Azərbaycan və Ermənistan ticarət və iqtisadi əlaqələri genişləndirmək imkanlarını araşdırmağa davam edəcək. Bu razılaşma fevralın 4-də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirdiyi görüşdə əldə olunub.
AZƏRTAC-ın məlumatına görə, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitində əldə olunan nəticələrin icrasını müsbət qiymətləndiriblər. Onlar iki ölkə arasında münasibətlərin normallaşmasının birbaşa dialoq yolu ilə davam etməsinin vacib olduğunu bildiriblər.
Görüşdə qeyd olunub ki, hər iki ölkənin vətəndaşları artıq sülhün real faydalarını görməyə başlayıblar. Tərəflər ikitərəfli ticarətin başlamasından, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsindən, eləcə də üçüncü ölkələrdən Ermənistana gedən taxıl və digər yüklərin Azərbaycan ərazisindən tranzitindən məmnun olduqlarını bildiriblər. Bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması qərara alınıb.
Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri müsbət qiymətləndirilib və etimadın artırılması üçün bu cür tədbirlərin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Əliyev və Paşinyan TRIPP və digər nəqliyyat və əlaqə layihələrini də müzakirə ediblər. Onlar iki ölkə arasında sülhün və sabitliyin möhkəmlənməsi üçün təmasları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Paşinyanla Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində bir araya gəliblər.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətni paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.