Ərəstun Oruclu: 100-150 müxalifətçinin həbsi heç nəyin qarşısını ala bilməz

Təcrübə göstərir ki, belə xaotik proses liderlərini adətən, özü üzə çıxarır və həmin liderlər də təkcə populust olmurlar.

Source:


“Ölkədə adicə işləyən adamların haqqında səlis məlumat bankı yoxdur”


Dünya COVİD-19, koronavirus infeksiyası haqqında xəbərlərə köklənib. Gündəmin əsas informasiyaları yoluxanların və ölümlərin sayı, onların əsasında sosial-iqtisadi qərarlar, karantin rejimi barədədir. ABŞ-da yaşayan siyasi icmalçı və ixtisasca həkim Ərəstun Oruclu ilə gündəmin doğurduğu suallara aydınlıq gətirməyə çalışdıq.


– Ərəstun bəy, sizinlə təkcə siyasi icmalçı kimi yox, həm də həkim kimi söhbət etmək istərdim. Ötən ilin sonunda Çində başlayan koronavirus infeksiyasına yanaşma müxtəlifdir, iqtisadi müharibənin başladığını düşününənlər də var, ancaq sırf tibb elmi baxımından yanaşma qoyanlar da az deyil. Bəs sizin münasibətiniz necədir?

– Mən uzun illər tibbdən kənarda olsam da, hələ 3 il əvvəl, daha dəqiq desəm, Amerikaya köçdükdən sonra tibbi ədəbiyyatla yenidən maraqlandım və məlum infeksiya yayılanda xüsusilə koronavirusla bağlı yüzlərlə elmi məqalə oxudum. Obyektiv faktlara söykənən məlumatlarım əsasında belə təəssürat yarandı ki, hələ 2003-cü ildə virusoloqlar, mikrobioloqlar həddən artıq koronavirusla maraqlanıb, çoxlu təhqiqatlar aparıblar. İstisna deyil ki, bütün bu eksperimentlərin nəticəsində bu virus ortaya çıxıb. Amma bunun bioloji silah kimi istifadə olunması inandırıcı deyil. Ona görə ki, bioloji silahın qarşısını almaq qeyri-mümkündür, dünya o qədər inteqrasiya olunub, qloballaşıb ki, bunun yalnız hansısa məhdud ərazidə öz təsirini göstərəcəyini düşünmək sadəlöhvlük olardı. Ancaq hansısa hibrid virusun yaradılması mümkündür və ardınca da o, sadəcə səhlənkarlıq nəticəsində laboratoriyadan sızıb. Son vaxtlar tez-tez infeksiyanın yayıldığı bölgənin, xüsusilə də Vuhan Texnologiya Universitetinin adı hallanır, bildirilir ki, təhsil müəssisəsinin əməkdaşlarından biri də ilk yoluxan 28 nəfər arasında olub. Ancaq Çinin qapalı ölkə olması bu cür məlumatları dəqiq yoxlamağı mümkün etmir, bu mənada həm də bu ölkənin yoluxanlar və ölənlərlə bağlı məlumatlarına da güvənmirəm. Bir milyon yarım insanı qapalı yerdə saxlayıb onlarla faşist kimi davranan ölkədən yaxşı və obyektiv bir məlumat gözləmirəm. Çin siyasi sistemi bu gün dünya üçün ciddi bir təhdiddir. Çinin ötən ilin sonundan infeksiyanın yayılması ilə bağlı xəbərləri gizlətməsi konspriloji yanaşmaları bir qədər də artırır. Amma yanvarın sonunda Harvard Universitetinin məşhur professoru Çarlz Lieberin həbsi və onun məhz Vuhan Texnoloji Universitetində çalışması, çinlilərdən pul alması, ABŞ dövlət orqanlarından bunları gizlətməsi konspiroloji mülahizələr üçün əlavə əsaslar verir. Ortada heç bir fakt isə yoxdur. Amma hər bir halda, pandemiya var və o, insan həyatı üçün real təhlükədir. İkinci, digər fikri ifadə edənlər də haqlıdır ki, COVİD-19 yeni virusdur, insanlarda ona immunitet hələ yoxdur, insanların orqanizmi ona hazır deyil və virusun xarakteri ilə bağl da hələ bütün detallar bəlli deyil. Ona görə yoluxma halları da yüksəkdir, adi qriplə müqayisədə də orta ölüm faizi 4 dəfə yüksəkdir. Amma bu rəqəm qorxu yaratmasın, ənənəvi virus qripi epidemiyası zamanı ölüm faizi 1 faiz civarındadırsa, koronavirusda ortalama 4 faizdir. Təbii ki, immunitet qazanıldıqca, bu, epidemiya sönməyə doğru gedəcək, bir müddət sonra yenidən qayıdacaq. Çünki elə bir virusdur ki, genetik xüsusiyyətlərinə görə mutasiyaya uğramaq ehtimalı var. Eynilə qrip virusu kimi. Hesab edirəm ki, ikinci dəfə qayıdanda qorxu və itkilər daha az olacaq. Fikrimi isbatlamaq üçün bir faktı xatırladım: I Dünya Savaşı bitəndə 50-100 milyon insanın ölümünə səbəb olan “İspan qripi” yayıldı. Sonra 2009-cu ildə bir daha qayıtdı, amma başqa cür adlandırıldı onda – “Donuz qripi”. Ölümlərin sayı isə 15-18 min nəfər civarında oldu. Halbuki, hər iki halda eyni – həmin “İspan qripini” törədən virus idi, H1 N1. Nə qədər ki, bəşəriyyət təbiətlə, ətraf mühitlə yanlış davranır, gen mühəndisliyi əməliyyatları üçün məhdudiyyətlər və ciddi nəzarət tətbiq edilmir, bu cür hadisələrin olacağı da istisna deyil. Dəxli yoxdur, ya təbii səbəblərdən, ya da kimlərinsə eksperimentlərə xəstə aludəçiliyindən. Çünki bəzi alimlər şəxsi eqolarını təmin etmək naminə çox məsuliyyətsiz eksperimentlərə gedirlər, bir tərəfdən də onlar arasında elə insanlar var ki, elm naminə bəlkə milyonların ölümünə adi bir şey kimi baxırlar. Yəqin ki, bundan sonra dövlətlər elmi təhqiqatlara nəzarəti də gücləndirməli olacaqlar.


