Əngəlsiz arzular

Bu günə kimi balaca oxucularla görüşlərdə aldığım həmin enerji məni daha da aktiv fəaliyyətə təşviq edir və sevindirir.

Source: Meydan TV


Ümid edirəm, kitab oxucuların əlilliyi olan şəxslər barədə stereotipləşmiş fikirlərinin dəyişməsinə vasitəçi olacaq

2016-cı ildə “TEAS Press “nəşriyyat evindən əlilliyi olan uşaqlara aid bədii kitab yazmaqla bağlı təklif aldım. Gizlətməyəcəyəm, bu təklif ilk başda mənim üçün sadəcə kommersiya xarakteri daşımışdı. Çünki onda müəyyən maddi sıxıntılarım var idi. Əslində hansısa sıxıntı ilə açıq başla nəsə yazmaq, yaratmaq çətin olur. Çünki yazmaq asan proses deyil. Sadə görünsə də, yaxşı ovqat, müsbət enerji tələb edir. Əsas da uşaqlar üçün nəsə yazmaq həssaslıq tələb edir. Sən ağlına nə gəldi yaza bilməzsən. Hadisələrə uşaqların gözü ilə baxmaq, onlar kimi düşünmək çox vacibdir. Amerikalı yazıçı Ursula Le Guin onun işini asan hesab edənlər haqda belə deyirdi: “Əlbəttə uşaqlar üçün yazmaq çox sadə və asan işdir. Bu, onları doğmaq qədər sadədir”.

Əlbəttə təlx olmuş ovqatla, dərin depressiya yaşayaraq da çox yaxşı yazı nümunələri ortaya çıxaranlar olub. Sənətin başqa sahələrində də depressiv əhvalla şedevr əsərlər yaradanlar var. Bütün hallarda, burda söhbət uşaq ədəbiyyatından gedir. Bu sahəyə depressiv və ovqatsız yanaşmaq, həmin əhvalla müsbət ruhlu nəsə yazmaq, əks nəticə ilə sonlana bilər. Uşaqlara isə elə şeyləri ötürmək qəbuledilməzdir.

Hə, bunu da mütləq yazmalıyam. Səhv başa düşülməsin, özümü usta yazıçılarla müqayisə etmirəm. Ümumiyyətlə özümə “yazıçı”-zad demirəm.

Nə isə, nəşriyyatın PR meneceri Aysel Zahidqızı ilə yazılacaq kitab barədə müzakirə aparanda hələ bu işin mənəvi hissəsinə tam fokuslanmamışdım. Əlbəttə çıxacaq kitabın ölkəmizdəki 60 mindən çox sağlamlıq imkanları məhdud uşaqlar üçün nə qədər faydalı olacağını əvvəldən dilə gətirmiş, bunu təsəvvür də etmişdim. Onsuz da Aysel də işin faydalı tərəfini prioritet seçib mənimlə görüşmüşdü. Bu şübhəsizdir. Yeri gəlmişkən, Aysel həm də kitabımın adının “Əngəlsiz arzular” olmasını təklif edən şəxsdir.

Bəli, hər şey yazıya başlayandan bir müddət sonra başladı. Söhbət yazdığım hekayənin digərlərinə verə biləcəyi müsbət nəsnələrin ötürülməsinin dəyərindən gedir. Qeyd edim ki, kitab bir-biri ilə ardıcıllıq təşkil edən hissələrdən ibarət olan 6 yaşında qəza nəticəsində bir ayağını itirən fiziki məhdudiyyətli Nihadın qarşılaşdığı maneə və əngəllərlə mübarizəsindən bəhs edir.

