Elinanın ölümü üzrə istintaqda kimlər haqqında nə qərar çıxarılıb?

İstintaqın sonunda müstəntiq belə nəticəyə gəlib ki, bu adamların əməlində cinayət tərkibi yoxdur.

Source: Meydan Tv


Bir neçə nəfər haqqında cinayət işinin başlanması rədd edilib

162 nömrəli məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə əlaqədar bu məktəbin ditektoru Sevinc Abbasovadan başqa adamların da cinayət məsuliyyətinə cəlb olunması məsələsi qaldırılıb. Lakin son nəticədə onların barəsində cinayət işi başlanması rədd edilib. Bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, həmin şəxslərlə bağlı istintaqın rəsmi qərarı da var.

Haqqında cinayət işi başlanması məsələsinə baxılanlar arasında Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova, psixoloqu Könül Ağayeva, Elinanın sinif rəhbəri Çimnaz Mehdiyeva, məktəbin tibb bacısı Ləman Nuriyeva və Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri də var.

İstintaqın sonunda müstəntiq belə nəticəyə gəlib ki, bu adamların əməlində cinayət tərkibi yoxdur. Bu əsasla da barələrində "cinayət işi başlanmasının rədd olunması" qərarı çıxarılıb.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəSiyasətElinanın ölümü üzrə istintaqda kimlər haqqında nə qərar çıxarılıb?