“Əliyevizm”…

Gənclər təklənir. Nə etməlidirlər?

Source: Foto: Meydan TV

Bütün əməllər ondan xilasa yönəlməlidir

Ölkə daha bir rəzil seçki şousunu geridə qoydu. Daha bir rəzalət, daha bir yalan kampaniyasını…

Seçki günü nələr baş verdiyini bütün ölkə gördü. Rəzalət və əxlaqsızlıq boyu aşmışdı. İlham Əliyev və onun məmurlarının ölkəboyu çıxardığı seçki şəbehini, siyasi etikadan kənar seçki şousunu izlədik. Gənclərin inadkarlığı və qəhrəmanlığı hesabına bütün ölkəyə yayımlanan “məzhəkənin”, seçki tarixindən müdhiş biabırçılığı əks etdirən tamaşanın zorakı tamaşaçılarına çevrildik.


Gələk seçki sonrakı duruma…

Fevralın 11-də gənc fəal, deputatlığa namizəd Rəbiyyə Məmmədova MSK –nın qarşısında saxta seçkilərə etiraz olaraq təkadamlıq aksiya etdi. Sonra gənclər ona dəstək üçün MSK-nın qarşısına gəlməyə başladı.

Aksiya təxminən saat 18:00 radələrində başladı. Polis aksiyaya təqribən 20:00-da müdaxilə etdi.Təxminən 3 saat…

Uzun 3 saat… Saatlı bombanın son dəqiqəsi nə deməkdirsə, bu 3 saat da xalq üçün o olmalı idi və bu 3 saatın nəinki hər dəqiqəsi, hər saniyəsi belə dəyərləndirilməli idi. Hər yerdə seçkidəki rəzalətdən danışan xalq piştaxtanın, masanın, kassanın, güzgünün qabağından qalxıb MSK-nın qarşısına tələsməli idi.

Amma bu iki gündə seçkini və hakimiyyəti lənətləyən, hətta söyən xalq gözə dəymədi. “Xalq”ın nümayəndələri ən yaxşı halda klavyaturanın qarşısında oturub qabağındakı çaydan bir udum da alıb “həəə, görək nə yazım, yaxşı layk gəlsin” deyib əllərini bir-birinə sürtdü.

Dolayı olaraq, İlham Əliyevin mahiyyətdə içi boş və heç bir anlam daşımayan sözlərinə məna yükləndi. Bir gün öncə “xalq narazı olsaydı, etirazını bildirərdi” deyən adamın doğru demədiyi sözləri “gerçək” etdi.

Təxmin edirəm, yenə də şablon sözlər havada, beyinlərdə ucuşur. “Gəlsəydik, nə dəyişəcəkdi, görmədiz polis adamları necə döydü?”

Döydü, məhz döydü, öldürmədi, amma rejim sizi öldürür, səssiz-səmirsiz… Heç uzatmayacam, hər gün getdiyiniz yaz məclislərində “nədən rəhmətə gedib” sualına nə cavab alırsız? Daha çox inkakf və xərcəng… Baxın, gerçəyi sizin dilinizlə, sadə və aydın yazdım. Bizi öldürürlər, ay adamlar.Polis döyür, amma rejim öldürür.

İndi seçim edin. Döyülməkmi, ölməkmi?


Müxalifət hardadı?

Xalqa “qorxdu” deyib acımızın üstünə su səpdik, bəs müxalifət, ölkədə ən böyük siyasi qüvvə olan AXCP hardaydı?

