Ələt sakinləri: Mədəniyyət Evini qıfıllayıb, siçovul yuvasına çeviriblər

“Üstünü boyamışıq, ancaq içərisi zibilliyi, siçovul yuvasını xatırladır”

Source: Specify Source


33 ildir ki, qapısı qıfıllı qalan tikilidən hür gün bir daş qopur

“Binanın üstünü sakinlər rəngləyib, içərisi isə zibilliyi xatırladır. Hara müraciət ediriksə, bizi aldadırlar, yalandan deyirlər, növbəti illərdə əsaslı təmir olunacaq. Bu yalançı vədlər 20 ildən çoxdur davam edir”.

Qaradağ rayonu, Ələt qəsəbəsinin sakinləri qəsəbədəki Mədəniyyət Evinin baxımsızlıqdan dağılmaqda olduğunu deyirlər. Mədəniyyət Evi 1960-cı ildə qəsəbə sakinlərinin istifadəsinə verilib. 1988-ci ilədək qəsəbədəki müxtəlif mədəni tədbirlərin, dərnəklərin tək ünvanı olub. 33 ildir ki, tikilinin qapısı qıfıllanıb və indiyədək də baxımsız vəziyyətdədir.

photo-2021-04-30-14-03-12 (1).jpg
“33 ildir ki, tikilinin qapısı qıfıllanıb”


“Düşündük ki, bəlkə şəhidin ruhuna hörmətlə yanaşarlar”

Qəsəbə sakini Hacıağa Qayıbov danışır:

“1992-ci ildə Mədəniyyət Evinə şəhidimiz Zaur Qurbanovun adı verildi. Həmin vaxt artıq 3 il idi ki, Mədəniyyət Evi aktiv fəaliyyət göstərmirdi. Düşündük ki, bəlkə şəhidin ruhuna hörmətlə yanaşarlar, Mədəniyyət Evi əvvəlki səs-küylü vaxtlarına qayıdar, əsaslı təmir olunar. Ancaq bu da baş vermədi”.

photo-2021-04-30-14-03-12 (2).jpg
“İndiyədək də baxımsız vəziyyətdədir”

İkinci Qarabağ Müharibəsi zamanı Ələtə şəhid tabutları və qazilər axışanda yerli sakinlər qərara gəliblər ki, şəhidlərin dəfni, qazilərin qarşılanması tədbirlərinə görə Mədəniyyət Evinin çöl divarlarına əl gəzdirsinlər və divarları boyayıblar.


“Boyadıq, oldu altı təzək, üstü bəzək…”

“Üstünü boyamışıq, ancaq içərisi zibilliyi, siçovul yuvasını xatırladır. İndi tikili olub necə deyərlər, altı təzək, üstü bəzək… Tikilinin daşı, torpağı tökülür. Belə getsə, tamamilə dağılacaq”, – Hacıağa Qayıbov deyir.

Mədəniyyət Evi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. Qurumdan bildirilib ki, Mədəniyyət Evinin əsaslı təmiri məsələsinə növbəti illərdə maliyyə imkanları çərçivəsində baxılacaq.

photo-2021-04-30-14-03-13 (1).jpg
“İndi tikili olub necə deyərlər, altı təzək, üstü bəzək… ”
Ana səhifəBölgəƏlət sakinləri: Mədəniyyət Evini qıfıllayıb, siçovul yuvasına çeviriblər