– Yaşadığınız ABŞ-da ölümlərin sayı 4 mini keçib və Prezident Tramp 200 min insan ölümünün gözlənildiyi haqda açıqlama verib. Bu baxımdan Amerikada durum o qədərmi ağırdır?

– Bir neçə inkişaf etmiş ölkə istisna olmaqla, qərb dövlətlərində ölüm faizi yüksəkdir. Məsələn, Almaniya və İspaniya, İtaliya, hətta Fransa ilə müqayisə etdikdə, fərq açıq-aydın görünür. ABŞ-da koronavirusa yoluxmaların sayı təxminən 200 minə yaxınlaşıb, burda söhbət 2 faiz itkidən gedir. İtaliyada bu rəqəm 10 faizdən yüksəkdir. Birinci səbəb yaşlı insanlar arasında xroniki xəstəliklərə çox rast gəlinməsi və bunun nəticəsində onların immunitetinin zəif olmasıdır. Yəni əsas səbəb yalnız koronavirus deyil, bəzən yanlış izah edirlər, ölümlərə səbəb koronavirusla bərabər xroniki xəstəliklərin kəskinləşməsi, terminal fazaya keçməsi və ağırlaşdırıcı halların olmasıdir. Ona görə 65 yaşdan yuxarı olan insanlarda ölüm faizinin xeyli yüksək olması heç də təsadüfü deyil. İkinci, Amerikada ilk andan məsələyə həddən artıq məsuliyyətsiz yanaşıldı.


– Nədən ibarət idi məsuliyyətsizlik?

– Prezident Tramp bu il yenidən seçkilərdə iştirak edəcəyindən məsələnin qabarmasına yol verməməyə çalışırdı. Ona görə ki, koronavirusun yayılması nəticəsində Çinin və bir sıra Avropa ölkələrinin iqtisadi resessiyaya uğraması göz önündəydi. Tramp üçün isə ölkədə iqtisadi geriləmənin baş verməsi əlverişli dinamika deyildi. Çünki bu cür gedişatın seçkilərdə onun nüfuzuna neqativ təsir göstərəcəyini bilirdi. Beləliklə, bu cür məsuliyyətsiz yanaşmanın nəticələri göz önündədir. Amma ağır vəziyyətə baxmayaraq, ölkə səfərbər olundu və bu durumdan çıxacağına inanıram.


