Elon Mask koronavirus tədbirlərinə “Azadlıq” deyə etiraz edib

“Açığını deyim ki, bu, fikrimcə, insanların konstitusiya hüquqlarına zidd olaraq evlərində zorla həbs edilməsidir”, – o, görüş zamanı deyib

Source: Foto: google.az


“Tesla” şirkətinin rəhbəri paylaşımını iki saat sonra silib

“Tesla” şirkətinin rəhbəri Elon Mask (Musk) ABŞ-da koronavirusla bağlı həyata keçirilən təcrid tədbirlərinə etiraz edib və “Twitter” hesabında azadlıq – “LİBERTY” sözünü yazıb. “Business İnsider” yazır ki, Mask yazdığını iki saat sonra silib.

Bir gün əvvəl “Tesla”nın konfrans zəngi zamanı milyarder ABŞ-dakı təcridi “faşist” olaraq xarakterizə edib və qeyd edib ki, hakimiyyət insanları evlərinə həbs edir.

“Açığını deyim ki, bu, fikrimcə, insanların konstitusiya hüquqlarına zidd olaraq evlərində zorla həbs edilməsidir”, – o, görüş zamanı deyib: “Bu, insanların azadlıqlarını dəhşətli və səhv yollarla pozur”.

Amerika ictimaiyyətinin əksər hissəsi hələ də sosial məsafənin təmin edilməsi tədbirlərini dəstəkləyir. Bu tədbirlər ABŞ-ın bir sıra ştatında həyata keçirilsə də, milyarder etirazını əsasən sosial mediada nümayiş etdirib. Bu həftənin əvvəlində o, bir tvitində “Amerikanı dərhal azad edin” deyə bildirmişdi. Bu tvit silinməyib.

Keçən həftə “Tesla” bəzi işçilərinin aprelin 29-da işə qayıdacağını elan edib. Bununla şirkət Kaliforniyanın mayın 4-dək işçilərin sayının minimuma çatdırmaq barədə təlimatlarına qarşı çıxıb. Lakin çərşənbə axşamı şirkət bu planları ləğv etdiyini bildirib.

Çərşənbə günü “Tesla” koronavirus böhranı səbəbiylə Kaliforniyadakı əsas fabrikini bağlamaq məcburiyyətində qalmasına baxmayaraq, 2020-ci ilin ilk rübü üçün əldə edilmiş sürpriz gəlirini açıqlayıb.

Ana səhifəDünyaElon Mask koronavirus tədbirlərinə “Azadlıq” deyə etiraz edib