Əli Kərimli: Cəmiyyətdə bir gözlənti yaranmışdı ki, islahat olacaq, xalqla daha hörmətli davranılacaq

Əli Kərimli: Cəmiyyətdə bir gözlənti yaranmışdı ki, islahat olacaq, xalqla daha hörmətli davranılacaq


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Meydan TV-yə müsahibə verib. O, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri, gələcək siyasi perspektivlər haqda yaranan sualları cavablandırıb.


– 27 sentyabrdan sonra Rusiya Prezidenti Putin müharibənin gedişinə susqun yanaşanda hiss etmirdinizmi ki, sonluq 10 noyabr bəyanatıyla yekunlaşa bilər?

– Əgər mənim çıxışlarımı izləmiş olsanız, 27 sentyabrdan bir neçə gün əvvəl Sevinc Omanqızının kanalında bu barədə danışmışdım. Artıq media kampaniyasından hiss olunurdu ki, savaş başlaya bilər. Təqribən prosesin necə gedəcəyini, Rusiyanın nəyə nail olacağını həmin vaxt demişdim. O zaman bildirdim ki, Rusiya hər iki bölgədə təsirini artırmaq üçün regiona sülhməramlı adı altında Azərbaycana, Qarabağa qayıtmaq istəyir, biz bunu nəzərə almalıyıq. Yəni gözlənilməz deyildi. Biz bilirdik ki, Rusiya 28 ildir Azərbaycana qayıtmağa çalışır. O zaman ki, Əbülfəz Elçibəy hakimiyyətini itirmık bahasına olsa da, Rusiya qoşunlarını Azərbaycandan çıxartdı, o gündən 10 noyabra qədər şimal dövlətin məqsədi bura qayıtmaq olub. 10 noyabrda da bunu bacardı.



Deməli, sizdə informasiya vardı ki, müharibə başlayacaq, 44 gün davam edəcək və sonda Rusiya qoşunları 10 noyabr bəyanatıyla Azərbaycana daxil olacacaq?

– Yox, bu qədər davam edəcək hissəsi haqda informasiya yox idi. Açığı, müharibənin 10-12 gün çəkəcəyi haqda məlumat vardı. Təbii ki, o zaman bu barədə heç nə danışmazdım. İndi də həmin məlumatın doğru olduğunu iddia etmirəm. Ancaq bir gün bizi dayandıracaqlarını bilirdim. Çünki biz aprel döyüşlərini yaşamışdıq, neçə günə hərbi əməliyyatın dayandırıldığını gördük. Mən hakimiyyətin xarici təzyiqlərin qarşısında zəif olduğunu və onların da hakimiyyəti dayandıra biləcəyini bilirdim. Ona görə də fikir verdinizsə, savaş günlərində hakimiyyətə 3 dəfə müraciət etdim ki, xalqın həmrəyliyinə inanın, milli demokratik müxalifətin dəstəyinə arxalanın və dayanmayın. Beynəlxalq təzyiqlər olsa, bir yerdə dəf edərik. Hər dəfə atəşkəs razılaşmaları olanda, mən narahat olurdum ki, hökumət tərəddüd keçirdir, xarici təzyiqlər də var. Bu mənada əvvəlcədən narahat idim ki, proses sona çatmaya bilər.



Bəs siz bu qədər rayonun işğaldan azad olunacağını gözləyirdinizmi?

– Mən həmişə Azərbaycan ordusunun güclü olduğunu bilmişəm, buna heç vaxt şübhəm olmayıb. Orduya siyasi qərar verilsə, hərbi əməliyyatlar bizim xeyrimizə başa çatacaq. Çünki ordumuzun mənəvi-psixoloji durumu üstündür, fikir verin, bir nəfər fərarilik etdi, yox, hamı könüllü şəkildə getdi, vuruşdu, heç bir şikayət etmədi. Mənəvi-psixoloji üstünlük bizdə, say üstünlüyü bizdə, pul, silah üstünlüyü bizdə, niyə görə qələbə qazanmayaq ki? Ona görə arxayın idim ki, nə zaman siyasi qərar verilsə ki, torpaqlar qaytarılmalıdır, ordumuz bu işi bacaracaq. Açığı, hökumətdən arxayın deyildim, fikirləşirdim ki, nə zamansa dayandıracaqlar. 27 sentyabrdan 10 noyabra qədər əsas keçirdiyim narahatlıq onunla bağlıydı ki, bu iş başa çatmamış, Azərbaycan iqtidarına təzyiq edərlər və proses dayanar, yarımçıq qalar. Ona görə narahat idim.



