Yunis Səfərov

Mənbə: Foto: Meydan TV

Başlıq: Yunis Səfərov

Elmar Vəliyevin hakim qohumuna etiraz edildi

Yunis Səfərovun məhkəmə istintaqı qeyri-müəyyən vaxta qədər təxirə düşdü

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə fevralın 17-də məhkəmə istintaqı başlanmalıydı. Lakin təqsirləndirilən şəxslərdən Ceyhun Salahovun vəkili Nazim Musayev bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edib. Bu barədə fevralın 17-də məhkəmədə yazılı etiraz verib.

Y.Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və iki hakimi baxır. Lakin məhkəmə iclasları Bakıda - Sabunçu Rayon Məhkəməsində keçirilirdi.

Vəkil N.Musayev bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevlə bu işdə zərərçəkmiş qismində tanınan Elmar Vəliyev arasında qohumluq münasibətləri var. Qanun isə bu halda onun bu işə baxmasını qadağan edir.

Vəkilin sözlərinə görə, bu qohumluq onlara məhkəmənin hazırlıq iclasından sonra məlum olub. Ona görə də indi bu məsələyə etiraz edirlər. Müdafiəçi vurğulayıb ki, hələ hazırlıq iclasında Natiq Əliyev özü-özünə etiraz verməli, bu işə baxmamalıydı. Digər iki hakim də bu qohumluqdan xəbərdar olub, susmaqla prosessual qanunvericiliyi pozublar.

Vəkil vurğulayıb ki, Cinayət Prosessual Məcəllənin 109-cu maddəsinə görə hakim iş üzrə tərəflərdən (təqsirləndirilən, zərərçəkmiş və s.) hansısa biriylə qohumdursa, tanışdırsa, o işə baxa bilməz, özü-özünə etiraz etməlidir.

N.Musayev əlavə edib ki, N.Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri olduğuna görə bu işə həmin məhkəmədə baxıla bilməz.

Vəkil bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını istəyib. Xatırladıb ki, hələ hazırlıq iclasında vəkil həmkarı Cavad Cavadov da aidiyyət məsələsilə əlaqədar vəsatət qaldırıb, işin Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsini istəmişdi. Lakin məhkəmə hazırlıq iclasının qərarında bu vəsatəti təmin etmədi.

Vəkil N.Musayev xatırladıb ki, təqsirləndirilən şəxslərdən tutularkən öldürülən Anar Bağırova icra başçısının güllələnməsindən əlavə, DTX əməkdaşını öldürməyə cəhd ittihamı da verilib. İddia olunur ki, o, tutularkən DXT əməkdaşını öldürməyə cəhd edib. Ona görə də hüquq-mühafizə orqanlarının əməkdaşları onun özünü öldürüb. Vəkil bildirib ki, bu hadisə Bakıda baş verib. İttiham epizodlarından sonuncusu Bakıda baş verdiyinə görə bu cinayət işinə Bakıdakı ağır cinayətlər məhkəməsində baxılmalıdır.

Hakimlər etiraza baxıb qərar verilməsi üçün onu Gəncə Apelyasiya Məhkəməsinə göndərib. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Məhkəmə sədri ilə E.Vəliyev arasında qohumluq əlaqələri haqda məlumatı ictimaiyyətə Meydan TV açıqlamışdı.

N.Əliyev sabiq icra başçısının qardaşı, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşıdır.

2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub. Bir neçə gün sonra Y.Səfərovun üzərində zorakılıq əlamətləri olan fotoları yayılıb, onun polis idarəsində işgəncəyə məruz qalması barədə iddialar səslənib. Ardınca iyulun 10-da Gəncədə etiraz aksiyası keçirilib. Aksiyada iki polis polkovniki qətlə yetirilib.

Bundan sonra 80-ə yaxın adam həbs edilib. Daha bir neçə nəfər isə tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Öldürülənlər arasında polis polkovniklərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev də var.

Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb.

Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani də tutularkən öldürülənlərdəndir. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x07dio

Ən çox baxılan