“Elə bilirəm ki, Anar bayrama qədər evdə olacaq”

Asəf Məmmədli: “Əvvəldən bilirdim ki, bunları tutacaqlar…”

Source:


Asəf Məmmədli: “Əvvəldən bilirdim ki, bunları tutacaqlar…”

Dekabrın 16-sı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən 2 il ötür. 2 ildir Anarın yolunu gözləyən ailəsinə baş çəkmək üçün cəbhə yoldaşı Bəşir Süleymanlı ilə birgə evlərinə yollandıq. Qapını üzümüzə Anar Məmmədlinin atası Asəf dayı açdı. Gülərüzlə qarşılandıq. Sanki çoxdan görmədiyi doğmalarını qarşılayırmış kimi üzümüzdən öpdü. Eyni hərarətlə Zinyət xanım da boynumuza sarıldı. Qonaq otağına keçdik…

Əvvəldən gələcəyimizi xəbər verdiyimizdən Zinyət xanım əlinə keçəni masanın üstünə düzmüşdü. Mürəbbələr, öz əli ilə bişirdiyi şirniyyat…

Masa başında söhbət başlanır.   Zinyət xanım söhbətə əfv barədə gəzən söz-söhbətlərdən  başlayır. Deyir, yenə də əfv sərəncamının imzalanacağı ilə bağlı yazırlar. O da bu söhbətləri eşidib, çox ümidlənib.

“Deyirəm, çox ümid etməyin. Çox ümidli olursan, buraxmayanda adam lap pis olur”- kənarda oturan Anarın bacısı Şəfa xanım söhbətə qarışır. Zinyət xanım dərhal Şəfanın dediklərinə reaksiya verir. Deyir ki, bu dəfə hissiyatının onu aldatmayacağına əmindir:

“Anar həbs olunmamışdan  əvvəl də bayram ərəfələrində əfv olub. Anar həbs olunandan sonra mən də hər bayram ümid etmişəm. Amma indiki ümidim həminkindən deyil. Elə bilirəm ki, Anar bayrama qədər mütləq evdə olacaq. Belə hiss edirəm. Bir iş görəndə evdəkilərə deyirəm ki, Anar gələnə qədər belə edək, elə edək. Amma əvvəllər heç vaxt belə olmamışam. Heç vaxt içimdə bu hiss olmayıb”.

Şəfa xanım  hər bayram əfv söhbətləri yayılanda istər-istəməz Anarın azadlığa çıxacağına ümidləndiklərini, sonradan isə xəyal qırıqlığına uğradıqlarını xatırladır:

“Qurbanlıqda əfv söhbəti olanda atama- anama deyirdim ki, əşi, yox e, buraxmayacaqlar. Amma içimdə özüm gözləyirdim”.

Bəşirlə, Asəf dayı ilə ordan-burdan söhbət edirik.  Yenə söhbətimizi Zinyət xanım bölür:

“Görəsən əfv siyahısında kimlərin adı var? O biri uşaqlardan kimin adı var? Kimləri buraxacaqlar?”

Sual cavabsız qalır. Asəf dayı isə söhbətin məcrasını dəyişməyə çalışır. Mediadan, cəmiyyətdən danışır.  Deyir ki, bir çox şeylərdən baş aça bilmir:

“Leyla Yunusu buraxandan sonra hamı başladı onu yaxşı qələmə verməyə. Tutanda ağızlarına gələni deyirdilər. İndi tərifləyirlər. Mən baş aça bilmirəm bunların işini. Hansı yola qulluq edirlər, baş açmaq olmur”.

Yenə söhbəti Zinyət xala dəyişir, Anarın üzərinə qaytarır:

“Zəng eləmədi heç bu günlərdə.  İkinci günü (8 dekabr-red.) zəng vurub axırıncı dəfə”.

Anarın zəng edəndə nədən danışdığını soruşuruq.  Zinyət xala deyir ki, ancaq təzə nə xəbər olduğu ilə maraqlanır:

“Deyir, yaxşıyam. Sizdə nə xəbər var? Narahat olmayın. Hər şey yaxşı olacaq. Çox fikir eləməyin”.