Sizcə, 10 noyabr bəyanatı baxımından hakimiyyətə təzyiq yalnız Rusiyadan idi, yoxsa Qərbdən də oldu?

– Əlbəttə ki, Qərb ölkələri də Azərbaycan hakimiyyətinə əməliyyatı dayandırmağı deyirdilər. Amma Qərbin Azərbaycandakı gücü yumşaq gücdür, onu hakimiyyət çox rahatlıqla rədd edə bilir. Qərbdən xüsusi narahatlıqları yoxdur, çünki Avropanın Azərbaycanda hərbi, kobud gücü yoxdur, onlar buralarda çevriliş etmir. Ona görə də əsas narahatlıq yaradan Rusiyanın təzyiqləri idi. Ancaq mən bəyanatlarımda hər zaman vurğulayırdım ki, təzyiqlər hansı tərəfdən gəlirsə gəlsin, Minsk Qrupudursa Minsk Qrupundan, Fransadırsa Fransadan, Rusiyadırsa Rusiyadan, biz millət olaraq dəf etməliyik onları. Hökumət xalqa, milli birliyə arxalanıb, getməliydi, hərbi əməliyyatları davam etdirməliydi. Ona görə də əvvəldən narahatlığım bu məqam idi, çox təəssüf ki, narahat olduğum hal başımıza gəldi.


– Hökumət xalqa arxalanıb. Ancaq kənardan bir olaya baxaq. Mixail Saakaşvili gücrü xalqının səsi ilə prezident seçilmişdi, 2008-ci ilin avqustunu xatırlayırsınız, o da ölkəsinin ərazi bütövlüyünü bərpa etmək istəyirdi. Ancaq Rusiya imkan vermədi, ordusu Tbilisiyə qədər gəldi. Bu baxımdan siz Rusiya amilini kənara qoymaq istəyirsiniz?

– Müqayisə çox qüsurludur. Gürcüstanda Rusiya ordusu artıq içəridəydi, sülməramlı adı altında gəlib oturmuşdu Cənubi Osetiyada. Saakaşvili Cənubi Osetiyanı azad etmək istəyəndə, Rusiya sülhməramlılarıyla savaşa başladı. Dəqiq yadımda deyil, onlarla rus əsgəri öldürüldü, bəlkə də 40-50 nəfər. Bundan sonra Rusiya sülhməramlılarını gürcülər məhv edir deyə bəhanə edib Gürcüstana qarşı əməliyyat keçirdilər. Azərbaycanda belə müdaxilə üçün heç bir əsas yox idi. Əvvəla yadınıza salın, Azərbaycan hökuməti də dönə-dönə tirajlayırdı ki, Rusiya dövlət başçısı Putin demişdi ki, əməliyyatlar Azırbaycan ərazisində baş verir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu işə qarışmaq imkanı yoxdur, biz ordakı əməliyyatlara qarışa bilmərik. Onun bu açıqlamasını tez-tez xatırladırdılar. Yəni adam öz sözüylə öz yolunu bağlamışdı. Necə ola bilər, bütün dünya baxır, adam hər həftə deyir ki, müharibə Azərbaycanın ərazisində getdikcə, biz bu əməliyyatlara qoşula bilmərik, amma günün birində 180 dərəcə dəyişir və heç bir bəhanəsiz deyir ki, Azərbaycana müdaxilə edirik. Bu, birbaşa işğaldır.



Siz yaxşı bilirsiniz ki, Putin dəfələrlə Krımı Ukraynanın ərazisi hesab etmişdi, sonra nə baş verdiyini də gördünüz…

– Yenə də yox, görün, hara gəlib çıxdınız. Krımda yalandan da olsa referendum keçiriblər, özlərinə birləşdiriblər.