– Siz tibbi ədəbiyyat oxuduğunuzu və yaşadığınız ölkənin ağır vəziyyətdən çıxacağını söylədiniz. Bu baxımdan ABŞ-da vaksin hazırlığı gedirmi?

– Vaksin əlbəttə tapılacaq. Amma yenə də tibbi ədəbiyyata istinad etsək, mənim araşdırdığım elmi mənbələr bu gün COVİD-19 virusunun 28 mutant formasının olduğunu qeyd edir. Bu isə o, deməkdir ki, hər bir mutant formanın spesifik vaksini olmalıdır. Bilmirəm, universal vaksin olurmu?! Yəni elmin dediyi qanunlara əsaslansaq, hər bir vaksin yalnız bir genoma tətbiq edilə bilər. Bu baxımdan tapılacaq vaksinin effektiv olacağını çətin təsəvvür edirəm. Nəzəri cəhətdən alınmır, bəlkə praktiki baxımdan universal vaksin yaradılacaq ki, o da pandemiyanın sonrakı genişlənməsinin qarşısını alacaq, heç olmasa, təhlükəni xeyli azaldacaq. Vaksin tapıldığı haqda müxtəlif ölkələrin alimlərindən çoxsaylı bəyanatlar gəlsə də, bu, hələ də mübahisəlidir.


– Qayıdaq infeksiyanın siyasi təsir tərəflərinə, xüsusən Türkiyə mətbuatında, konkret olaraq, “Takvim” qəzetində bütün baş verənlərin iqtisadi savaş olduğunu yazırlar və hətta dövlət katibi Pompeodan sitatlar gətirirlər. Bəs ABŞ mediası və təhlilçiləri bu yanaşmaya hansı şərh verirlər?

– Xeyr, ABŞ mətbuatında konspriloji yanaşmalar yoxdur. Qərb mətbuatında və cəmiyyətində standart bir yanaşma var: fakt və sübut yoxdursa, deməli, konspirasiyadır. Düzdür, bu, hərdən insanları susdurmaq üçün standart ittiham kimi də istifadə olunur. Yəni, hansısa insan ümumi rəydən, qəbul olunmuş media formatından kənara çıxıb nəsə yazırsa, çox rahat konspriasiyada ittiham olunur. Bəlkə də adam həqiqəti yazır, deyir, mən bunu deyə bilmərəm. Ona görə ABŞ-ın aparıcı mediasında bu cür yanaşmalar yoxdur. Ola bilər hansısa kiçik qəzetlərdə belə şeylər yazırlar, amma o da çox diqqətçəkən olmur. Yalnız Harvard Universitetinin professorunun həbsi diqqət çəkdi. Çünki orda da Vuhan Texnoloji Universitetinin adı hallanırdı və bu da müəyyən mülahizələr üçün rəvac verdi.


– Ərəstun bəy, 2011-ci ildə Amerikanın çəkdiyi “Yoluxucu” filmi də komplo nəzəriyyələrin yer almasına təsirsiz ötüşmür…

– İndi belə filmlər, kitablar, hətta cizgi filmləri də tez-tez xatırlanır, amma məsələ burasındadır ki, elə şeylərin mütləq əksəriyyəti konkret insanların – yazıçıların, ssenaristlərin təxəyyülünün məhsuludur və dövlətə, onun siyasətinə heç bir aidiyyatı yoxdur. Bəzən də istinad olunan həmin kino və ədəbiyyat nümunələri açıq şəkildə təhrif və ya interpretasiya olunur.


– Bəs dövlət katibi Pompeo “iqtisadi müharibədə qələbə bizim olacaq” deyə açıqlama vermişdimi?

– Bunlar hamısı populist bəyanatlardır. Donald Tramp onu tənqid edən medianı “xalq düşməni” adlandırır. Pompeo da başqa formada müxtəlif bəyanatlar verir. Bugünkü administrasiya üçün belə bəyanatlar adi hal olduğundan, onları bu qədər də ciddi qəbul etmək lazım deyil. Çünki onların siyasi ritorikası belədir.