Beləliklə, yazı prosesi vaxtı Nihadla aramda yaranan bağ hisslərimi mənəvi sferaya qaldırdı. Mənəvi duyğular sıxıntılarıma da məlhəm oldu. Sözlərimdə pafos-filan yoxdur. Buna heç bir lüzum da yoxdur. Hiss etdiklərimi olduğu kimi bölüşməyin tərəfdarıyam. Guya pafoslu olub, nə əldə edəcəm. Onsuz da azca təhlil qabiliyyəti olan oxucu yazı tonundan müəllifin səmimi olub-olmadığını hər zaman anlaya bilir.

Niyyətim bu yazıda öz kitabım barədə nələrsə yazmaq, onu reklam eləmək deyil, xeyr. Bölüşmək istədiklərim 2018-ci ildə kitab nəşr olunub, satışa çıxandan sonrakı dövrü əhatə edir.

“Əngəlsiz arzular”ı oxuyan yaxınlarımdan, dost-tanışlardan bir xeyli müsbət rəy aldım. Ancaq mənə həmin yetkin adamların rəylərindən daha çox, kitabı oxuyan azyaşlıların fikirləri maraqlı idi. Çünki kitab məhz onlar üçün yazılmışdır.

Beləliklə, 2018-ci ilin oktyabr ayında Bakıdakı 36 nömrəli məktəbdə "şagirdlərin oxu bacarıqlarının inkişafı" layihəsi çərçivəsində 36, 47, 258 nömrəli məktəblərin ibtidai sinif şagirdləri ilə görüşüm oldu. Orda oxucu olaraq məktəbin ibtidai sinif şagirdləri iştirak edirdi. Balaca əllərində “Əngəlsiz arzular”ı tutan gülərüzlü uşaqların kitabım haqqında rəngarəng fikir və rəylərindən daha çox onların saf və təmiz ruhlarından aldığım müsbət enerji mənə çox gözəl hisslər bəxş etdi. Onların mənə dikilmiş gözlərində böyük saflıq duyğusu var idi. Həmin görüşdə kitabım barədə çoxlu suallar aldım. Özüm də uşaqlara suallar verdim. Azyaşlı fidanların əlilliyi olan kəslər barədə düşüncələri mənə maraqlı idi.

Orda balaca bir qız hamı kimi əlini qaldırıb söz istədi. Onun gözlərində qəribə bir qayğı vardı. O, kitabın qəhrəmanı Nihad barədə fikirlərin bölüşəndən sonra, çöldə hər dəfə əlilliyi olan insanları görəndə onların halları üçün üzüldüyünü dedi və göz yaşlarını saxlaya bilməyib ağladı. Bu, çox həssas mənzərə idi. 7-8 yaşında olan qızın göz yaşları mənə də təsir elədi. Ancaq vəziyyəti münbit bir fürsət dəyərləndirib, uşaqlara xitab elədim ki, mərhəmətli olmağımız çox vacibdir, sadəcə bir başqasına onun fiziki məhdudiyyəti olduğu üçün yazığımız gəlməməlidir. Bu hal həmin adamı darıxdıra bilər, həm də ümumiyyətlə fiziki məhdudiyyətli olmaq bədbəxtlik və faciə deyil. Həmin qız da dediklərimi başa düşmüşdü. Bunu onun qara gözlərindən oxumaq olurdu. Görüş bitənə qədər onun üzündən təbəssüm əskik olmadı.

Daha sonra Sumqayıtda 11 nömrəli məktəbdə, ardınca Avropa Azərbaycan məktəbində, Xəzər Universiteti Dünya məktəbində yüzlərlə azyaşlı oxucularla görüşlər keçirdim. Uşaqların suallarını və fikirlərini eşitmək çox əyləncəli idi. Onlar mənə təkcə kitab haqqında yox, həm də şəxsi suallar da verirdilər. Hətta bir oğlan ən sevdiyim xörəyin nə olduğunu da soruşmuşdu.

