Emili Hobhaus – Britaniyada satqın, Afrikada qəhrəman kimi tanınan cəsur qadın

İlin sonunda Emili 100 britaniyalı qadın adından almaniyalı və avstriyalı qadınlara Mövlud təkribi yazılmasını təşkil edir.

Source: meydan.tv


(İkinci hissə)


“Cənubi Afrikada olan əsir düşərgələrindəki fəaliyyətim, demək olar ki, bütün tanışlarımın mənə yuxarıdan aşağı və ikrahla baxmasına gətirib çıxardı. Mətbuat məni təhqir edir, üsyançı, yalançı və xalq düşməni adlandırırdı. Cəmi bir-iki qəzet, o cümlədən, “Mançester Qardian” məni müdafiə etməyə çalışırdı, ancaq bu, bərabər olmayan döyüşüydü və nəticə etibarilə ona gətirib çıxardı ki, xeyli adam mənim haqqımda doğru olmayan məlumatların təsiri altına düşdü. Mənə qarşı cəmiyyətdən təcridetmə siyasəti yürüdüldü. İnsanlar məni görəndə üzlərini çevirdilər. Bu, uzun illər boyu belə davam etdi və mən gənclik dostlarımın çoxunu itiridim…”


Emili Hobhaus

1901-ci ilin noyabr ayında Cənubi Afrikaya qayıdan miss Hobhausu gəmidən enməyə qoymurlar, geri qaytarmaq üçün onu başqa gəmiyə keçirməyə gəlirlər. Emili əsgərlərə müqavimət göstərəndə polkovnik rütbəli bir zabit dəlilər kimi Emelinin də əllərini bağlamağı əmr edir. Cavab gecikmir: “Ser, dəlilik sizin və tabe olduqlarınızın əməllərindədir”.

Konflikt hərbçilərin qələbəsiylə yekunlaşır – 5 gün sonra onlar heç bir səbəb göstərmədən Emelini deportasiya edirlər.

Bir müddət sonra Fransaya gedən missis Hobhaus orda Cənubi Afrikada gördükləri barədə “Müharibənin əsas zərbəsi və o, harda nəyə dəydi” adlı kitab yazır.

Müharibə bitəndən sonra (1903) zərərlərini aradan qaldırmaq və barış prosesinə yardım etmək üçün Emili yenidən Cənubi Afrikaya gedir, orda qadınlar üçün əyirmə və toxuma məktəbləri kimi reabilitasiya layihələri həyata keçirir. Beş il sonra ürək ağrılarına görə geri qayıtmalı olur və ora bir də 1913-cü ildə – əsir düşərgələrində ölmüş qadınlar və uşaqlar üçün Blumfonteyndə ucaldılmış abidənin açılış mərasimində iştirak etmək üçün qayıdır. Ancaq səhhətində yaranmış problemlər ucbatından Bofor-Uest şəhərində qalmalı olur. Bütün irqlər arasında barış və bərabərlik tələb edən çıxışı tədbirdə başqası tərəfindən səsləndirilir və böyük alqışla qarşılanır. Həmin səfərində Emili ordakı hindli cəmiyyətinə yardım üçün gəlmiş Mahatma Qandiylə tanış olur, onun Baş nazir Piterlə görüşməsinə kömək edir. Emili vəfat edəndə Qandi öz nekroloqunda bunları yazacaqdı: “Missis Hobhaus ən nəcib və cəsarətli qadınlardan biriydi. O, hər hansı mükafat haqqında düşünmədən çalışırdı… O, müharibənin cinayət olduğunu anlamışdı”.

****

Və budur, indi də başqa bir savaş başlayır (1914) – Birinci dünya müharibəsi.

Emili ünsiyyətdə olduğu bütün məmurlara, o cümlədən, Cənubi Afrikadakı fəaliyyəti zamanı ona dəstək vermiş Lloyd Corca (Britaniyanın maliyyə naziri) məktub yazıb yeni müharibəni protest etməyə çağırır, “Mançester Qardian” (“The Manchester Guardian”) qəzetinə məqalə göndərir:

“Çox az sayda ingilis müharibəni bütün çılpaqlığıyla görüb… İngilislər müharibədən qalan yoxsulluq, dağıntılar, xəstəliklər, əzablar və ölümlər haqqında heç nə bilmirlər… Mən bunları da, hətta bunlardan çoxunu da görmüşəm”.