Ölkədə xüsusən, gənclərin yanaşma və mübarizə üsulunu bəyənmədiyi siyasi qüvvəni, AXCP-ni kimsə əlinin dalıyla geri itələyə bilməz. Bu günün real olan siyasi qüvvəsi AXCP- dir. Amma AXCP meydana gəlmədi. Təbii, seçkiləri boykot etməyin səbəbi kimi göstərdiyi arqument özlüyündə və zahirən doğru görünür və əslində, hamının bildiyi gerçəkdi. Seçki saxtalaşdılacaq. Amma eyni zamanda AXCP-nin irəli sürdüyü, “heç olmasa minimum normal seçki keçirilməsi üçün şəraitin yaradılması” tələbinin də gerçəkləşməyəcəyini eyni şəkildə hamı bilirdi. Hətta AXCP-nin özü də… Bilir ki, İlham Əliyevin “ az da olsa normal seçki keçirmək üçün şərait yaratdım, gəlin normal seçki keçirək” dediyi gün olmayacaq. O zaman sual olunur, “seçkini boykot edirik, çünki normal şərait yoxdu, şərait olacağı halda qatılardıq” demək nəyin rahatlığı idi? Hansı zamanı, şəraiti gözləmək idi, o normal şəraiti İlham Əliyevdən gözləyirlər, kim yaradacaq onu? Məncə, AXCP bunun izahını daha inandırıcı və aydın verməlidir.

Boykot taktikasını həm də bununla əsaslandırdılar ki, onların iştirakı seçkilərə legitimlik qazandıracaq, xüsusən də beynəlxalq qurumlara seçkinin demokratik olduğunu sırımaq üçün hakimiyyət bundan istifadə edəcək.

Amma bu da özünü doğrultmadı.

Az sayda müxalif insanların və gənclərin qatıldığı seçkidə biabırçılıq boya dayandı və məhz elə bu az saylı namizədlərin, onların, xüsusən, gənc müşahidəçilərinin inadkarlığı və qəhrəmanlığı sayəsində seçki rəzaləti daha çox ifşa olundu. ATƏT və ABŞ seçkidəki rəzaləti açıq dilə gətirdi.

Deyə bilərsiz ki, nə əhəmiyyəti var, bildiklərini edib, istədiklərini etdilər… Bilirik, amma bir anlığa təsəvvür edin, kimsə bu seçkilərə qatılmasaydı, durum necə olacaqdı? Əlbəttə, seçkilər keçiriləcəkdi, ATƏT, ABŞ səfirliyi də bəyanat yayacaqdı, bəlkə indikindən daha yumşaq olacaqdı, amma mənzərə təxminən bu olacaqdı. Hakimiyyətdə eyni şəkildə “demokratik seçki keçirdik” deyib hava atacaqdı.

Demək, AXCP-nin qatılmaması da heç nəyi dəyişmədi.


Gənclər də AXCP kimi seçkiyə qatılmasaydı, nə baş verəcəkdi?

İndiki rəzalət belə aydın üzə çıxmayacaqdı. Bu saxtakarlıqda iştirak edənlər belə ifşa olunmayacaqdı. İndiyə qədər olduğundan fərqli durumla, məsələn, aktyorların, susan yazarların, aparıcıların etdiyi etirazı eşitməyəcəkdik. Məktəbələrdə özünü bu şəkildə rəzil edən müəllimlərin kimliyini bilməyəcəkdik.

“Bilib nə edəcəyik?” deyə soruşursanız, deyim. Ölkənin dörd bir yanından, xüsusən, müəllimlərin özünü qınadığını eşidirəm. “Mən nə qələt edib bu seçkiyə qatıldım” deyə…

“İctimai qınaq” deyib tələb edirik. Bu da sizə ictimai qınaq…

Yox, əgər bunu da əlinizin dalıyla itələyəcəksinizsə, “boş şeydi” deyəcəksinizsə, onda dolu olanı bizə göstərin lütfən!


AXCP bu seçkilərə qatılsaydı?

AXCP bu seçkilərə qatılsaydı və bütün ölkəboyu hər məntəqədə müxalif namizədlər olsaydı, hansı rəzalətlər üzə çıxardı? Əmin edərəm ki, dünya gündəminə indikindən daha artıq “seçki rəzaləti bombası” düşərdi. Çünki dediyim kimi, indi real siyasi qüvvə AXCP olduğundan ölkədəki seçki rəzalətini daha qabarıq göstərmək, hətta üzgörənlik edən, diplomatik davranan beynəlxalq təşkilatları belə küncə sıxışdırmaq olardı. Onların bizi sevdiyindən deyil təbii, belə bir iqtidarla yumşaq davrandıqca, simalarını itirdiklərindən o beynəlxalq qurumlar buna məcbur qalacaqdı. Məsələn, 10 il əvvəl daha diplomatik danışan bu qurumlar, hər saxta seçkidə “demokratiyaya doğru bir addım” kimi riyakar bəyanatlardan həm də elə bu rəzalətləri daha çox üzə qoymaqla, ictimai qınaq və kinayə ilə az da olsa geri çəkilmədilərmi? Bu dediklərimə inamsız yanaşsanız, Misirdə etirazlar başlayanda Mübarəki müdafiə edən ABŞ-ın iki həftə sonra “xalqın etirazlarını dinləməlidir, bu halda Mübarəki dəstəkləyə bilmərik” faktını xatırladım.

