Əliyev və Paşinyan bu ay Dubayda görüşə bilər – sülh razılaşması istiqamətində yeni cəhd

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

“Middle East Eye” yazır ki, Türkiyə Bakıya sülh razılaşmasını imzalamaq üçün təzyiqlər göstərir

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun sonlarında Dubayda görüşməsi planlaşdırılır. “Middle East Eye” nəşrinin yazdığına görə, bu görüş iki ölkə arasında sülh razılaşması ilə bağlı danışıqların davamı kimi nəzərdə tutulur.

Liderlər sonuncu dəfə bu ilin mayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşmüşdülər. Həmin görüşdə tərəflər ünsiyyəti açıq saxlamaq barədə razılığa gəlmişdi.

Mart ayında Ermənistan və Azərbaycan sülh razılaşmasının ilkin variantı üzərində razılığa gəlsələr də, Bakı razılaşmanı imzalamazdan əvvəl bir sıra əlavə şərtlər irəli sürür.

Bakının şərtləri nələrdir?

Azərbaycan tərəfi Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə istinad edilən hissələrin çıxarılmasını, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasının (EUMA) dayandırılmasını və ATƏT-in Minsk Qrupunun tamamilə buraxılmasını tələb edir. Bakı bu qurumu son 30 ildə tərəfkeşlikdə ittiham edir.

Mənbələrin “Middle East Eye” nəşrinə bildirdiyinə görə, Dubayda keçiriləcək görüş tərəflərin fikir ayrılıqlarına baxmayaraq danışıqlara davam etmək istəyində olduqlarını göstərir.

Ermənistanda gələn il seçkilər gözlənilir. Ekspertlərin fikrincə, Paşinyanın həmin vaxta qədər Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməsi çətin görünür.

Ankara Bakıya təzyiq göstərir

Bu arada Türkiyənin səssiz şəkildə Bakıya sülh razılaşmasını imzalamaq üçün təzyiqlər göstərdiyi bildirilir. Rəsmi Ankara Azərbaycan rəsmilərinə regiondakı dəyişən geosiyasi reallıqları, o cümlədən İranın azalan təsirini xatırladır.

Türkiyə rəsmiləri Ermənistanı Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirəcək “Orta Dəhliz” üçün açar ölkə hesab edirlər. Türkiyə şirkətləri həmçinin Ermənistanda həyata keçirilə biləcək infrastruktur layihələrində iştirakda maraqlıdırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Paşinyanı qəbul edib. Bu, Ermənistan rəhbərliyinin Türkiyəyə ilk rəsmi səfəri olub.

BƏƏ vasitəçiliyə hazırdır

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərini yaxından bilən mənbələrdən biri isə qeyd edib ki, Prezident Əliyevlə BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan arasında yaxın münasibətlər mövcuddur. Eyni mənbəyə görə, BƏƏ Cənubi Qafqazda barışığın əldə olunmasında rol almağa çalışır və görüşə ev sahibliyinə hazırdır.

Nəşrin yazdığına görə, iyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan həm Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Ermənistan XİN-in məlumatına görə, söhbətlərdə Cənubi Qafqazda və Yaxın Şərqdə sülh səyləri müzakirə olunub.

Ankaranın Ermənistanla münasibətlərinin normallaşması təşəbbüsləri də Bakı və Yerevan arasında sülh razılaşmasının imzalanmasına birbaşa bağlıdır.

Nəşrin yazdıqları ilə bağlı rəsmi Bakı hələlik heç bir açıqlama verməyib.

Ana səhifəXəbərlərƏliyev və Paşinyan bu ay Dubayda görüşə bilər – sülh razılaşması istiqamətində yeni cəhd