İlin sonunda Emili 100 britaniyalı qadın adından almaniyalı və avstriyalı qadınlara Mövlud təkribi yazılmasını təşkil edir. Məktubda bu sətirlər də yer alır

:

“Gəlin, unutmayaq ki, bizim əzablarımız birləşdirir… Biz hamımız birləşib sülhün bərqərar olmasını tələb etməliyik”. Bir neçə ay sonra daha çox sayda qadın – Almaniya və Avstriyanın məşhur feminist və pasifistləri cavab məktubu yazıb britaniyalı həmcinsləriylə həmrəy olduqlarını bildirirlər.

Səhhətindəki problemlərə görə qış aylarında Romada yaşayan missis Hobhaus Britaniya nümayində heyətinin üzvü olaraq Beynəlxalq Qadın Konqresinin (İnternational Congress of Women – İCW) Haaqadakı toplantısına (1915) qatılmaq üçün Almaniyadan keçərək Hollandiyaya getmək xahişinə rədd cavabı alır. Britaniyanın İtaliyadakı səfiri onun pasifist fəaliyyətiylə bağlı Xarici İşlər Nazirliyinə şikayət edir. Bir müddət sonra Britaniya hökuməti Fransa, İtaliya və İsveçrə səfirliklərinə Emilinin geri – İngiltərəyə qaytarılması təlimatını verir.

Amma missis Hobhaus artıq Hollandiyaya gedə bilmişdi – Sülh və Azadlıq Uğrunda Qadınların Beynəlxalq Liqası

(WILPF – Women's International League for Peace and Freedom) Amsterdamda ofis açmış və Emilidən müvəqqəti olaraq quruma rəhbərlik etmək xahiş olunmuşdu.

Az sonra Beynəlxalq Qadın Konqresinin hesabatı yayılır, sənədə yazdığı ön sözdə Emili qeyd edir ki, qadınları bir-birilə əlaqəli çalışmağa hazırlayan çoxillik fəaliyyət sayəsində “Qadın Konqresi ağ sülh bayrağını qaldırır – kənardakıların inamsızlığına, nifrətinə, istehzalarına və maneələrinə rəğmən”.

Müharibəyə münasibətini missis Hobhaus gündəliyində belə ifadə edir:

“Sivil müharibə deyə bir şey yoxdur. Bu gün sivil xalqlar arasında müharibə gedir, amma, gördüyümüz kimi, o, barbalar arasındakı müharibədən daha barbar hal alır. Mən inanıram ki, görməli olduğumuz yeganə iş şərin kökünü kəsmək, ən böyük və yolverilməz barbarlıq olan müharibənin özünü məhv etməkdir”.

****

Müharibəni hələ lap əvvəlindən Emili Almaniyaya yola düşmək və sülh əldə etmək üçün yollar axtarmaq istəyirdi. Amsterdama getməkçün İsveçrədən keçəndə Almaniyanın bu ölkədəki səfiri baron fon Romberqlə əlaqə saxlayan missis Hobhaus niyyətini ona da açıqlayır. Bu ölkədə daimi sülh uğrunda beynəlxalq Bern hərəkatının mitinqində iştirak etdiyi üçün Britaniya XİN-i onun pasportunu ləğv edir. Fon Romberqin yardımı ayəsində humanitar pasport alan Emili əvvəlcə Belçikaya (1916) gedir. Orda ona yerli sakinlərlə kontakt yaratmaq qadağan olunur, ölkədə ancaq almanların müşayətiylə hərəkət etməyə icazə verilir. Ona görə də Emilinin işğalın nəticələri haqqında açıqladığı məlumatlar vəziyyəti tam əks etdirmir. Missis Hobhaus geri qayıdanda buna görə onu sorğu-sual edən Britaniya polisi qeyd edir ki, hesabat almanlarınz uyğun tərtib edilib.