Krım olmasın, Donbas olsun…

– Yox, Donbasın özündə də açıq edə bilmədilər. Hətta Donbasda Rusiya tərəfdir, ölənlər də şimal ölkənin vətəndaşıdır. Amma yenə də açıq müdaxilə edə bilmir, kənardan kömək edir. Kənardan kömək başqa şeydir. Məgər, Rusiyanın imkanı yox idi ki, basıb getsin Kiyevə? Niyə gedə bilmədi? Baxın, Rusiya Donbasda 5 min əsgər itirib, amma ordan kənara niyə çıxa, yaxud Krımla birləşdirə bilmədi? Rusiyanın iddiaları vardı, Novorossiya yaratmaq niyyətlərini gizlətmirdilər. Çünki dünya imkan vermir, elə asan deyil müstəqil bir dövləti işğal etmək. Mən bilirəm bu suallar harda yaranır. Azərbaycan hökumətinin 10 noyabrda getdiyi güzəştə haqq qazandırmaqdan ötrü onun həm həqiqi tərəfdarları var, həm də zorla özünü hökumətə yamamaq istəyən ictimai sektordan müəyyən adamlar var, biri bloqçu, başqa biri hüquqşünasdır. Onlar hökumətə öz xidmətlərini təklif edirlər və əsaslandırırlar ki, ay amandır, biz əməliyyatları birdən dayandırmasaydıq, Rusiya ordusunu yeridəcəkdi, Xəzərdən Bakıya raket atacaqdılar, dramatikləşdirirlər, şişirdirlər.


– Elə Naxçıvanla sərhəddə helikopterin vurulmasını və Xırdalanda hansısa partlayışın olduğunu söylədilər. Yəni siz Rusiya amilini kənara qoyub, bütün bunların müqabilində İlham Əliyevin bəyanata imza atmamalı olduğunu demək istəyirsiniz?

– Deməli, helikopterlə bağlı məsələni Azərbaycan hakimiyyəti haqlı-haqsız üzr istədi və bağladı. Dünyanın heç yerində iki tərəf səhvən öldürülmüş əsgərə görə üzr istəniləndən sonra savaş başlamır, belə nümunə yoxdur. Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi niyə rəsmiləşdirmədi ki, raketi kim və hara atmışdı? Hardasa bəyanatın imzalanmasından 48 dəqiqə sonra atılmışdı, xalqlara müraciət olunandan sonra atılan raketin bəyanata nə dəxli var, uydurmadır. Ya səhv olub, yaxud da Ermənistan tərəfdən kimlərsə barışmayıb, atıblar. Amma bəyanatın imzalanmasını həmin gün Bakıya atılan raketlə əlaqələndirmək absurddur. Sualınızın əsas hissəsinə gəlirəm, Rusiyanı əlbəttə kiçiltməyin tərəfdarı deyiləm, amma onun bütün diktəsini qəbul etmək lazım deyil. Sual yaranır; 9 oktyabrda atəşkəs imzalanmışdısa, Azərbaycan elə qaldığı yerdə qalardı də, niyə ondan sonra biz əlavə 3 rayon aldıq?! Rusiya belə fövqəladə güc deyil, onun dediklərini elə olduğu kimi yerinə yetirmək öhdəliyimiz yoxdur, nə də Moskvanın istədiyini etmək kartblanşı da yoxdur. Baxın, Rusiya Gürcüstanla müharibə vəziyyətindədir, Ukraynayla da o cümlədən. Bəs həmin ölkələrdə hökumətləri dəyişə bilirmi? Gürcüstanın siyasətinə təsir edə bilirmi? Yox. Kasıb və kiçik Moldovada əsgər və zabiti də var, siyasətinə təsir edə bilir? 57 faiz səslə qərbə inteqrasiya tərəfdarını prezident seçdilər və onun birinci bəyanatı “Rusiya ordusu ölkəmdən çıxacaq” oldu. Rusiya prezidenti də mətbuat konfransında söylədi ki, çıx deyir, çıxarıq, amma gərək danışaq. Çünki dünya başqadır. Bilirsinizmi, Krımdan sonra Rusiya beynəlxalq sanksiyalardan nə qədər itki verib? Siz onun fərqindəsinizmi, bu qədər varlı ölkə ildən ilə geri gedir. Putinin sonuncu mətbuat konfransında sualların 70-80 faizi əhalinin dözülməz vəziyyət haqdaydı. İşsizlik, kasıblıq nəyə görə artıb, Krımla bağlı tətbiq edilən beynəlxalq sanksiyaların təsiridir. Müstəqil dövlətləri əzib-keçmək, onların ərazisinə razılığı olmadan ordu yeritmək artıq Rusiyanın edə biləcəyi iş deyil. Bəli, dünya ədalətli deyil, bizim də iradlarımız olub, Qarabağla bağlı haqq səsimizi eşitməyiblər. Amma dünya daha cəngəllik də deyil.


