Əliyevlə Ərdoğanın Qarabağda ortaq biznesi

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında – Azərtac

Hər iki ölkənin prezidentlərinin ailə üzvləri tərəfindən həyata keçirilən 100 milyon dollar dəyərindəki yeni layihə Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu göstərir.

2020-ci ildə baş verən müharibə zamanı Azərbaycanın Ermənistan üzərində qələbə çalmasından ən çox faydalanan ölkələrdən biri də Türkiyə dövləti olub.

Türkiyə müharibə dövründə Azərbaycana ciddi hərbi yardımlar göstərib və göstərilən yardım indi öz bəhrəsini verir. Belə ki, Azərbaycanın geri qaytardığı torpaqlarda, xüsusən də Qarabağda görülən bərpa işləri üçün Prezident Rəcəb Tayyib Ərdoğana yaxın şirkətlər ən azı yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar.

Bəzən də iki ölkə başçısı arasındakı münasibətlər biznes və siyasətdən kənara çıxır: Ərdoğanın ailə üzvləri ilə İlham Əliyevin ailə üzvləri Zəngilan rayonunda yeni tikilən böyük kənd təsərrüfatı kompleksinin biznes ortağıdır.

Ərdoğan və Əliyev 2021-ci ilin oktyabr ayında “Dost” kənd təsərrüfatı parkının təməlini atıb və 20 oktyabr tarixində Ermənistan və İran sərhədlərinə yaxın yerləşən Zəngilan şəhərində yeni hava limanının açılışı mərasiminə qatılmaq üçün Qarabağda səfərdə olduqları zaman yenidən həmin kompleksi ziyarət ediblər.

“Dost Aqropark” layihəsinin dəyərinin 100 milyon dollar olduğu deyilir və burada 10 min baş iribuynuzlu mal-qara saxlanılacaq. Bu kənd təsərrüfatı parkında 500 nəfərin işə götürələcəyi bildirilir.

Ərdoğanı Qarabağ səfərində müşayiət edənlər arasında“Dost Agropark”ın sərmayəçisi, “Dost Ziraat”ın sahibi Abdulkadir Karagöz də olub. Karagöz Ərdoğan ilə sadəcə biznes ortağı deyil, eyni zamanda ailəsinin üzvüdür. Belə ki, o, Ərdoğanın qardaşı Mustafa Ərdoğanın qızı ilə evlidir.

2016-cı ildə Ərdoğanın qardaşı qızı ilə evləndikdən qısa müddət sonra Karagöz önəmli hesab ediləcək qədər çox sayda dövlət tenderləri qazanmağa başlayıb. O, bunu rəhbərlik etdiyi başqa bir şirkət vasitəsilə edib. Bu tenderlərin çoxunda onun firması tək iştirak edib.

Bundan əlavə, toy mərasimindən sonra 2010-cu ildə qurucularından biri olduğu “Dost” şirkəti üzərində olan idarəsini gücləndirib. Belə ki, 2017-ci ilə qədər şirkətin digər səhmdarları şirkətdən çəkilib. Onların yerinə Ərdoğan ailəsinin digər üzvləri şirkətin səhmlərini alıb.

Abdulkadir Karagöz (ortada) prezidentləri yeni obyektlə tanış edir – Azərtac

Eurasianet” Türkiyə Ticarət Reyestrinin rəsmi qəzetində yer alan sənədləri nəzərdən keçib və bu sənədlərdən görünür ki, toy mərasimindən bir ildən bir qədər çox vaxt keçdikdən sonra Ərdoğan ailəsinin digər üzvləri (biri qardaşı oğludu digəri də bacısı oğlu) “Dost Ziraat”ın səhmdarları olublar. Onlar arasında  Mustafanın oğlu Üsamə Ərdoğan, Ərdoğanın bacısı Vesile İlgenin oğlu Ahmet Enes İlgen də var. Bununla belə, 2020-ci ilə qədər reyestrdəki digər sənədlərdən görünür ki, Ərdoğanın qardaşı və bacısı oğlunun artıq həmin şirkətdə səhmləri yoxdur və Karagöz yeganə səhmdardır.

Azərbaycan tərəfdən investorlar isə Əliyevin həyat yoldaşı və birinci vitse-prezident Mehriban Əliyevanın ailəsinə məxsus “Pasha Holding”in tərkibində olan “Pasha Investments” şirkətidir.

Bununla yanaşı “Aqropark”ın idarəsi Ərdoğanın digər bir müttəfiqinin əlindədir. Belə ki, “Aqropark”ın baş meneceri olan Mehmet Zeki Tuğrul eyni zamanda “Dost Ziraat” şirkətinin idarə heyətinin sədr müavini və idarə heyətinin üzvüdür. Tuğrul həmçinin, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gənclik qolunun nümayəndəsidir. 

Oktyabrın 20-də kənd təsərrüfatı parkına baş çəkən hər iki ölkə prezidenti jurnalistlərin suallarına qısa şəkildə cavab veriblər. Ərdoğan Karagöz haqqında “burada əsas şəxs odur” deyib və “Aqropark”ın sonradan genişləndirilib-genişləndirilməyəcəyi soruşulduqda Əliyev, “Bu, Abdülkadir bəydən asılıdır”,- cavabını verib. “O, nə istəsə, edə bilər” deyə Ərdoğan əlavə edib.

Karagöz də söhbətə daxil olaraq qeyd edib: “Təbii ki, genişlənəcək. İnşallah, Laçında davam etdirəcəyik”. 