 Zinyət xanım deyir ki,  Anar həbs olunmamışdan əvvəl onları bu hadisəyə psixoloji cəhətdən hazırlayıbmış:

“Həmişə zarafata salıb deyirdi ki, məni bilmək olmaz ha. Bu, nə vaxtsa ola bilər. Onda özünüzü toxtaq tutun. Həmişə deyirdi bu sözləri.  İndi yanına gedəndə deyirəm ki, Anar doydun burda oturmaqdan? Gülür. Deyirəm ki çox arzulayırdın buranı. Gəldin gördün. İndi bəs elədi?”

 Zinyət xanım deyir ki, əvvəllər Anarın həbs olunması ilə barışa bilmirmiş, çox pis olurmuş, inanmaq istəmirmiş. Aylar keçdikcə, yavaş-yavaş buna öyrəşib. “Olubmu ki, Anarı tutduğu yoldan döndərmək üçün nələrsə deyəsiz” – deyə soruşuruq.

“Həmişə demişəm. Deməmiş olaram? O qədər deyirdim ki, a bala, ehtiyatlı ol. Bu işlərdən uzaq dur. Amma mən deyən kimi dəli olurdu. Deyirdi ki, mənim  içimdə bu var. Sənin deməyinin xeyri yoxdur” – deyir.

Cəmiyyətin, tanıdıqları, tanımadıqları insanların Anarın həbsinə münasibətini bilmək istəyirik. Zinyət xanım deyir ki, bunu birmənalı qəbul etməyənlər də var:

“Televizorda xəbərlər verəndə adam əsəbiləşir. Ağ yalandır. Bu ağ yalanı niyə çıxıb millətə deyirsiz? Elə adam var ki, o ağ yalanı elə doğru kimi qəbul edir. Eləsi də var, başa düşür ki, yalandır”.

Asəf dayı bu məsələdə də bəzilərinin münasibətinə çaşqın qaldığını deyir:

“Adamlar var ki, ordan-burdan söz düşəndə şikayətlənir. Deyir, vəziyyət pisdir. Sonra Anardan söz düşəndə deyir ki, gərək belə eləməzdi. Deyirəm, özün deyirsən ki, vəziyyət pisdir, o biri tərəfdən də deyirsən “gərək eləməzdi”. Sizdən ötrü edib də”.

Asəf dayı deyir ki, o lap əvvəldən bilirmiş nə vaxtsa Anarı həbs edəcəklər:

“Əvvəldən bilirdim ki, bunları tutacaqlar. Mən kömək edə bilmirdim. Amma həmişə deyirdim ki, qorxmayın. Onlara dəstək verirdim. Çünki bilirdim ki, səhv iş görmürlər”.

Zinyət xanım deyir ki, Anarla görüş 15 gündən birdir:

“15 gündən bir gedirik. Əziyyətlidir. Hərtərəfli əziyyətlidir. Maddi tərəfdən çox əziyyətlidir”.

Deyir, 15 gündən bir görsə də, onu qoyub gələndən növbəti dəfə yanına gedənə qədər fikri ancaq onun yanında qalır:

“Hər gün beynimdədir. Görən Anar orada neynir? Yeməyi varmı?  Hava dəyişən kimi lap pis oluram. Narahatdırmı? Xəstələnməyib ki? Otaqları soyuq deyil ki?”

Söhbəti kövrək notlardan çıxarmağa çalışırıq. Bu vaxt  biz gələndən o biri otaqda gizlənmiş Anarın 4 yaşlı bacısı qızı Emel üzə çıxır. Onun gəlişi ilə otaqda ab-hava da dəyişir. Emeli söhbətə çəkirik. Emel deyir ki, dayısından ötrü çox darıxır. Deyir, dayım gələndə ona sürpriz edəcəm, onun rəsmini çəkəcəm. Emel deyir ki, həbs olunandan dayısını bir dəfə görüb. Həmin gündən də polisləri sevmir:

“Polislərdən xoşum gəlmir. Onlar dayımı tutub saxlayıblar, qoymurlar gəlsin”.

Çayımızı içib, yavaş-yavaş getməyə hazırlaşırıq. Bizi qapıdan Asəf dayı yola salır.   Deyir, bayramda  Anarı buraxsalar, yenə gəlin. “Amin” deyib ayrılırıq…

Ana səhifəXəbərlər“Elə bilirəm ki, Anar bayrama qədər evdə olacaq”