– O zaman Trampın 200 min amerikalının öləcəyi haqda bəyanatı da ritorikadır?

– Bəli, sadəcə növbəti məsuliyyətsiz və düşünülməmiş bəyanatdır. Donald Tramp o qədər belə bəyanatlar verib ki.



Amerika cəmiyyətində COVİD-19 panikası varmı?

– Panika var, insanların davranışına baxdıqda görünür. Məsələn, bir sıra evlərdə qapıların dəstəsindən tutub açmırlar, insanlar bir-birilə əl tutub görüşmür, məsafə saxlayırlar, sosial məsafələşmə təbliğatı gedir. Mağazalarda kütləvi şəkildə malların alınmasında da panika özünü göstərməkdədir. Amma cəmiyyətə, onun davranışına baxdıqda, panika çox da görünmür, məncə, panika daha çox media tərəfindən yaradılır. Nəzərə alsaq ki, insanlar karantindədir, işə çıxmırlar, media da bu yöndə insanları psixoloji baxımdan daha çox yükləyir. Yaxud bəzi ştatlarda, məsələn, Nyu Cersidə, Kaliforniyada pandemiya yeni başlayanda silah mağazalarında böyük növbələr yaranmışdı. Dövriyyəyə belə fikirlər buraxılmışdı ki, indi aclıq başlayacaq, evlərə hücumlar olacaq və insanlar da özünü müdafiə üçün silah alırdılar. Görünür, silah satan şirkətlər vəziyyətdən bu cür istifadə etdilər. Güman ki, xeyli də uğur qazandılar. Amma bunun özü elə ciddi təhlükələrə aparan yoldur, çünki ölkədə silahlı insanların sayı onsuz da çoxdur və indi bir qədər də artdı. Bunun üstünə psixoloji gərginliyi və maliyyə resurslarının tükənməsini də gəlsək, onda odlu silahdan mümkün istifadə hallarının arta biləcəyini deyə bilərik ki, bu da potensial təhlükə mənbəyidir.


– Tualet kağızı üstündə davaların olması haqqında Azərbaycan telekanallarının yaydığı reportajları necə şərh edərdiniz?

– Mən elə davaları görməmişəm. Amma marketlərdə basabasları gördüm və həqiqətən də marketlərdə bu gün tualet kağızı yoxdur. Amma başa düşə bilmirəm ki, niyə məhz tualet kağızı. Yeri gəlmişkən, içməli su da qıtdır, son günlər isə bütün növ ərzaq məhsulları qıtlaşıb.


– Ümumiyyətlə, hazırda davam edən böhran dünya siyasi düzəninə təsiri olacaqmı? Çünki son vaxtlar pandemiya dövrü bitəndən sonra Çinin hökmranlığının başlayacağı, Avropa Birliyinin dağılacağı və Rusiyanın rolunun artacağı haqda fikirlər gündəmə gəlir…

