Ruslan Əmirov

Mənbə: Foto: arxiv

Başlıq: Ruslan Əmirov

Əli Kərimlinin həbsdən çıxan mühafizəçisi barəsində yenidən həbs qərarı

Məqalə yeniləndi:  30 May 2020

Qaradağ Rayon Məhkəməsi Ruslan Əmirova 15 gün həbs cəzası kəsib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov inzibati qaydada həbs olunub. Mayın 29-da Qaradağ Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

R.Əmirov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xərda xuliqanlıq) maddəsilə ittiham olunub və ona 15 sutka həbs cəzası kəsilib.

AXCP-dən Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, R.Əmirov mayın 28-də Masallı rayonunda tutulub, radan Bakıya – Qaradağ rayonu, 11 saylı polis bölməsinə gətirilib.

R.Əmirov karantin rejimi dövründə ilk həbs olunan cəbhəçilərdən idi. O, aprelin 9-da övladını həkimə apararkən saxlanmış, 30 sutka həbs cəzası verilmişdi. AXCP fəalı mayın 9-da azadlığa buraxılmışdı.

“Ruslan Əmirov Masallı rayonundandır. Bir müddət idi ki, rayondaydı. Elə Masallının mərkəzindən yoxa çıxıb. Saxlanılanda imkan tapıb, dostlarından birinə mesaj yazıb ki, onu sahə müvəkkilinin maşınına mindiriblər. Ondan sonra telefonuna zəng çatmayıb. Mayın 28-də axşamüstü xəbər aldıq ki, 11-ci polis bölməsindədir”, - deyə partiyadan bildirilib.

Ə.Kərimlinin köməkçisi, mayın 8-də 30 sutkalıq inzibati həbsdən buraxılan Faiq Əmirli də mayın 25-də yenidən həbs olunub. Həyat yoldaşı Lalə Əmirlinin bildirdiyinə F.Əmirli Ramazan bayramı ilə əlaqədar valideynlərinin məzarını ziyarət etmək üçün Sabirabada gedib. Oradakı evlərində olarkən polislər onu söhbət etmək adıyla çağırıb. Bir neçə saat sonra isə xəbər gəlib ki, F.Əmirliyə Sabirabad rayon Məhkəməsinin qərarıyla 15 sutka inzibati həbs cəzası kəsilib. O da İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Son iki ayda AXCP-nin 30-dan artıq fəalı həbs olunub. Onların əksəriyyətinə 30 sutka inzibati həbs cəzası kəsilsə də, üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. AXCP Salyan şöbəsinin fəalı Zamin Salayev rayondakı qadına təcavüzdə ittiham olunan polis əməkdaşı haqda videonu yaydığına görə 2 il 3 ay azadlıqdan məhrum edilib. Partiyanın Xətai şöbəsinin fəalı Səid Məmmədzadə xuliqanlıqda təqsirləndirilərək, barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, avtoyuma məntəqəsində bir vətəndaşa bıçaqla xəsarət yetirməkdə ittiham edilir. Amma sosial şəbəkələrdə yayılan videoda həmin şəxsin heç bir xəsarət almadan, hətta əlbəyaxa olmadan avtomobilinə əyləşib getdiyi görünür.

Ə.Kərimlinin ictimai əsaslarla daha bir mühafizəçisi Niyaməddin Əhmədov da 30 sutkalıq inzibati həbsdə idi. Onun cəzası mayın 15-də başa çatsa da, azadlığa buraxılmayıb. Üç gün sonra məlum olub ki, N.Əhmədovun da barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb.

AXCP bütün bunların partiyaya qarşı repressiyaların davamı olduğunu bəyan edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, bu şəxslərin hamısı konkret qanun pozuntularına görə məsuliyyətə cəlb edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7msth6

Ən çox baxılan