Əlilliyi ləğv olunan şəxs: Kardioloqa “görüb-baxım” etmədiyimə görə sənədlərimi yarımçıq doldurdu

“Xəstə adamam, bir az yeriyəndə halım xarab olur, bu vəziyyətimlə mənı yollarda qoyublar”

Source: Specify Source


Şakir Xudaverdiyev anadangəlmə ürək-damar xəstəsidir, əlilliyi ləğv olunub

“Poliklinikanın həkimi dedi: “Sənin sənədlərini VTEK-ə qaydasında göndərmək üçün bir az bizə “görüm-baxım” etməlisən”. Bildirdim ki, nənə-baba himayəsində yaşayan xəstə adamam, üstəlik də, sizdən mənimçün qanunsuz iş görməyinizi xahiş etmirəm ki… Xəstəliyim nədir, yazın ora, göndərin. Həkim sənədləri natamam doldurdu, ona görə də pensiyasız qalmışam”.

Gədəbəyin Söyüdlü kənd sakini, 28 yaşlı Şakir Xudaverdiyev Meydan TV-yə danışır ki, 7 il əvvəl hərbi xidmətdə olarkən onun anadangəlmə ürək qüsurlu olduğu aşkar edilib. Hərbi xidmətin 1 il 2 ayının tamamında üzə çıxan bu xəstəliyə görə ordudan tərxis olunub, 6600 manat kompensasiyası da ödənilib. Evə döndükdən sonra ürək əməliyyatı keçirib. Həmin vaxtdan Şakirə 2-ci qrup əlillik təyin olunub. Ancaq bu ilin martında əlilliyi ləğv edilib. Ona əlilliyini təsdiq edən tibbi sənədləri yenidən toplamağı və Tibbi-Sosial Ekspert Komissiyasına yenidən müraciət etməyi məsləhət görüblər.

photo-2021-05-21-13-49-59 (1).jpg
Xəstəlik haqqında şəhadətnamə


“Dedim, xəstə adamam, mənə necə sənəd verməyə bilərsən?”

Deyir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında onu müayinə edən Əliviz adlı kardioloq ondan rüşvət istədiyinə görə sənədləri yarımçıq doldurulub. Nəticədə Şakir Xudaverdiyevin əlilliyi hələ də təsdiqlənməyib:

“Əliviz həkimə bildirdim ki, mənim ürəyimin üstü param-parçadır, mən o boyda ürək əməliyyatından çıxmışam, sən mənə necə sənəd verməyə bilərsən? Dedi: “Hörmət eləmirsənsə, özün bil, mən də sənin sənədini öz bildiyim kimi doldurub göndərəcəm”. Elə də oldu, sənəd getdi VTEK-ə, cavab gəldi ki, məlumatlar yarımçıqdır. O həkim məni hələ də süründürür. Özündən başqa iki oğlu da həmin xəstəxanada işləyir. Firdovsi adlı oğlu xəstəxanada şöbə müdirinin müavinidir, o da məni Bakıya, Əlillərin Bərpa Məkrəzinə göndərdi. Mərkəzdə dedilər: “Səni bura kim göndərib? Sənin xəstəliyin ürəklə bağlıdır, buralıq işin yoxdur”. Xəstə adamam, bir az yeriyəndə halım xarab olur, bu vəziyyətimlə mənı yollarda qoyublar”.

photo-2021-05-21-13-50-00.jpg
Xəstəlik haqında şəhadətnamə


“Nənəmin, babamın himayəsində yaşayıram”

Şakir Xudaverdiyev heç bir yerdə işləmir, ona ömürlük təyin olunmuş dərmanlarını ala bilmir. Səbəbsə 130 manat əlillik pensiyasının kəsilməsidir:

“Mən nənə-baba himayəsində yaşayıram. Onlar da ahıl yaşdadılar, xəstədilər, sabah başlarına bir iş gəlsə, mən necə dolanacam, dərmanlarımı necə alacam, bilmirəm. Son gümanım 130 manata idi, onu da belə qansız həkimlərin üzündən ala bilmirəm. Harda görülüb həkim xəstəyə açıq şəkildə desin ki, pul verməsən, pensiyanı kəsəcəklər? 130 manat pensiya ümidinə yaşayan əlildə artıq pul hardandır ki, o həkimə rüşvət versin?

Tibbi-Sosial Ekspert Komissiyasından Şakir Xudaverdiyevə gələn rəsmi cavabda qeyd olunub ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Xəstənin göndərişi səthi və yanlış yazıldığı üçün geri qaytarılır.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından isə məsələyə münasibət bildirmək istəməyiblər.

photo-2021-05-21-13-49-59.jpg
Dedi: “Hörmət eləmirsənsə, özün bil, mən də sənin sənədini öz bildiyim kimi doldurub göndərəcəm”.
Ana səhifəBölgəƏlilliyi ləğv olunan şəxs: Kardioloqa “görüb-baxım” etmədiyimə görə sənədlərimi yarımçıq doldurdu