– İlham Əliyev 10 noyabr bəyanatına imza atmasaydı, nə baş verərdi?

– Hesab etmirəm ki, Azərbaycana müdaxilə olacaqdı. Müdaxilə olmayacaqdı, İlham Əliyevlə Rusiya prezidentinin münasibətləri gərginləşəcəkdi. Rusiya bizə pislik etməyə çalışacaqdı, amma Azərbaycan əsgəri də mövzunu bitirəcəkdi, digər qalan 4 rayon da azad olunacaqdı. Bunu mən demirəm, Paşinyan və Araik deyir. 2-3 günə Qarabağ ərazisində bizim suverenliyimiz təmin olunacaqdı. Sonra Azərbaycan üstün mövqedən deyəcəkdi ki, kim dövlətimizin qanunlarıyla yaşamaq istəyirsə, gəlsin yaşasın. Yenə də hamıya xoş məram göstərəcəkdi, sülh təklif edəcəkdi, bir neçə günün ərazində Rusiya Azərbaycana əhəmiyyətli bir şey edə bilməzdi. Maksimum həmin günlərdə nə edə bilərdi, silah verəcəkdi, onsuz da verirdilər. Ermənistan Müdafiə Nazirliyinin qərargah rəisi söylədi ki, 27 sentyabrdan 10 noyabra qədər hansı silahı istədik, verdilər, xəyal etmədiyimizi də verdilər.


– Burda Qərb amilini xatırlayaq, Fransanın qanunverici orqanında baş verənləri bilirsiniz. Bu baxımdan Avropa dövlətləri Qarabağda erməni icmasının genosid edildiyini deməyəcəkdimi, bunu nəzərə alırsınızmı?

– Birincisi, genosid olmayandan sonra necə genosid deyəsən? Axı biz dinc əhalini qırmamışıq. Artıq yolu da bağlamamışdıq, Xankəndinin əhalisi çıxıb getmişdi, orda dinc əhali yox idi, ordumuz yaxınlaşdıqca, yenə də gedəcəkdilər. Azərbaycan ordusu hərbi əməliyyatlarda çox mükəmməl davrandı, dinc əhaliyə toxunulmadı. Çünki Azərbaycanda bir konsensus olub, ordu bununla hərəkət edib ki, bizim dinc əhaliylə işimiz yoxdur. Əksinə, bütün beynəlxalq hesabatlar da təsdiq edib ki, Ermənistan Azərbaycanın dinc əhalisini hədəf seçib. Həmin erməni əhalisi hərbi əməliyyat zonasından aralanacaqdı, sonra da Azərbaycan xoş niyyətlə qanunlarımızla yaşamağa dəvət edəcəkdi. Yaşamaq istəyən, gəlib yaşayacaqdı, ona qalanda 250 min azərbaycanlı Ermənistandan köçürülüb, bu günlərdə kimsə bu barədə danışır, onların qayıtmasın gündəmə gətirir? Yaşamaq şəraiti olmayıb, kimsə o riskə getmək istəməyib. Kim gəlmək istəyəcəkdisə, Azərbaycan qəbul edəcəkdi. Fransanın Senatının və Nümayəndələr Palatasının qətnamələrinə gəlincə, bunlar bütövlükdə Qərbin mövqeyi deyil. Fransada erməni diasporası 100 ildən çoxdur formalaşıb, səsvermələrə təsirləri var. Çox səhv hesablamalarla hazırkı dövlət başçısı Makron diasporanın səsini almaqdan ötrü aşırı ermənipərəst mövqedən istifadə edir. Amma bu mövqe nə NATO-nun, nə Avropa Birliyinin mövqeyidir. Hətta həmin qətnamələr Fransanın özündə dövlət mövqeyi ola bilmədi. Yəni bununla insanları qorxutmaq lazım deyil. Biz işimizi yaxşı görsək, hərbi cəhətdən işi başa çatdıra bilərdik. Siyasi baxımdan da getdin qalib oldun, sonra böyük bir açılım, demokratik islahatlar elan edirsən, ordan köçmüş insanların əmlak hüququna təminat verirsən və bütün söhbətləri bağlayırsan. Çox təəssüf ki, bizə məlumat verilsə də ki, ərazi bütövlüyümüz tam olaraq təmin olunub, daha status-kvo, təmas xətti yoxdur, erməni qoşunları ərazimizdən çıxacaq, bunların heç biri reallaşmadı.