– İstənilən halda təsirsiz ötüşməyəcək. Təsəvvür edin ki, dünənə qədər vahid məkanda olan ölkələr sərhədlərini bağladılar və iqtisadi əlaqələr kəsildi. İndi bunların açılması, bərpası zaman tələb edəcək, eyni zamanda da yaranmış müvəqqəti boşluqları tutmaq üçün yeni oyunçular meydana çıxacaq, onsuz da dünya iqtisadiyyatında böyük rəqabət vardı. Xüsusən Avropada sosial-iqtisadi böhranın nəticəsi olaraq radikal siyasi tendensiyalar güclənəcək, bəlkə bunun Amerikada da baş verməsi mümkündür. Bir sıra ölkələrdə yoxsullaşan əhalidə radikal cərəyanlara meyl artacaq. Bundan əlavə, dövlətlərin rolu və iqtisadiyyata təsiri artacaq, çünki yaranmış indiki vəziyyətdə şirkətlərə maliyyə yardımlarını dövlətlər edir. Dövlət də bundan istifadə edib öz təsirini artıracaq. ABŞ-da dövlət iqtisadiyyata və insanlara yardım üçün 2.2 trilyon dollar ayırıb, bunun çox hissısi şirkətlərə gedəcək. Almaniyada bu rəqəm 550 milyard avro, Fransada 350 milyard civarındadır. Deməli, dövlətlərin iqtisadiyyata təsiri və cəmiyyətin həyatında rolu artacaq. Bəs bütün bunlardan geri qayıtmaq mümkün olacaqmı? Düşünmürəm ki, olacaq. Məsələn, 2001-ci ilin 11 sentyabr terrorundan sonra ABŞ-da xeyli məhdudiyyətlər həyata keçirildi, insan hüquqları, şəxsi həyatın toxunulmazlığı və.s. məsələlərdə. O vaxtdan 20 ilə yaxın keçməsinə baxmayaraq, həmin qanunlar bu gün də icra olunur, qüvvədədir. Bundan başqa, dünyada özünə qapanma prosesi gedəcək, ikinci, siyasi həyatda radikal meyllər güclənəcək, nəhayət, iqtisadi liberallaşma və qloballaşma tendensiyaları xeyli dərəcədə ləngiyəcək. Çinə gəlincə, bu dövlətin rolu onsuz da artırdı, amma qlobal lider olacağını gözləmirəm. Çünki Çin dövlət olaraq cəlbedici deyil. Nəzərə alsaq ki, son hadisədən sonra Çinə və təəssüf ki, həm də çinlilərə neqativ münasibət də artdı. Belə olacağı təqdirdə Çinin aparıcı dövlət olacağına inanmıram. Resursları və potensialı böyük olan Avropa Birliyi qısa zamanda ayağa qalxacaq. I Dünya Savaşı, ardınca “İspan qripi” fəlakətini yaşayan Avropa bundan 20 il sonra daha bir dünya savaşını gördü, amma 20 il sonra, yəni, ötən əsrin 60-cı illərində dirçəldi və dünyanın iqtisadi, siyasi güc mərkəzlərindən birinə çevrildi. Bu dəfə də Avropa Birliyi imkanları toparlayıb özünü bərpa edəcək. Bəli, bəzi üzv ölkələrdə Avropa Birliyinə skeptik münasibət arta bilər. Amma Almaniya, Fransa, İspaniya, İtaliya dövlətləri bu birlikdə qalacaqsa, deməli, birlik də yaşayacaq. Rusiyanın isə vəziyyəti çox ziddiyyətlidir. Şimal dövlət sanksiyalar və neft qiymətlərinin enməsi fonunda böyük itkilər verir. Bu gün dünya bazarında neftə tələbat azalıb və neft ixrac edənlər da artıb. O cümlədən, ABŞ-ın bu, böhrana qədər gündəlik neft ixracı 8.5 milyon barelə yaxın idi. Halbuki, 15 il əvvəl ən çox neft idxal edən dövlət ABŞ idi. Məsələ ondadır ki, Rusiyanın rolunun artmasını deməyə əsas verən heç bir obyektiv göstərici yoxdur. Əvvəla, dövlət və cəmiyyət kimi cəlbedici deyil, yalnız hərbi müdaxilələrlə məşğuldur. İkinci, korrupsiya iqtisadi potensialını dağıdıb. Bilirsiniz, ölkənin rolunun artması baxımından cəlbedicilik amili son dərəcə vacibdir. Amerikanın dünyada qəbul olunmasının səbəbi yalnız hərbi və iqtisadi gücündən irəli gəlmir, azad və demokratik ölkə modeli cəlbedicidir. Azərbaycanı götürək, niyə insanlar İran və ya Türkiyə modelinə can atmır? Çox sadə səbəbdən, çünki Avropa modeli cəlbedicidir: insanın hüququ, azadlığı, dəyəri var və qanunlar işləyir, bunlar olan yerdə isə iqtisadi çiçəklənmə həmişə olacaq.


– Çox maraqlı trend gedir, inkişaf etmiş dövlətlərdə hökumətlər vətəndaşa yardım ayırırsa, Azərbaycan və Türkiyə kimi dövlətlərdə hökumət fond yaradıb cəmiyyətdən yardım istəyir. Bu fərqi necə qiymətləndirirsiniz?

– Bu başdan deyim ki, ikinci nümunə absurddur. Vəziyyətin kritikliyini dərk etmək və pul toplamaqdan, mənimsəməkdən bir az çəkinmək, imtina etmək lazımdır. Faciədən istifadə edib fürsətçilik göstərmək, karantin adıyla insanları bahalı otellərinə yerləşdirib onlara ayrılan vəsaitdən böyük məbləğdə pullar silmək çox acınacaqlı haldır. İstənilən hökumət böhran situasiyalarında öz mahiyyətini daha çox açıb, bütün çılpaqlığı ilə göstərir. Ona görə də belə fərqli mənzərələr görürük.


