“Ən tör-töküntü təbəqə”nin ümidinə qalan YAP hakimiyyəti

Vikipediada “Bakı tramvayları” bölməsində Bakıda tramvayın 2004-cü ilə qədər işlədiyi göstərilib.

Source: Specify Source


Tarix faktları sevir

İlham Əliyevin noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyəti ilə görüşündə AXC hakimiyyəti ilə bağlı dedikləri çoxunu çaş-baş salıb. Baxmayaraq ki, onun illərdir AXC hakimiyyətindən danışması, cəbhəçiləri ittiham etməsi adi hal alıb. Adamlar buna öyrəncəli olsalar da, ancaq Rusiyanın din xadimlərinə bunun nə dəxli olduğunu anlamaqda çoxu çətinlik çəkir. Üstəlik, danışdıqlarının, əsas ittihamının – şəhər nəqliyyatının dağıdılmasının, mis alverinin cəbhəçilərlə yaxından-uzaqdan heç əlaqəsi yoxdur. O alverin başında YAP hakimiyyəti, prezidentin dili ilə desək, onun tör-töküntüləri birbaşa məşğul olub. Bunu bilməyən yoxdur. İndi o din xadimlərindən kimsə ölkəsinə qayıdandan sonra internetdə axtarış versə… biabır olacağıq.

“Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi (tarix elmləri namizədi, AMEA-da aparıcı elmi işçi Əbülfəz Elçibəyi nəzərdə tutur. Guya İlham Əliyev özü prezident gətiriləndə böyük idarəçilik təcrübəsi varmış – R.H.). Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu (yəqin AXC hakimiyyətində xarici işlər naziri olmuş Elmar Məmmədyarovu nəzərdə tutur – R.H.). Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə, o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi”.

İndi gəlin İlham Əliyevin “Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi” adlandırdığı adamlardan bəzilərini yada salaq (hamısını sadalamağa yerimiz çatmaz). Onları YAP hakimiyyəti “tör-töküntü” olaraq rədd edib, qəbul edib, yoxsa ümidini onlara bağlayıb?


Əbülfəz Elçibəy

– AXC sədri, Azərbaycan Respublikasının keçmiş prezidenti. İlham Əliyev ona eks-prezident statusu verərək ailəsinə təqaüd kəsib, oğlunu FHN-də işə götürüb, Heydər Əliyev Fondu evini təmir etdirib (yəni İlham Əliyev onu eks-prezident kimi qəbul edir- R.H.).


Murtuz Ələsgərov

– AXC Ali Məclisinin üzvü. Heydər Əliyev hakimiyyətində Milli Məclisin sədri olub.


Tamerlan Qarayev

– AXC Ali Məclisinin sədri. AXC hakimiyyəti vaxtında Milli Məclis sədrinin I müavini. Heydər Əliyev hakimiyyətində Çinə səfir təyin olunub. İlham Əliyev zamanında da vəzifəsində qalıb. Hindistanda, İndoneziyada səfir olub. 2018-ci ilin dekabrından Litvada səfirdir.


Əli Nağıyev

– AXC üzvü. Heydər Əliyev hakimiyyətində Əmək və əhalinin sosial müdafiəsi naziri, İlham Əliyev hakimiyyətində Azərbaycanın Belarusda səfiri olub.


Tahir Kərimli

– AXC hakimiyyəti zamanı Ali Məhkəmənin sədri, İlham Əliyev hakimiyyətində deputat mandatı verilib.


Sahib Məmmədov

– AXC hakimiyyəti zamanı Yasamal rayonunun icra başçısı. İlham Əliyev hakimiyyətinin dəstəkçilərindən biri.


Fazil Qəzənfəroğlu

– AXC sədrinin müşaviri, müavini vəzifələrində olub. AXC hakimiyyəti zamanı dövlət-hüquq şöbəsinin müdiri olub. İlham Əliyev hakimiyyəti zamanı deputat mandatı verilib.


