Ermənistanda kilsəyə qarşı əməliyyat davam edir

Foto: news.am

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında toqquşma baş verib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları və polis əməkdaşları iyunun 27-si səhər saatlarında Erməni Apostol Kilsəsinin (EAK) mənəvi və inzibati mərkəzi, eləcə də kilsənin katolikosunun (ruhani liderinin) iqamətgahı olan Müqəddəs Eçmiədzin Ana Kilsəsinin ərazisinə gəliblər.

Bu barədə “News.am” məlumat yayıb.

MTX əməkdaşları həmçinin EAK-nın Şirak Yeparxiyasının ruhani lideri, arxiyepiskop Mikael Acapaxyanın iqamətgahında axtarış aparıblar.

Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında toqquşma olub.

Arxiyepiskop Acapaxyan məbədin ərazisində toplaşan hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslərin qarşısına çıxaraq, gizlənmək niyyətində olmadığını bildirib:

“Qardaşlarımın arxasında gizləndiyim təəssüratını yaratmaq istəmirəm və heç kimdən gizlənmirəm. Onlar (MTX) mənim üçün gəliblər, mən gedəcəyəm. Mən daha ucadan deyirəm ki, baş verənlər qanunsuzdur. Mən bu ölkə üçün təhlükə deyiləm, əsas təhlükə hakimiyyətdədir. Mən heç vaxt bu ölkəyə təhlükə yaratmamışam, indi də yaratmıram, gələcəkdə də yaratmayacağam”.

Ermənistan Baş Prokurorluğu iyunun 26-da açıqlama yayaraq Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarla bağlı (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) cinayət işi açıldığını bildirib.

Ermənistanda hökumətlə Apostol Kilsəsi arasındakı gərginlik illərdir davam edir.

Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra kilsənin Paşinyanı istefaya çağırması, hakimiyyətin isə din xadimlərini siyasi müdaxilədə ittiham etməsi münasibətləri daha da gərginləşdirib.

Qarşılıqlı sərt ritorika bu günlərdə kilsə fiqurlarının həbsi və təhlükəsizlik orqanlarının məbəd ərazilərinə müdaxiləsi ilə nəticələnib və “Müqəddəs mübarizə” müxalifət hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan terror və hakimiyyəti ələ keçirmək ittihamı ilə həbs olunub.

Ana səhifəDünyaErmənistanda kilsəyə qarşı əməliyyat davam edir