– Yəqin ki, Azərbaycandakı durumu izləyirsiniz, dövlət başçısı Novruz Bayramı təbrikində müxalifətə barmaq silkələyəndən sonra müsavatçı Tofiq Yaqublu həbs olundu, paytaxtla rayonlar arası yollar qapadılıb, neftin qiyməti 20 il əvvəlki qiymətə enib. Gedişat nə vəd edir?

– Yaxşı heç nə vəd etmir. Bütün təhdidlər, hədələr və həbslər də o cümlədən. Ola bilər ki, daha 100-150 nəfəri də həbs edərlər, amma bunun cəmiyyət üçün heç bir effekti olmayacaq. Cəmiyyətə təsir edən başqa səbəblər ola bilər, yəqin ki, olacaq da. Söhbət onsuz da ağır olan sosial-iqtisadi durumun bir qədər də ağırlaşmasından gedir. Bəllidir ki, insanların əksəriyyəti günəmuzd işləyir və qazancları da ən yaxşı halda gündəlik tələbatlarını ödəyir. Təsəvvür edin ki, indi onlar karantindədir, resursları tükənib, ayrılan 2 milyarda yaxın yardımın böyük bir hissəsi isə kimlərinsə şirkətlərinin itkilərini ödəməyə və mənimsəmələrə yönəldiləcək. Ölkədə adicə işləyən adamların haqqında səlis məlumat bankı yoxdur, dağınıq, xaotik durumdur. Deməli, hətta yardımların verilməsində də çətinliklər yaranacaq və dərin sosial-iqtisadi böhran qaçılmaz olacaq. Bunun üzərinə rayonlararası əlaqələrin kəsilməsi, insanlarının hərəkətinin məhdudlaşdırıldığını da əlavə edəndə və indi əkin vaxtı olduğunu nəzərə aldıqda, yay aylarında ərzaq və kənd təsərrüfatı məhsullarının qıtlığının yaranacağını demək olar. Ərzağı xaricdən gətirəcəklərinə ümidlər isə özünü doğrultmaya bilər, çünki iqtisadi geriləmə bütün dünyada olacaq və o cümlədən də ərzaq istehsalında. Hətta bu da olmayacaqsa, həmin məhsulları hansı qiymətə idxal edəcəklər və əhali onları həmin qiymətə hansı vəsaitlə alacaq? Alıcılıq qabuliyyəti adi ərzaq məhsullarını almağa kifayət edəcəkmi? Qıtlıq isə həmişə qiymət artımı yaradır. Bunun qarşısını almaq üçün indidən tədbir görülməlidir. Bu gün nəinki fermer təsərrüfatı olan, hətta həyətyanı sahəsi olan insanlara belə dövlət yardımı olmalıdır ki, onlar yay aylarında bazara məhsul çıxarmaq üçün indidən nəsə əkib-becərsinlər. Əks təqdirdə, ölkədə qıtlıq yaranacaq, sosial gərginlik artacaq və bunlar da öz fəsadlarını mütləq göstərəcək. Belə olanda isə 100-150 müxalifətçinin həbsi heç nəyin qarşısını ala bilməz. Çünki bu, adətən qısa zamanda ümumxalq etirazlarına çevrilir və onları da müxalifət idarə etməsi hökmən deyil. Təcrübə göstərir ki, belə xaotik proses liderlərini adətən, özü üzə çıxarır və həmin liderlər də təkcə populust olmurlar. Onlar həm təhlükəli metodlara meyllənirlər, həm də radikal, ifrat radikal, bəzən isə açıq ekstremist mövqe sərgiləyirlər. Belələrinin önə çıxması, siyasi boşluğu tutması isə fikrimcə, hal-hazırda siyasi arenadan silməyə çalışdıqları opponentlərin fəaliyyətindən qat-qat böyük təhlükələr doğura bilər. İlk növbədə də elə hakimiyyətin özü üçün.

Ana səhifəSiyasətƏrəstun Oruclu: 100-150 müxalifətçinin həbsi heç nəyin qarşısını ala bilməz