Rusiya sülhməramlılarının Azərbaycana daxil olmasının əleyhinəsiniz. Bəs niyə müxalifət əleyhinə çıxmadı? Hardaydı müxalifət o zaman?

– Biz elə 10 noyabr bəyanatından cəmi bir neçə saat sonra etiraz etdik. Ancaq nə təklif edirsiniz, hərbi vəziyyət, müharibə şəraitində mitinq çağırardıq? Doğrudanmı, cəmiyyətdə o ovqat vardı? Biz o etirazı edəndə hökumət bəlli qruplarda elə bir eyforiya yaratmışdı ki, şəhərin mərkəzində insanlar bayraqlarla bayram edirdilər. Mən insanları çox da qınamıram, dövlət başçısı səviyyəsində Ermənistanın kapitulyasiya imzaladığı və Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olunduğu elan edilib, adamlar da sevincəkdirlər. İndi sən bu vəziyyətdə mitinq təyin elə, rasional addım olardımı?!



Müharibədə hakimiyyəti dəstəklədiniz. Bu, həm də nəticəyə dəstək olmaq deyildimi, yəni Rusiyanın bölgədə olmasını dəstəkləmək mənasında?

– Xeyr, biz harda doğrudur, ora dəstəyik, harda yanlış vardı, ona qarşı çıxdıq. Biz nə zamansa hökuməti dəstəkləyən bəyanat verdikmi? Demişik ki, ordumuzun və dövlətimizin torpaqlarımızı azad etməklə bağlı əməliyyatlarını dəstəkləyirik. Savaş başqa ölkənin ərazisi uğrunda getmir ki… Azərbaycan torpaqlarının azadlığı uğrunda dövlətimiz, elə hökumət hansı addım atırsa, biz ona dəstəyik. Amma bizim istəyimizdən, Azərbaycanın milli marağından kənara çıxdılar, Rusiya sülhməramlı adı altında da olsa, qayıtdı ərazimizə. Mövqeyimizi bir neçə saat keçmədən qoyduq ki, yox, buna qarşıyıq.



Müharibə dövründə milli birlik çağırışları elə bir görüntü yaratdı ki, bir çoxu postmüharibə dövründə Azərbaycanın tam fərqli bir formada idarə olunacağını iddia edirdi. Siz necə görürdünüz, o fərqli Azərbaycanı? İnanmışdınızmı bu iddialara?

– İnanmışdım deyə bilmərəm, amma ümid yaranmışdı. Bilirsiniz, cəmiyyətdə bir gözləntilər yaranmışdı ki, islahat olacaq, xalqla daha hörmətli davranılacaq. Niyə bu gözləntilər yaranmışdı? Birinci, qalib xalq fenomeni ortaya çıxır, hamı başa düşür ki, düşmən üzərində canı, qanı hesabına qələbə qazanan bu insanlarla kölə kimi davranmaq olmaz. İkinci, hökumətdə bir az özgüvən yarandı. Repressiya hardan yaranır? Daha çox qorxudan. Xalqdan dəstək almayanda fikirləşir ki, azadlıq olmadığına görə onu hakimiyyətdən salacaqlar. Ona görə də azadlığı əzmək lazımdır, azad media olmasın, seçki saxtalaşdırılsın, repressiya olsun. Bunlar hökumətin özündən arxayın olmaması səbəbindən gerçəkləşir. Azərbaycan cəmiyyətində də bir ümid yarandı ki, hökumət əsgərin, zabitin hesabına olsa da, əldə olunmuş hərbi zəfərlə reytinqini bir az artırıb, özgüvəni yaranıb ki, yarım demokratiya şəraitində də idarə edə bilər, daha bu repressiyalar nəyə lazımdır?! Üçüncü, biz cəmiyyət olaraq hamımız bu imtahandan yaxşı çıxdıq, başqa ölkələrdə belə şey yoxdur, amma Azərbaycan cəmiyyəti 100 faizə yaxın milli maraqlar naminə birləşdi. Deməli, bundan sonra həlledici seçim anında bir araya gəlib milli maraqları hökumətlə bir yerdə müdafiə edəni daha necə satqın və xəyanətkar adlandırıb onunla savaş aparacaqsan? Bu, məntiqə sığmadı, adamlar təsəvvür etmədi ki, bunu etmək olar. Nəhayət, hamı başa düşürdü ki, savaşın hərbi fazasından sonra siyasi fazası da olacaq. Azərbaycanı hərbidə uduzmuş erməni lobbisi siyasi müstəvidə sıxışdıracaq, qeyri-demokratik idarəetmə gündəmə gələcək. Ona görə hamı şüuraltı düşünürdü ki, hökumət də məsuliyyətini hiss edəcək, düşmənə bu arqumenti verməməkdən ötrü siyasi məhbusları azad edəcək, azadlıqları təmin edəcək.