Azərbaycandakı durumun, siyasi saxtakarlığın bir daha sübutu və dünya ictimaiyyətinə çatdırılması baxımından seçki böyük fürsətdi.

Amma ən vacib olan… AXCP seçkiyə qatılsaydı, xalqın qəzəbi daha çox daşa çəkiləcəkdi, itilənəcəkdi. AXCP bu məsuliyyətin altına girmədi və irəli sürdüyü arqumentlər, xüsusən, “legitimlik qazanacaq” kimi düşüncələr özünü doğrultmadı. İndiki halda, insanların qəzəbinin çox olduğu bir vaxtda müxalifətin seçkidə insanlarla təmas imkanı artacaqdı, bu da ölkədə siyasi fəallığın yüksəlməsi deməkdi. Əlbəttə, kimsə iddia etmir ki, bu qəzəb itilənməsi böyük dəyişikliyə yol açacaqdı, amma insanlarda siyasi fəallığın artması yeni bir ümid deməkdir və bu ümid nələrə qadirdir, bunu dəfələrlə görmüşük.


Seçki o ümid toxumlarının səpilməsi üçün fürsətdi.

Seçkidən sonra kinayə ilə “biz bilirdik də, demişdik də” deyib ondan sonrakı prosesə də dəstək verməməyin də məntiqi izahını xalqa verməlidirlər. “Biz bu seçkidə iştirak etmədik, biz demişdik belə olacaq, mandat davası edirdiz, gedin indi özünüz də davam edin, biz niyə sizin mandat davanız üçün həbs olunub döyülməliyik?” deyib məsələni iki uşağın davası müstəvisinə keçirəcəklərsə, deyəcək sözüm yoxdur. Yox əgər, gerçək və qəzəbsiz, “bizə nə, sizə əcəb oldu” düşüncəsindən deyil, ölkənin mənafeyindən çıxış ediləcəksə, hamını bir hədəf üçün birləşdirmək istəyirsə, “o pisdi, bu əxlaqsızdı” deyib durmayacaqsa, “nə oldu, bəs deyirdiniz ReAL böyükdü, gördünüz, biz olmadan heç nə edə bilməzsiz” deyib çığal uşaq kimi davranmayacaqsa, indiki halda AXCP əlini daşın altına qoymalıdır.


Bu, baş verməsə, o zaman olanlardan belə bir nəticə çıxarmaq mümkündü.

Birinci, indi meydana gənclər gəlib. Hansı ki bu gənclərə “əxlaqsız” deyib linç etməkdən çəkinməyən AXCP onları meydanda tək qoymaqla gözləmə mövqeyi tutur ki, hakimiyyət onları sıradan çıxarsın. Çünki gənclər, siyasətə yeni gələn qüvvələr azdır, təşkilatlanmayıb, təcrübəsiz, siyasi riya və oyundan kənardılar. İndi onlar siyasətin idealist mərhələsindədirlər və bu şəkildə davam edərsə, hakimiyyət onları qısa zamanda asanlıqla siyasi səhnədən siləcək. Biz bunun nümunəsini NİDA Gənclər Hərakatının taleyində yaşamışıq.


  1. AXCP yenə də kinayə ilə linç kampaniyasına başlayıb “gördüzmü, bizə ağız büzməklə deyil, biz olmadan heç nəyi bacarmadınız, gəlin bizim qılıncımızın altından keçin” deyəcəklər. Hansı ki bu meyllər seçki kampaniyası ərəfəsi və seçki sonrası özünü büruzə verdi.


