Emin Milli: İlham Əliyev üçün problemlərin inkarı bir siyasətdir


“Yalnız mənim həyatım deyil, Meydan TV ilə əməkdaşlıq edən hər kəsin həyatı təhlükədədir”


Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətilə görüşdə Avropa Parlamentinin 1 il öncə qəbul etdiyi qətnamədən söz açıb. O, qətnamədə yazılanların həqiqətəuyğun olmadığını deyib. İlham Əliyev çıxışı zamanı Meydan TV-nin direktoru Emin Millinin də adını çəkib və onun ölümlə hədələnməsi vaxtının yalan olduğunu vurğulayıb.

Emin Milli dövlət başçısının çıxışından yaranan suallara aydınlıq gətirib:


– İlham Əliyev çıxışında sizin adınızı çəkib və deyib ki, ölümlə hədələnmənizlə bağlı məlumatlar yalandır. Kim tərəfindən və niyə hədələnmişdiz?

– Prezident İlham Əliyev dəfələrlə dünya liderləri ilə birlikdə keçirdiyi mətbuat konfranslarında Azərbaycanda siyasi məhbus probleminin olmasını inkar edib. O, hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Onun üçün həqiqətin və problemlərin inkarı bir siyasətdir. İlham Əliyev müasir dünyada “post-truth politics”in ən parlaq nümayəndələrindən biridir. Belə siyasətçilər üçün faktlar, həqiqət yoxdur, onlar lazım olanda öz əməlləri ilə “fakt” yaradır və dedikləri yalanların hamı tərəfindən qəbul olunmasını istəyirlər. Avropa Oyunları zamanı Meydan TV-nin həqiqəti əks etdirən reportajları həm Azərbaycanda, həm də dünya mediasında çox yayıldı. Bu, İlham Əliyevi və hökuməti çox narahat etdi. Beləliklə, mən gənclər və idman naziri Azad Rəhimov tərəfindən ölümlə hədələndim. Dünya mediası da müxtəlif mənbələrdən faktı təsdiqlədi və bu barədə yazdı.


– Hazırda həyatınızla bağlı hansı təhlükə var?

– İnsanlar Meydan TV-yə etibar edirlər, inanırlar. Onlar bilirlər ki, biz yalan yazmırıq, yalan göstərmirik. Səhv edəndə də, izləyicilərimizdən, oxucularımızdan üzr istəyib, onu düzəldirik. Bu inam və bizim artan auditoriyamız hökuməti qorxudur. Meydan TV artıq dünyada diktaturalarda uğurlu müstəqil və peşəkar media nümunəsi kimi təqdim edilir. Dünyanın ən nüfuzlu qəzetlərdən biri olan “Vaşinqton Post” bu ilin aprel ayında Meydan TV haqqında redaksiyanın mövqeyini dərc etmişdi və qeyri-azad ölkələrdə Meydan TV-ni uğurlu bir media modeli kimi dəyərləndirmişdi. Bütün bu uğurlar hökuməti qorxudur. Azərbaycanda Meydan TV-yə və layihənin rəhbərliyinə qarşı cinayət işi açılıb. Meydan TV ilə əməkdaşlıq edənlər təzyiqlərə məruz qalıb, işgəncə görüb, qohumlarımız həbs olunub, işdən qovulublar. Bütün bunlar jurnalistlərə, mənə və azad mediaya qarşı olan ciddi təzyiqlərdir. Yalnız mənim həyatım deyil, Meydan TV ilə əməkdaşlıq edən hər kəsin həyatı təhlükədədir. Bizimlə 19 yaşında əməkdaşlıq etməyə başlayan jurnalist Şirin Abbasov 30 gün “Bandotdel”də saxlanıldı və işgəncələrə məruz qaldı. Onun da həyatı təhlükədədir.

Mən çox istərdim ki, İlham Əliyev Meydan TV-ni izləsin və bizim işıqlandırdığımız problemləri fərdlər, icmalar və hökuməti ilə birlikdə həll etsin. Bu, yalnız İlham Əliyevin siyasi reytinqinin qalxmasına xidmət edər. Bu mənada mən Meydan TV-ni hökumətə və şəxsən İlham Əliyevə qarşı düşmən rolunda görmürəm. Media problemləri göstərməlidir, siyasətçilər isə onu həll etməlidir. Belə siyasi mədəniyyət və münasibətlər bizdə qurulmayana qədər mənim də, başqa jurnalistlərin də həyatı hər zaman təhlükədə olacaq. Belə bir sistem hər vətəndaşa, hər jurnalistə, hər birimizin həyatına daimi təhlükədir.


– İlham Əliyev çıxışında ifadə və sərbəst toplaşma azadlığının olduğunu vurğulayıb. Media qurumunun rəhbəri kimi ölkədəki ifadə azadlığının durumunu necə qiymətləndirirsiz?

– Mən hər dəfə İlham Əliyevi dinləyəndə, eləcə də AzTV-ni izləyəndə onların təsvir etdiyi – firavan və insan azadlıqlarının olduğu Azərbaycanda yaşamaq istəyirəm. Amma çox təəssüf ki, nə mən, nə Azərbaycan xalqı o Azərbaycanda yaşamırıq.

Ana səhifəVideoEmin Milli: İlham Əliyev üçün problemlərin inkarı bir siyasətdir