“Elektrik Şəbəkə xəbərdarlıq etmədən oğlumu işdən çıxardı”

“Seymur müəllimə xatırlatdım ki, oğlum işlədiyi bir il ərzində üç dəfə işə gəlməyib, hamısında da izahat yazıb, əməkhaqqından pul tutmusunuz”

Source: Specify Source


Göyçay sakini: “Dedilər ki, idarənin rəisi belə lazım bilib”

Göyçay sakini Şərafət Məmmədova şikayətçidir. Deyir ki, oğlu Sənan Rzayev Teymur oğlu bir ildir işlədiyi Göyçay rayon Elektrik Şəbəkəsindən bu ilin mayında xəbərdarlıq olunmadan çıxarılıb:

“Göyçay Rayon Məşğulluq Xidmətinə müraciət etmişdim. Oğlumu işsiz kimi qeydiyyata almışldılar. Üzərindən bir neçə il keçəndən sonra Sənanı Göyçay işıq idarəsində sahə rəisinin köməkçisi işinə götürdülər. Oğluma 2019-cu ilin 7-də üçillik məvacib kartı verildi. Əməkhaqqı 250 manat idi. Bu ilin mayında oğlum zəng etdi ki, məni işdən çıxarıblar. İşdən qovulma səbəbini soruşdum. Dedi ki, iş yoldaşım deməsə, çıxarıldığımı bilməyəcəkdim. Oğluma dedim ki, sənə xəbərdarlıq gəlmədiyi halda, necə işdən çıxara bilərlər? Əgər bir səhvin varsa, töhmət versinlər, xəbərdarlıq etsinlər, sonra işdən çıxarsınlar”.

Şərafət Məmmədova oğlu ilə birgə idarəyə gedib ki, işdən çıxarılma səbəbini öyrənsin. Kadrlar şöbəsində ona bildirilib ki, oğlunu idarənin rəisi çıxarıb:

“Kadrlar şöbəsindəki Seymur müəllimin qəbulunda oldum. Oğlumun xəbərdarlıq olunmadan işdən qovulmasının səbəbini soruşdum. Ona oğlum işə vaxtlı-vaxtında gəldiyini söylədim. Tutarlı səbəb tələb etdim. Seymur müəllimə xatırlatdım ki, oğlum işlədiyi bir il ərzində üç dəfə işə gəlməyib, hamısında da izahat yazıb, əməkhaqqından pul tutmusunuz. Seymur müəllim cavabında dedi ki, elektrik şəbəkəsinin rəisi oğlunuzu işdən çıxarıb. Bildirdi ki, mənlik heç nə yoxdur, idarənin rəisi belə lazım bilib”.

photo-2020-10-27-10-57-00.jpg
“Oğluma dedim ki, sənə xəbərdarlıq gəlmədiyi halda, necə işdən çıxara bilərlər?”

Şikayətçi deyir ki, bir neçə dəfə oğlunun işə bərpa olunmasına cəhd edib. Çünki Sənan Rzayevlə idarə arasında üçillik müqavilə imzalanıbmış:

“Uşağın işi ilə əlaqədar Mingəçevirə getdim, sağ olsun, Saleh Abdullayev məni qəbul etdi. Oranın kadrlar şöbəsinin məsul şəxsini çağırdılar. O, bizə bildirdi ki, Göyçay Rayon Elektrik Şəbəkəsindən məlumat verilib ki, Sənan Rzayev işdən məsuliyyətsizlik etdiyi üçün qovulub. Guya vaxtlı-vaxtında işə getmirmiş. Oğlum Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirib. Hələ uşaqlıqda kompüterlə maraqlanırdı. Sonralar bununa bağlı kurslara getmişdi. Olduqca bacarıqlıdır. Oğlumu işdən çıxaranda nə yazılı, nə də şifahi formada məlumat verilib”.

Şikayətçi söyləyir ki, Sənan Rzayev işlədiyi bir il müddətində üç dəfə icazə alıb. Qalan günlərdə vaxtlı-vaxtında işdə olub. Nəzarətçi ilə birlikdə bildirişləri paylayıb:

“Sənanın işində heç vaxt axsama olmayıb. Övladımı məsuliyyətli böyütmüşəm. İndiki kimi yadımdadır, 2020-ci ilin fevralında bir dəfə işə gedə bilmədi. İdarənin kadrlar şöbəsindən Seymur müəllim mənə zəng etdi. Dedi ki, oğlunuza məlumat verin, gəlib, hansı səbəbə görə işə gəlmədiyinə dair izahat yazsın. Bir də mart ayında, pandemiyanın yeni başladığı günlərdə iki gün işə getmədi. Oğlumun körpə uşaqları var, onlar xəstə olduğu üçün işdən qalmışdı. Mən də Seymur müəllimə zəng edib vəziyyəti izah etdim, dedim ki, Sənan daha sonra gəlib, izahat yazacaq. Seymur müəllim də mənimlə razılaşdı, dedi ki, olar. Uşaq da təzədən işə getdi, izahatını yazdı. Bununla da iş öz qaydası ilə davam etdi. Sənanın işə getmədiyi günlərinin pulunu onun əməkhaqqından çıxırdılar. İşdən çıxarılandan sonra ona verdiklər məvacib kartını da geri almayıblar, bizdədir, saxlamışam”.

