Ənnağı Hacıbəyli: Hüquqların əksəriyyəti deklarasiya xarakteri daşıyır

Bəli, insan hüquq və azadlıqların pozulması barədə ayrı-ayrı faktlar var, bəzi hallarda bu kobud şəkildə də olur.

Source:


15 sentyabr dünyada Beynəlxalq Demokratiya Günüdür

15 sentyabr dünyada Beynəlxalq Demokratiya Günü kimi qeyd edilir. Demokratiyanın əsas elementlərindən biri insan və vətəndaş hüquq və azadlıqları bəşəriyyətin tarix boyu düşündürən və mübarizə apardığı prinsiplərdir. Hələ eramızdan əvvəl Afina və Romada insan hüquqları ideya şəklində meydana gəlsə də, sənəd şəklində 1215-ci ildə İngiltərədə “Böyük Azadlıqlar Xartiyası” adı ilə qəbul olunub və nəticədə kral hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırıb. XVIII əsrin sonunda ABŞ İstiqlaliyyət Bəyannaməsi və Fransada insan və vətəndaş hüquqlarının bəyannaməsi bəşəriyyət üçün yeni mərhələ açdı. 1948-ci il aprelin 10-da BMT Baş Assambleyası İnsan Hüquqları Bəyannaməsini qəbul edib. İki il sonra İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası qəbul olunub.

BMT Baş Məclisi tərəfindən 2007-ci ildə təsis edilmiş Beynəlxalq Demokratiya Günü hər il sentyabrın 15-də qeyd olunur. Həmin gün yeni və bərpa edilmiş demokratiyaların I Beynəlxalq konfransında BMT tərəfindən dövlətlərə, habelə regional, hökumətlərarası təşkilatlara və qeyri-hökumət qurumlarına yeni bayramı dünyada demokratiyanın vəziyyətinə diqqət yetirmək imkanı kimi qəbul etməyi təklif olunub.

1918-ci ildə qəbul edilmiş Azərbaycanın İstiqlaliyyət Bəyannaməsinin dördüncü və beşinci bəndlərində qeyd olunub ki, Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.

Müstəqilliyimizin bərpasından sonra 1995-ci ildə qəbul edilən Konstitusiyanın III fəsli Əsas İnsan və Vətəndaş Hüquqları və Azadlıqları adlanır. 47 maddədən ibarət fəsil bərabərlik, yaşamaq, azadlıq, mülkiyyət toxunulmazlığını, əqli mülkiyyət və digər hüquqları özündə ehtiva edir.

Bu baxımdan gerçəkdə insan və vətəndaş hüquqları və azadlıqları hansı durumdadır sualı aktuallıq kəsb edir.

1602.jpg
BMT Baş Məclisi


“Gerçək vəziyyət Konstitusiyada göstərilən azadlıqlarla daban dabana ziddir”

Hüquqşünas Ənnağı Hacıbəyli hesab edir ki, ölkədə vətəndaş hüquq və azadlıqlarının durumu haqda nəinki məruzə, kitab da yazmaq olar. Onun fikrincə, Azərbaycanda Konstitusiyada göstərilən vətəndaş hüquq və azadlıqları təmin olunmadığından vətəndaş hüquq və azadlıqlarının gerçək vəziyyəti Konstitusiyada, qanunlarda və qəbul edilən Avropa Konvensiyası ilə daban-dabana ziddir. Onun sözlərinə görə, bu, istər qanunvericilik kontekstində, istərsə də qanunvericiliyin praktik tətbiqi təcrübəsində özünü göstərir.

Konkret faktlara gədikdə, Ənnağı Hacıbəyli bildirib ki, “Sərbəst toplaşmaq azadlığı”, ədalətli məhkəmə araşdırması, dövlətin idarəçiliyində bərabər iştirak hüquqlarının əksəriyyəti praktikada pozulub, sadəcə, deklarasiya xarakteri daşıyır.

“O cümlədən, vətəndaşların əmək, pensiya hüquqları, fikir, söz azadlıqları son illər qanunvericilik kontekstində ancaq məhbudlaşma istiqamətində gedir. Məhkəmə və dövlət orqanlarının təcrübəsində də bu qanunlara əməl edilməsi çox aşağı səviyyədədir”.


“Son illər media azadlığı sahəsində qanunvericiliyə dəyişikliklər yalnız məhdudlaşdırıcı olub”

Ənnağı Hacıbəyli qeyd edib ki, son illər media azadlığı qanunvericiliyinə yalnız məhdudlaşdırma istiqamətində dəyişikliklər edilib.

“Sərbəst toplaşmaq azadlığı”nın təmin olunması artıq formal hüquqa çevrilib, yəni xəyali. Əksər hallarda mitinqlərin, piketlərin keçirilməsi barədə müraciətlərə qanunsuz olaraq rədd cavabı verilir. Əvvəllər heç olmasa məhkəmələrə müraciət vardı. İndi məhkəmələrdə qanun-qaydaların olmaması səbəbindən mitinq təşkilatçıları əksər vaxtlarda məhkəmələrə şikayət etmirlər. Gəncə hadisələri, siyasi fəalların həbsi ilə bağlı işlər sübut edir ki, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi gerçək hüquq olmadığına görə vətəndaşların hüquqları kütləvi şəkildə pozulur”.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Hüquqşünas gedişatın nəticəsinə toxunaraq deyib ki, adətən belə hallar cəmiyyətdə gərginliyin səviyyəsini qaldırır ki, bu da qətiyyən arzu edilən hal deyil.