3.Gənclərin sıradan çıxarılmasını izləyən və istəyən AXCP yenə də müxalifətdəki üstünlüyünü və “hakimiyyətini” qoruyub saxlamış olacaq.

Yəni AXCP-nin varlığını nəyin bahasına olursa-olsun qorumaq, siyasi güc kimi saxlamaq və zamanını gözləmək…

(Qəribədir ki, yaxında Əl-Cəzirə kanalında Orta Şərqdə hökm sürən diktatorlar haqqında filmə baxanda onların da gözləmə və qurban vermə taktikasını seçdiyini izləyib qorxmuşdum. Ümid edirəm Azərəbaycan müxalifətində bu meyllər baş qaldırmaz.)


Başqa bir nüans…

Cəmiyyətdə həm də qarmaqarışıq və fakta deyil, bəlkə də daha çox qəzəb və xəyal qırıqlığına dayanan düşüncə də var. Müxalifət də hakimiyyətin əlinə oynayır, onunla işbirliyindədir. Bu düşüncə, məncə, daha çox gözləntilərin boşa çıxmasının nəticəsdir. 19 yanvar mitinqindən sonra da baş verənlər bu kimi fikirlərin cəmiyyətdə yayılmasına səbəb olur və məncə, AXCP bu kimi söhbətlərə rəvac verməmək, səmimi müxalifət olduğunu bir daha nümayiş etdirmək üçün gəncləri hakimiyyətin qabağına atıb yem etməməlidir, əksinə, onların da qüvvə və gücünü hesaba qatıb yola davam etməlidir.

Əks halda, AXCP bu qarmaqarışıq düşüncə selinin qarşısını ala bilməyəcək və bundan daha çox zədə alacaq. Yeni, təcrübəli və başqa siyasi qüvvənin formalaşması zaman tələb etdiyindən, indi real olan siyasi qüvvənin (bütün yanları, yanlış və doğruları ilə) gəncləri linç etməkdən, komplekslərdən azad şəkildə ölkənin siyasi səhnəsində üzərinə düşən vəzifəni üstlənməlidir.


Nəhayət, gənclərlə bağlı…

Azərbaycanda yeni nəsil artıq ictimai-siyasi səhnəyə gəlir. Bu nəsil asidir, fərlidir, yeni dəyərləri var və ən başlıcası sərtdir. Sərtliyi onu riyadan və ikiüzlü olmaqdan qoruyur.(Nə yaxşı ki, qoruyur.) Bu da onların həm hakimiyyət, həm də müxalifət tərəfindən linç olunub lənətlənməsinə səbəb olur. Yeni nəsil olub siyasi və ictimai həyata qoşulmaq istəyənlər həm iqtidar, həm də müxalifət tərəfindən eyni ritorika ilə təhqir və tənqidə məruz qalır. Keçən gün aksiyada polislərin söydüyü söyüşlərin eynisini, sosial şəbəkələrdə müxalifətin eyni şəkildə gənclərə etdiyini, söydüyünü, əxlaqsız adlandırdığını görürük.

Gənclər təklənir. Nə etməlidirlər?

Məncə, indi onların edəcəyi iş təşkilatlanmaq olmalıdır. Kor-koranə və pərakəndə savaş vermək heç bir uğura yol açmayacaq və beləcə, həm iqtidar, belə görünür ki, həm də müxalifət tərəfindən vurulan gənclik uçuşa hazır olmadan qanadlarından məhrum olacaq.

Gənclərin siyasi səhnəyə gəlişi hakimiyyəti qorxutduğu kimi, müxalifəti də əndişələndirir. İqtidarın hakimiyyətinə, müxalifətin müxalifətdəki avtoritarlığına xələl gəlir çünki… Beləcə, hər iki siyasi qüvvə tərəfindən sıxışdırlılan gənclər daha sıx birləşib özünü qorumalı və indiki cətin şərtlər altında ciddi siyasi qüvvə kimi ortaya çıxmaq üçün bütün “izm”ləri kənara buraxıb bir ideya ərtafında birləşməlidir.

Bizim üçün indi bir “izm” var. “Əliyevizm”…

Bütün əməllər ondan xilasa yönəlməlidir.

Ana səhifəXəbərlər“Əliyevizm”…