Untitled design.png
Sənan Rzayev Göyçay rayon Elektrik Şəbəkəsindən xəbərdarlıq olunmadan çıxarılıb

“Pandemiyaya görə yollar bağlandı. Nə Bakıya gedə bildik, nə də ki, yenidən Mingəçevirə qayıda bildik. Beləcə, oğlum haqsız yerə işdən çıxarıldı”, – Şərafət Məmmədova deyir. Maddi vəziyyətlərinin yaxşı olmadığını söyləyir:

“Prezident dəfələrlə çıxışında deyir ki, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni iş yerləri açılır. Lakin biz həmin imkanlardan istifadə edə bilmirik. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün aztəminatlı ailələrə sosial yardım kimi işlər verilməlidir. Bunlar da oğlumu işdən çıxarır. Göyçayda, Atatürk küçəsində yerləşən uçub-dağılmış 58 saylı peşə məktəbinin bir otağında yaşayırıq. Uçmuş binadır, xarabalığa oxşayır. Altı nəfər – oğlum, gəlinim, iki körpə nəvəm, mən və həyat yoldaşım həmin bir otaqda yaşayırıq. Yoldaşım Qarabağ müharibəsi iştirakçısıdır. Dövlətdən 80 manat veteran pensiyası alır. Həmin pulla ailə dolandırmaq olmur. Köhnə bir “VAZ-2106”-sı var, taksi sürür, o da müştəri olanda. Mən heç bir yerdə işləmirəm. Gəlinim də xəstəxanada tibb bacısı işləyir. Sənanın iki azyaşlı körpəsi var. Mən haqsız yerə işdən çıxarılan oğlumun yenidən öz yerinə bərpa olunmasını istəyirəm”.

Sənan Rzayev üçüncü qrup əlildir. Anası deyir ki, oğlu 14 yaşındaykən, keçirdiyi kiçik qəza nəticəsində aldığı zədədən fiziki qüsuru yaranıb:

“Ev telefonu zəng çalanda, uşaq qaçıb ki, dəstəyi götürsün. Ayağı büdrəyib, sol əli şüşəbəndə dəyib. Şüşə biləyini kəsmişdi. Əlində üç barmağı işləmir. Dövlətdən 110 manat pensiya alır, 85 manatını kreditə çıxırlar. Nəvəm epilepsiya keçirdi, imkansızlıqdan kredit götürdük. Krediti verməzdən öncə, hətta bank işçisi Seymur müəllimə zəng etdi, o, da dedi ki, kredit verin. Sonra da işdən çıxardılar”.

photo-2020-10-27-10-58-06.jpg
“Altı nəfər – oğlum, gəlinim, iki körpə nəvəm, mən və həyat yoldaşım həmin bir otaqda yaşayırıq”

Sənan Rzayev isə deyir ki, Göyçay Elektrik Şəbəkəsində işlədiyi müddətdə bir sıra qanun pozuntuları ilə üzləşməli olub. İddia edir ki, bir çox işçi səhər işə gəlib, tabelə qol çəkib, çıxıb gedir:

“İdarədə adamlar vardı, tabeldə adını görmüşdüm, amma işdə üzünü görməmişdim. Bəs həmin adamlara niyə xəbərdarlıq olunmayıb, işdən çıxarılmayıb? Hazırda həmin idarədə bu özbaşınalıq davam edir. Mən heç kimin çörəyinə bais olmaq istəmirəm. Amma bu gün də idarəyə gedib, tabelə qol çəkib, sonra ordan gedənlər var ki, hər ay kartdan maaşını çıxarır. Mənə nə xəbərdarlıq, nə də töhmət gəldi ki, sabahdan işə gəlmə. İş yoldaşım zəng edib dedi ki, səni işdən çıxardılar. Həmişə vaxtlı-vaxtında işə gedirdim, bildirişləri paylayırdım. Seymur müəllim mənə dedi ki, işdən qaldığım müddətdə yalnız birində izahat yazmışam. Bu yalandır. Bir ildə üç dəfə işə getməmişəm, buna görə də icazə alıb, izahat yazmışam. Bir günə görə 12 manat maaşımdan pul tutublar. Belə haqsızlıq olmaz. Xəbərdarlıq olunmadan məni işdən çıxarmağa ixtiyarları yoxdur”.

Göyçay Rayon Elektrik Şəbəkəsinin rəisi Ruslan Məmmədov Meydan TV-yə bildirib ki, vətəndaş Göyçay Rayon Məşğulluq Xidmətinin xətti ilə işə götürülüb:

“Sənan Rzayevin iş məsələsi məndən öncəki təyinatda olub. Ümumiyyətlə isə buna biz baxmırıq. İşə götürən də, çıxaran da, “Azərişıq”dır”.

“Azərişıq” Səhmdar Cəmiyyətinin mətbuat xidməti zəngimizə cavab verməyib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, görünür, vətəndaşla birillik əmək müqaviləsi bağlanıbmış:

“Daha sonra müqaviləni uzatmayıblar. Əslində, elektrik şəbəkəsində iş daimi olduğu üçün müddətli müqavilə bağlamalı deyillər. Məvacib kartının üçillik olması hüquqi əsas vermir və əmək müqaviləsinin müddəti ilə üst-üstə düşməyə bilər. Müddət bitə, yaxud da başqa səbəblə işçinin əmək müqaviləsinə xitam verilə bilər. Müqavilə müddətinin başa çatmasından söhbət getdiyi halda, bununla bağlı işçiyə xəbərdarlıq olunmaya bilər. Şikayətçi şəbəkəni məhkəməyə verə bilər ki, çalışdığım yerdə iş daimi xarakter daşıdığı halda niyə mənimlə müddətli müqavilə bağlanılıb? Hüquqi yolu budur, ki, amma nə dərəcədə perspektivi var, bunu deyə bilmərəm”.

photo-2020-10-27-10-58-05.jpg
“Uçmuş binadır, xarabalığa oxşayır”.
Ana səhifəBölgə“Elektrik Şəbəkə xəbərdarlıq etmədən oğlumu işdən çıxardı”