“Məsələn, insanlara azad seçki hüququ tanınmırsa, onun həyata keçirilməsində əngəllər törədilirsə, son nəticədə hakimiyyətin qanuni, seçki yolla dəyişilməsi mümkün olmur. Nəticədə kataklizmlər baş verir və artan gərginlik həmişə dövlət, hakimiyyət və xalq üçün arzu olunmaz hadisələrə gətirir. Ona görə də ölkənin gələcək axarı tələb edir ki, vətəndaş hüquq və azadlıqları təmin olunsun”.


“Bəzi hallarda ayrı-ayrı məmurlar insan hüquq və azadlıqlarını pozur”

“Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti Əliməmməd Nuriyev xatırladıb ki, Ana Yasada vətəndaş hüquq və azadlıqların qorunması, ləyaqətli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi hesab edilib. O vurğulayıb ki, hətta Konstitusiyaya görə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının geri çəkilməsi yalnız fövqəladə hallarda mümkündür və beynəlxalq konvensiyada nəzərdə tutulan qaydada.

“Ana Yasada çoxsaylı hüquq və azadlıqlar təsbit olunub. Eyni zamanda, ayrı-ayrı hüquqlarla bağlı bunu tənzimləyən mexanizmləri həyata keçirən qanun olmasa belə Konstitusiyaya istinad etməklə tətbiq etmək mümkündür. Həm də Azərbaycanda beynəlxalq konvensiyalar üstün hüquqa malikdir, insan hüquq və azadlıqları konvensiyaları isə Ana Yasa ilə ziddiyyət təşkil edərsə, beynəlxalq prinsiplər tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, başqa bir məsələ müəyyən təsisatların yaradılmasıdır, İnsan Hüquqları üzrə Ombudsman və digər qoruma mexanizmləri var, həm də ölkə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Real vəziyyətə gəldikdə, Əliməmməd Nuriyev deyib ki, bəzi hallarda ayrı-ayrı məmurlar insan hüquq və azadlıqlarını pozur.

“Buna görə məsuliyyətə cəlb edilmə halları da olub, amma bütövlükdə bu proses sabitdir. İstənilən hüququn mövcud olması hər şeydən əvvəl hüququn qorunmasının vacibliyini şərtləndirir. Amma bu o demək deyil ki, hüquqlar və azadlıqların çox yüksək səviyyədə qorunması prosesi başlayıb. Hər bir ölkədə bu problemlər mövcuddur, Azərbaycanda da insan hüquq və azadlıqların pozulması faktları var. Ombudsman ildə bir neçə dəfə Milli Məclisdə və başqa tədbirlərdə bunlarla bağlı danışır. Həm də ölkədə insan hüquq və azadlıqları ilə bağlı dövlət proqramı qəbul olunub. Səbəb də bu sahədə olan problemlərin həlli yönündə tədbirlərin həyata keçirilməsidir. Ancaq bu proses davamlı olmalıdır, vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin ən böyük öhdəliyidir. Bu öhdəliyin təkmilləşməsi istiqamətində addımlar atılmalıdır. Yalnız vəzifəli şəxslərin yox, ayrı-ayrı şəxslərin də bu məsələdə məsuliyyətləri vardır”.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev Ənnağı Hacıbəylinin “Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının gerçək vəziyyəti konstitusiyada, qanunlarda və qəbul edilən Avropa Konvensiyası ilə daban-dabana ziddir” açıqlamasını bölüşmür:

“Müstəqil ekspertlər bunu qeyd edə bilməz, yalnız müxalif düşüncəli şəxslər belə deyə bilər. Əgər elədirsə, gərək bu sözü söyləyən andan problemlər yaransın ki, bu da absurddur. Bəli, insan hüquq və azadlıqların pozulması barədə ayrı-ayrı faktlar var, bəzi hallarda bu kobud şəkildə də olur. Amma dərhal reaksiyalar da görünməkdədir. Mexanizmlər var ki, belə situasiyaları aradan qaldırır. Ona görə dedim ki, bu müdafiə üsulları daha da təkmilləşdirilməlidir”.

O, düşünür ki, əgər “Sərbəst toplaşmaq azadlığı” məhdudlaşdırılırsa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsi imkanı da var:

“Çünki bu, Avropa Konvensiyası ilə qorunan hüquqdur. Amma çox hallarda bu hüququn pozuntusunu görsələr də, yalnız danışırlar, hərəkətləri görünmür. Hansı partiyanın sərbəst toplaşmaq azadlığı ilə bağlı Avropa Məhkəməsinə müraciəti təmin edilməyib? Belə bir insident yoxdur. Ona görə də bu barədə danışanlar, pozuntunu qeydə alıb, müvafiq müraciətlər edə bilərlər. Əlbəttə, “Sərbəst toplaşmaq azadlığı” fundamental hüquq olduğundan təmin edilməlidir”.

Ana səhifəSiyasətƏnnağı Hacıbəyli: Hüquqların əksəriyyəti deklarasiya xarakteri daşıyır