AXCP üzvlərini azad etdilər…

– Bir qrup Qarabağ məhbusları ev dustaqlığına buraxılıb. Amma siyasi məhbus məsələsi həllini tapmayıb.


– 10 noyabrdan sonra bölgədə Rusiyanın təsir imkanları genişləndi, bunu ekspertlər deyir. Bəs o zaman avrointeqrasiya necə oldu, o da getdi cəhənnəmə, gora?

– Onu arzulayanlar çoxdur, Rusiya da bunu arzulayır, yəqin ki, Azərbaycan hakimiyyəti də arzulayır. Amma bu səhvdir. Azərbaycanın gerçək maraqları avrointeqrasiyada iştirakı tələb edir. Yaxşı hal oldu ki, bu yaxınlarda Brüsseldə görüş keçirildi, Avropa Birliyi Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla inteqrasiyanı dərinləşdirmək niyyətini ortalığa qoydu. Açıq dedi ki, azad olunmuş torpaqların bərpasında da iştirak etmək istəyirlər. Baxın, biz ya Rusiyanın hegemonluğu altında qalıb ildən-ilə kasıblayırıq, repressivləşirik, indi olan az-çox ictimai münasibətlər də sərtləşir və Azərbaycanı bununla çox pis sonluq gözləyir. Yaxud da həmin avrointeqrasiyadan istifadə edərək birinci mərhələdə Rusiya sülhməramlılarını çoxmilləli qüvvələrlə dəyişirik. Bunu təkbaşına edə bilməyəcəyik, onun üçün qərblə işləməliyik, xüsusın də yaxşı təşəbbüs var, Skandinaviya ölkələrindən olan sülhməramlılar olsun. Qoy, Skandinaviya sülhməramlıları gəlsin, Rusiyayla qurtaraq. Sonra bizə nə verəcək avrointeqrasiya? Neçə vaxtdır əsgərə, ailəsinə dəstək məsələsini gündəmə gətiririk, şəhid ailəsinə 300 manat vermək təhqiramizdir, normal sığorta verilməlidir. Deyirlər ki, pul yoxdur, amma gələn ilin büdcəsində 2.2 milyard həmin regionların bərpasına vəsait ayrılıb, amma bu cüzi hissədir. Əgər həmin regionların bərpasını biz özümüz edəsi olsaq, 4-5 ilə 15-20 milyard ehtiyat ora xərclənmiş olacaq, xeyli hissəsi də yeyilər. Amma avrointeqrasiya xətti seçsək, həmin regionların bərpasının əhəmiyyətli hissəsini Avropanın, ABŞ-ın üzərinə qoyarıq. Həm pul qazanarıq, ordan sərbəstləşmiş vəsaiti şəhidin, qazinin ailəsinə verərik. Görürsünüz də, şəhidlərin hamısı kasıb ailədən çıxıb, qazilər, könüllü əsgərlər pis vəziyyətdədir. Azərbaycan dövləti onları ovcunun içində saxlamalıdır. İndi hamıya pul tapılır, onlardan başqa. Avrointeqrasiya yalnız demokratiya, insan haqları məsələsi deyil, hərçənd ki, bu, çox önəmlidir. Təəssüf ki, Azərbaycan cəmiyyətində bunlar haqq etdiyi dəyəri görmür, amma ləyaqətli, azadlıqlara hörmət edərək, insan kimi yaşamaq çox önəmlidir. Ancaq bu saat avrointeqrasiya maddi məsələdir, insanların sosial baxımdan yaxşı yaşaması deməkdir. Ordan pul, investisiya gələcək, bizim millətimiz də yaxşı həyat haqq edir.

Ana səhifəVideoƏli Kərimli: Cəmiyyətdə bir gözlənti yaranmışdı ki, islahat olacaq, xalqla daha hörmətli davranılacaq