Düşünürəm kitabı həm də uşaqlar üçün cəlbedici eləyən rəssam dostumuz Ruhulla Həsənzadənin çəkdiyi illustrasiyalardır. Mən nəinki uşaq ədəbiyyatında, elə böyüklər üçün yazılmış kitablarda da illustrasiyaları görməyi xoşlayıram. Ruhulla özü də mənimlə uşaqlarla görüşlərin bəzilərinə getmişdi. Uşaqlar ona da müxtəlif suallar verir və hisslərini, düşüncələrini bölüşürdülər. Kitab nəşr olunmamışdan öncə Ruhulla ağzından qaçırmışdı ki, öz instagram səhifəsində kitabın qəhrəmanı ilə bağlı şəkillər paylaşıb və yaxşı olar ki, mən hələ onlara nəzər yetirməyim. Bunu isə mənə ona görə demişdi ki, həmin şəkilləri birbaşa kitabımı əlimə alanda canlı görə bilim. Mənsə marağımı boğa bilməmiş, girib həmin illustrasiyalara instagramdan baxmışdım. Onun sözünə baxmadığımı Ruhulla bu yazı ilə öyrənmiş olacaq. Ruhulla ilə bölüşdüyüm bir çox dəyər var. Həm xarakterimizdə, həm də hadisələrə yanaşmağımızda da oxşarlıqlar mövcuddur. Bəzi şeylərdə isə tamamilə ziddiyyətli fikirlərə malikik. Onunla elə “Teas Press” nəşriyyatında tanış olmuşuq. “Əngəlsiz arzular”dakı illustrasiyalar uşaqlar üçün maraq cəlb edə bildi. Ruhullanın fəlsəfi mülahizələri, vətəndaş mövqeyi, yumor hissi, onun rəsmləri kimi gözəldir. Onun kitabın qəhrəmanı Nihadın şəkilini gözlədiyimdən də yaxşı çəkməsi ürəyimcə oldu.

Hə, bir də martın 21-i, 2019-cu ildə uşaqlarla daha maraqlı bir görüş baş tutdu. Xatırladım ki, 21 mart – Beynəlxalq Daun Sindromu Günüdür.

Bu münasibətlə Ümumdünya Səhiyyə Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Fənarə Bünyadzadə bir qrup Daun Sindromlu uşaq üçün ''Əngəlsiz arzular'' kitabımı oxudu. Uşaqlar maraqla Fənarəni dinlədilər. Kitabdan kiçik bir hissəni də bəndəniz oxudu. Sonda həmin uşaqlardan bir oğlan gəlib məni qucaqladı və baş barmağını qaldırıb “əla” işarəsini göstərdi. Həmin gün çox xoşbəxt idim.

Uşaqlarla keçirdiyim həmin gözəl və unudulmaz anlar, onlardan kitabla bağlı aldığım suallar, rəylər və ən əsası ötürdükləri müsbət enerji həyat “kitabıma” yazılan ən xoş xatirələr sırasına daxil oldu. Hiss etdiklərim əvəzsiz duyğulardır. İndi paylaşdığım hisslərimi bu məqalədə sizinlə bölüşməklə nə yazdığım kitaba görə öyünür, nə də lovğalanıram. Bu günə kimi balaca oxucularla görüşlərdə aldığım həmin enerji məni daha da aktiv fəaliyyətə təşviq edir və sevindirir. Hələ valideynlərin sosial şəbəkələrdə şəxsi mesaj bölümündə kitabı oxuyan övladlarının fikirlərini mənimlə bölüşməsi lap aləmdir.

Ümid edirəm ki, “Əngəlsiz arzular” kitabı oxucuların əlilliyi olan şəxslər barədə stereotipləşmiş fikirlərinin dəyişməsinə vasitəçi olacaq. Əsasən də uşaqların özlərindən bir az fərqlənən həmyaşıdlarına qarşı qəddarlıqla yox, məhəbbətlə davranmalarına səsləyişinə müsbət cavab verəcək.

Hər birinizə əngəlsiz və sevgi dolu azad günlər diləyirəm!

Ana səhifəXəbərlərƏngəlsiz arzular