Nəhayət, Emiliyə Almaniyaya da getməyə icazə verilir. O, gündəliyinə bu ölkədə zorakılıqla qarşılacağandan ehtiyat etdiyini yazsa da, dərhal Berlinə yola düşür, orda qaldığı beş gün ərzində xarici vətəndaşların, o cümlədən britaniyalıların yerləşdirildiyi düşərgələri ziyarət edir, həmin adamların digər ölkələrdə həbs edilmiş almanlarla dəyişdirilməsi imkanlarını araşdırır. Sonra Emili xarici işlər naziri Qotlib fon Yaqovla görüşür. Məlum olur ki, o da sülh danışıqlarının tərəfdarıdır.

1916-cı ilin sonunda missis Hobhaus Almaniyaya səfəriylə bağlı hesabat dərc edir, fon Yaqovun adını çəkmədən sülhün mümkünlüyündən yazır. Buna cavab olaraq Xarici İşlər Nazirliyi onun pasportunu növbəti dəfə ləğv edir, səfərlərinə qadağa qoyur və sülh danışıqları təklifini rədd edir. Mülki şəxsin, üstəlik, xəyanətdə ittiham olunan şəxsin və həm də bir qadının vasitəçi rolunda iştirak etməsi nazirlik üçün qəbuledilməziydi.

****

Birinci dünya müharibəsi bitəndən sonra Emili “düşmən” uşaqlar üçün İsveçrə yardım fondunun yaradılmasına kömək edir, özü rus uşaqlarına yardım fonduna rəhbərlik edir. Avstriyaya səfər edib orda da belə bir fond yaradır. Cənubi Afrikadakı dostları ona dəstək üçün 17 000 funt sterlinq pul toplayıb göndərirlər. Müharibədən sonrakı bir il ərzində minlərlə qadın və uşaq missis Hobhausun Mərkəzi Avropadakı ofisləri tərəfindən ərzaqla təmin edilirlər.

Bu fəaliyyətinə görə missis Hobhausa Leypsiq şəhəri fəxri vətəndaşı adı və Almaniya Qırmızı Xaç Cəmiyyətinin mükafatı verilir.

Cənubi Afrikadasa onu İkinci Britaniya-Bur müharibəsi dövründəki humanitar fəaliyyətinə görə ölkənin fəxri vətəndaşı elan edirlər, şəhərlərdən və gəmilərdən birinə onun adını verirlər. Bundan başqa, özünə ev alması üçün ondan xəbərsiz 2300 funt sterlinq pul toplayıb göndərirlər.

Emili Hobhausun fəaliyyətinə ancaq həmvətənləri mənfi yanaşırlar. Əsir düşərgələrindəki faciəli vəziyyəti açıqlayandan sonra ondan imtina etmiş Britaniya cəmiyyəti axıra qədər Emilinin əməyini qiymətləndirmir.

Ölümünə bir ay qalmış (1926) o, gündəliyinə bunları yazır:

“Cənubi Afrikada olan əsir düşərgələrindəki fəaliyyətim, demək olar ki, bütün tanışalrımın mənə yuxarıdan aşağı və ikrahla baxmasına gətirib çıxardı. Mətbuat məni təhqir edir, üsyançı, yalançı və xalq düşməni adlandırırdı. Cəmi bir-iki qəzet, o cümlədən, “Mançester Qardian” məni müdafiə etməyə çalışırdı, ancaq bu, bərabər olmayan döyüşüydü və nəticə etibarilə ona gətirib çıxardı ki, xeyli adam mənim haqqımda doğru olmayan məlumatların təsiri altına düşdü. Mənə qarşı cəmiyyətdən təcridetmə siyasi yürüdüldü. İnsanlar məni görəndə üzlərini çevirdilər. Bu, uzun illər boyu belə davam etdi və mən gənclik dostlarımın çoxunu itridim…”

Mənsub olduğu sinfin və cinsin məhdudiyyətlərinə rəğmən ölkələr və qitələr dolaşıb zülmə qarşı mübarizə aparan, iki müharibədə minlərlə insanın həyatını xilas edən Emili Hobhaus vəfat edəndə yanında heç kim yoxuymuş…

Ana səhifəXəbərlərEmili Hobhaus – Britaniyada satqın, Afrikada qəhrəman kimi tanınan cəsur qadın