Bu sözlərlə o, 2020-ci ildə müharibə zamanı geri alınan digər bir bölgəyə işarə vurub.

Karagöz Ərdoğanı müşayiət edən yeganə türk iş adamı deyil. “Kalyon Holdinq”in rəhbəri Cemal Kalyoncu, “Cengiz Holdinq”in İdarə Heyətinin sədri Mehmet Cengiz və “Demirören Holdinq”in sədri Yıldırım Dəmirören də Ərdoğanın Qarabağa öncəki səfərində onu müşayiət edib.

Ərdoğan Cəbrayılda səfərdə olarkən verdiyi açıqlamalarda oradakı mövcud yolun pis vəziyyətdə olduğunu qeyd edib: 

“Cəbrayıla gedən yolu bir ildən sonra tamamilə fərqli vəziyyətdə görəcəyimizi düşümürəm. Çünki infrastrukturla bağlı ciddi addımlar atılır. Bu işlə bağlı addımlar Cengiz və Kalyon şirkətlərinin birgə işi sayəsində atılıb”.

Abdulkadir Karagöz (ortada) prezidentləri yeni obyektlə tanış edir – Azərtac

Bu biznes ortaqlarının Ərdoğanla heç bir qohumluq əlaqəsi olmasa da, Ərdoğanın əsas siyasi ortaqlarıdır. Cengiz və Kalyon, Ərdoğan və hakim partiya ilə yaxın əlaqələri olan və Ərdoğanın hakimiyyəti dövründə əsas dövlət tenderlərinin əksəriyyətini qazanan “Beşli Banda”ya daxil olduğu bilinən iki türk firmasıdır.

İndi isə həm Kalyon, həm də Cengiz Qarabağda görüləcək işlər üçün, yolların tikintisi və üç mədəndəki işlər, xüsusilə qızıl və filizin çıxarılması üçün müqavilələr imzalayıblar. Kalyon Azərbaycanın Naxçıvan bölgəsini Ermənistanın cənubundan keçməklə Azərbaycan ilə birləşdirəcək nəqliyyat marşrutunun bir hissəsi kimi nəzərdə tutulan Horadiz-Ağbənd dəmir yolu xəttini inşa edir. Bu layihə 312 milyon manata (180 milyon dollardan çox) başa gələcək və 2023-cü ildə başa çatdırılması gözlənilir.

Digər “Beşli Banda”ya daxil olan “Kolin İnşaat” şirkəti Qarabağda yol tikintisində iştirak edir. Belə ki, şirkət Azərbaycanın “Azvirt” firması ilə birlikdə Şuşaya “Qələbə Yolu”nun tikintisi üçün müqavilə imzalayıb. “Kolin” eyni zamanda Qarabağda ilkin olaraq bir neçə azərbaycanlının məskunlaşdığı Ağalı kəndində marketin qurulmasında da iştirak edib. Həmin market “Türk-Azərbaycan Dostluğu” küçəsində yerləşir.

Ümumilikdə Azərbaycan hökuməti Qarabağda yenidənqurma və bərpa layihələrinə 4,8 milyard manatdan çox (təxminən 2,9 milyard dollar) vəsait ayırıb. Hansı ölkələrə məxsus şirkətlərin bu işlər üçün tender aldıqları və  o cümlədən, dost kimi tanınan İtaliya, İsrail və Böyük Britaniya şirkətlərinin tender qazanıb-qazanmadıqları ilə bağlı təfərrüatlar açıqlanmayıb. Ancaq görünən odur ki, bunlardan ən çox Türkiyə şirkətləri faydalanır.

Türkiyənin Bakıdakı səfirliyindən verilən məlumata əsasən, Qarabağda 30-a yaxın türk şirkəti fəaliyyət göstərir. “Bu şirkətlər artıq 1 milyard dollar investesiya yatırıb və bu investisiyanın məbləği artmaqda davam edəcək”,- deyə Türkiyənin Bakıdakı baş ticarət müşaviri Yakup Sefer iyul ayında iştirak etdiyi biznes forumda qeyd edib.

Digər böyük türk firması “Demirören Holdinq”in Qarabağla bağlı hər hansı lahiyə həyata keçiridiyi açıq şəkildə elan edilməyib, lakin şirkət son vaxtlar Azərbaycanda digər böyük tenderlər qazanıb. Şirkət 2021-ci ildə dövlət lotereyasının idarəetməsi ilə bağlı 10 illik müqavilə imzalayıb və İqtisadiyyat Nazirliyi ilə birlikdə 40 milyon dollar dəyərində əczaçılıq fabriki tikmək üçün memorandum imzalayıb.

Sentyabr ayında italiyalı jurnalistin Qarabağda tikinti işləri üçün müqavilələr imzamaqla bağlı İtalya hökumətinin potensialı olub-olmadığı sualına cavab olaraq, Əliyev bildirib ki, İtaliya Türkiyədən sonra ən çox tender qazanan ikinci ölkə olacaq. O, Türkiyə haqqında deyib ki, “o, bizim qonşumuzdur və orada çox məşhur tikinti şirkətləri var”.

“Çünki Türkiyə eyni zamanda bizim müttəfiqimiz və yaxın dostumuzdur”,- deyə Əliyev əlavə edib.

Məqalə Meydan TV-nin tərcüməsi ilə “Eurasianet” portalına məxsusdur.

Ana səhifəAraşdırmaƏliyevlə Ərdoğanın Qarabağda ortaq biznesi