimi xalqlarımız və dövlətlərimiz üçün məqbul həll tapacağıq”, – o bəyan edib.

Xzmalyan Dağlıq Qarabağı Azərbaycanın tərkibində görməsilə bağlı sualın cavabında qəti şəkildə “yox” deyib.

“Erməni ictimaiyyətində ümumi fikir formalaşıb. Bundan əlavə, bu cür düşünən istənilən hökumət indiki də daxil olmaqla, hakimiyyətdə 24 saat belə qala bilməz”, – Ermənistan Avropa Partiyasının lideri qeyd edib.

Ana səhifəVideo”Ermənistan 1921-ci ildən Rusiyanın işğalı altındadır”