Qüdrət Həsənquliyev

– AXC üzvü. AXC hakimiyyəti zamanı dövlət katibi Əli Kərimlinin köməkçisi olub. İlham Əliyev hakimiyyətində deputat mandatı verilib.


Fəzail Ağamalı

– AXC Ali Məclisinin üzvü. AXC hakimiyyəti zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, I müavini, nazir əvəzi olub. Azərbaycan Respublikası Milli Məclisinə bütün seçkilərdə mandat verilib.


Fərəc Quliyev

– AXC İcraiyyə Komitəsinin sədri. İlham Əliyev hakimiyyətində deputat mandatı verilib.


Asim Mollazadə

– AXC hakimiyyətində PA-nın xarici əlaqələr şöbəsinin rəhbəri. 2000-ci ildən bəri deputatdır. Hakimiyyətin dəstəkçilərindəndir.


Yunus Oğuz

– AXC Ali Məclisinin üzvü, AXC İdarə Heyətinin üzvü, AXC sədrinin müavini, AXC hakimiyyətində prezidentin müşaviri. İlham Əliyev hakimiyyətinin əsas dəstəkçilərindən biri.


Mikayıl Rəhimov

– AXC Nəzarət-Təftiş Komissiyasının sədri. Əliyevlər hakimiyyəti dövründə Mərkəzi Seçki Komissiyasının üzvü. Saxta seçkilərə imza atanlardan biri…

image_from_ios (2).jpg
İlham Əliyev Sumqayıtda


SON

Siyahını xeyli uzatmaq olar. İlham Əliyev nədən tör-töküntü dediklərinin ümidinə qalıb, niyə onlara vəzifə, mandat verib, hakimiyyətinin dəstəkçisinə çevirib? Axı “onlar düşmənçilik, nifrət toxumu səpənlər, dinlərarası ayrı-seçkiliyi qızışdıranlar, oğurluqla məşğul olanlar, tramvay xətlərini kəsənlər, kəsdikləri misi qonşu ölkələrə satanlardır”. Yeri gəlmişkən, Bakıda tramvay, trolleybus və şəhərkənarı elektrik qatarları xətti, mis məftillər, relslər və şpallar Əliyevlər hakimiyyəti zamanı sökülüb satılıb. Mis məftillər və relslər, əsasən, xaricə daşınıb. Bunun üçün heç hansısa mənbə axtarmağa ehtiyac da yoxdur. Vikipediada “Bakı tramvayları” bölməsində Bakıda tramvayın 2004-cü ilə qədər işlədiyi göstərilib. Yəni İlham Əliyevin hakimiyyətinin ilk ilində sonuncu xətt də sökülüb.

AXC-ni çox şeydə, ən əsası, hakimiyyəti Heydər Əliyevə verməkdə ittiham eləmək olar, ancaq şəhər nəqliyyatının mis və relsləri birbaşa YAP hakimiyyətinin və onun keşiyində dayanan bir qrup naxçıvanlının nəzarəti, rəhbərliyi altında xaricə satılıb; yuxarıların payı vaxtında çatdırılmaq şərti ilə…


Tarix faktları sevir

26 il qabaqkı hakimiyyətlə bağlı İlham Əliyevin faktsız çıxışını diqqətlə dinləyən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadiminə sayğıyla,

Əssalamu Aleykum və Rəhmətillahi və bərəkatuh.


P.S

.İlham Əliyev noyabrın 21-də Sumqayıtın 70 illik yubileyində çıxışının bir hissəsini (7135 işarə) yenə AXC hakimiyyətinə həsr edib. Ancaq Əbülfəz Elçibəylə bağlı fikrini bir qədər dəyişib:

“Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb-bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi”.

Ana səhifəXəbərlər“Ən tör-töküntü təbəqə”nin ümidinə qalan YAP hakimiyyəti