Ərdoğan 250.000 suriyalının Türkiyəyə qaçdığını deyib

Suriya ordusu qaçqın ailələrin yaşadığı sığınacaqları raketlə vurduqdan sonra beş uşaq da daxil olmaqla ən azı səkkiz nəfər öldürülüb.

Source: Meydan TV


Rusiya və Suriya hökumət qüvvələri tərəfindən bir neçə həftə davam edən bombardmanlardan sonra 250.000-ə yaxın suriyalı Türkiyəyə qaçıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. O, suriyalıların Suriyanın şimal-qərb-İdlib bölgəsindən Türkiyəyə qaçdığını söyləyib.

Reuters xəbər verir.

Türkiyə artıq dünyanın ən böyük qaçqın əhalisi olan ölkədir. 3,7 milyon suriyalıya ev sahibliyi edir. Ərdoğan deyib ki, Türkiyə yeni bir dalğanın sərhəddi keçməməsi üçün addımlar atır.

Qışın gəlişiylə kəskinləşən Suriya böhranı ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) bazar ertəsi günündən etibarən 284.000 insanın evlərini tərk etdiyini deyib. Doqquz illik vətəndaş müharibəsindən sonra üsyançıların əlində qalmış İdlibdə 3 milyona qədər insan yaşayır.

Bu barədə Ərdoğan Ankaradakı konfransda da deyib. “Hazırda 200.000 – 250.000 miqrant sərhədlərimizə doğru irəliləyir” – deyə, o bildirib.

“Biz bəzi tədbirlərlə onların qarşısını almağa çalışırıq, amma bu asan deyil. Çətindir, onlar da insandırlar”, – Ərdoğan əlavə edib.

Keçən ilin sentyabrında Türkiyə, Rusiya və İran liderlərinin gərginliyi azaltmaq üçün razılığa gəlmələrinə baxmayaraq, keçən aykı hücumdan bəri şəhərlər və kəndlər Rusiya təyyarələri və Suriya artilleriyaları tərəfindən zəbt edilib.

Suriya ordusu qaçqın ailələrin yaşadığı sığınacaqları raketlə vurduqdan sonra beş uşaq da daxil olmaqla ən azı səkkiz nəfər öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisi (OCHA) hesabatında qeyd edir ki, Maarat əl-Numan şəhəri və ətraf kəndlər “demək olar ki, boşalıb”.

“Qışda yerdəyişmə münaqişədən təsirlənənlərin həssasiyyətini daha da artırır. Qaçanların çoxu təcili olaraq humanitar, xüsusilə sığınacaq, ərzaq, səhiyyə, qeyri-ərzaq və qışlama yardımına ehtiyac duyur", – hesabatda deyilir.

Hesabatda həmçinin vurğulanır ki, dekabrda köçkünlərin əksəriyyəti Türkiyəyə, İdlibin şimalındakı digər hissələrə və ya Suriyanın şimalındakı Türkiyənin əvvəlki sərhəd əməliyyatları zamanı ələ keçirdikləri Afrin və Əl-Bab kimi bölgələrə qaçıblar.

Rusiya və İranın dəstəklədiyi Suriya Prezidenti Bəşər Əsəd İdlibi geri götürməyi qarşısına məqsəd qoyub. Türkiyə illərdir Əsədi devirmək üçün döyüşən suriyalı üsyançılara dəstək verir.

Ərdoğan keçən ay ölkəsinin Suriyadan gələn yeni miqrant dalğasını həll edə bilmədiyini söyləyərək, Avropaya bombardmanları dayandırılmadığı təqdirdə belə bir axınının təsirini qitənin də hiss edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Moskva və Dəməşq mülki əraziləri qeyri-qanuni şəkildə bombalamaq iddialarını rədd edir və deyirlər ki, onlara məxsus qüvvələr Əl Qaidə islamçıları ilə mübarizə aparır. Bununla yanaşı, onların Suriyada irəliləməsi bölgədə 12 hərbi postu olan Türkiyəyə də təzyiq edir.

Çərşənbə axşamı Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın İdlibdəki müşahidə postlarının boşaldılmasının mümkün olmadığını bildirib.

Ana səhifəDünyaƏrdoğan 250.000 suriyalının Türkiyəyə qaçdığını deyib