“Elə bildilər icra hakimiyyətində işləmişəm, milyonum var, oğlumu həbs etdilər”

Ata deyir ki, o qədər hər şeyi yalandan düz-qoş ediblər ki, rəqəmləri də səhv yazıblar.

Source: Foto: Meydan TV


Ağstafa rayon sakini ölkə rəhbərliyindən kömək istəyir

“Oğlumu şərləyib həbs etdilər. Səbəbi məndən pul qoparmaq idi. Çünki uzun illər icra hakimiyyətində işləmişəm, elə bilirdilər milyonum var. Oğlumu azad etmək üçün məndən pul istədilər. Vermədim. Oğlum həbs edildi. Yatıb çıxandan sonra bir də şərlədilər. Amma bu dəfə arxalarında xeyli yanlışlıqlar buraxdılar. İndi qalıblar bu səhvlərin içində. Nə geriyə, nə önə addım ata bilirlər. Nəticədə 2 ilə yaxındır ki, oğluma iş kəsilmir, istintaq bitmir”.

Ağstafanın Daşkəsəmənli kəndinin sakini Alı Cəfərov belə deyir.



“Alan-satan məlum, həbs edilən mənim oğlum”

Alı Cəfərov ixtisasca müəllimdir. Sonuncu iş yeri Qazax Rayon İcra Hakimiyyəti olub. İki il bundan əvvəl öz istəyi ilə işdən ayrılıb. Deyir, əmək haqqı aşağı idi, arı saxlamaq qərarına gəlib. Yoxsa işi ilə bağlı hər hansı problemi olmayıb.

“Bundan bir az sonra oğlum Natiq Cəfərov qanunsuz odlu silah gəzdirmək maddəsi ilə həbs edildi. Əslində isə odlu silahla əlaqəsi yox idi. Bir nəfər onun maşını ilə tapança satmağa gedib. Satan da məlum olub, alan da. Onlar ikisi də çöldə ola-ola mənim oğlumu həbs ediblər. Özü də tapança satılmayıb da, xarab imiş. Bu, ədalətsizlikdir”.



“30 min istədilər, verə bilmədim, oğlumu həbs etdilər”

Ata deyir ki, həmin iş 4 il bundan öncə olub. Başlarına gələnlə bağlı aidiyyatı qurumlara saysız-hesabsız məktublar göndərib, ancaq bir işə yaramayıb:

“Yerli idarələrin istədiyi pulu da verməyincə, oğluma 3 il iş kəsiblər. Düşünürlər ki, 15 il icra hakimiyyətində işləyən adamın pulu olar. Beləliklə, 30 min istəmişdilər. Yox idi, verə bilmədim. Getdi həbsini yatdı, çıxdı”.



“Polis evimizi sənəd təqdim etmədən axtarıb”

Alı Cəfəriv deyir ki, çıxandan sonra oğluna ancaq 1 ay 7 gün evdə qalmağa imkan veriblər. Sonra narkotiklə şərləyib, yenidən tutublar:

“Nədir ki, mən onlara istədiklərini vermədim. Həmin gün sentyabrın 21-də (2018-ci il) mən Ağstafada, dostlarımla idim. 6-7 arası evdən zəng etdilər ki, bəs polislər gəlib, Natiqi və səni soruşurlar. Dedim, telefonu polisə ver. Verdilər, soruşdular, sən hardasan? Dedim, Ağstafada. Dedilər, “orda dur, gəlirik”. Mən orda gözləməkdə, polis evi axtarıb. Özü də sənəd olmadan. Mülki geyimdə”.



“Oğlumu həbs etdilər, mənə bu barədə bir kəlimə də demədilər”

Ata deyir ki, oğlu həmin vaxt maşın düzəldilən sexdə imiş. Yerini öyrənib ora gediblər. Öz maşınından düşürüb, polis avtomobilinə mindirib, aparıblar polis şöbəsinə:

“Mən də o an gözləyirəm, arxayınam ki, polis yanıma gəlir. Bu zaman zəng gəldi, açdım ki, oğlumdur. Polisin telefonundan zəng edir. Dedi ki, bəs məni polis şöbəsinə gətirdilər, heç nə bilmirəm, heç nə də demirlər. Telefonu polisə ver, dedim. Soruşdum: “Mənim oğlumu niyə tutmusunuz?” Dedi: “Tapşırıq belədir”. Təkrar zəng etdim, götürmədi. Gəldim şöbəyə. Kimdən soruşdum, dedilər, “oğlun burada deyil”. Ən azı saxlanılmasının səbəbini bilmək üçün qəbul olunmaq istədim. 6-7 saat qaldım, kimsə məni qəbul etmədi”.



“102 dedi ki, sizin oğlunuzu yuxarının tapşırığı ilə həbs ediblər”

Bundan sonra ata 102 xidmətinə zəng etmək məcburiyyətində qalıb:

“Dedim, oğlumu həbs ediblər, səbəbini izah etmirlər, yerini demirlər, qəbul etmirlər. Dedilər, “araşdıracağıq”. Beləcə 3 dəfə zəng etdim. Axırda ordakı qız dedi ki, bəs sizin oğlunuzu yuxarının tapşırığı ilə həbs ediblər. Kor-peşman evə döndüm. Səhəri gün günortayacan mən Natiqdən xəbər tuta bilmədim”.

image_from_ios (1).jpg
RP-nin rəsmisi Mehman Xankişiyevin cavab məktubu



“Döyüb, işgəncə veriblər deyə, üzə çıxarmırmışlar”

Bundan sonra Alı Cəfərov başlayıb Daxili İşlər Nazirliyinə (DİN) məktublar göndərməyə. Deyir, oğlu sentyabrın 21-də həbs edilib. Ayın 30-dək hələ onun harada olduğundan xəbərsiz olublar. Ata bundan sonra Bakıya üz tutub. Buradakı polis idarələrini və s. gəzib. Ancaq oğlunu tapa bilməyib:

“Sən demə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanırmış. Döyüb, işgəncə veriblər deyə, üzə çıxarmırmışlar. DİN-ə teleqram vurandan sonra mənə bir cavab gəldi. Həmin cavab məktubu sentyabrın 28-də Ağstafa poçtuna daxil olub. 26-da Ağstafanın polis rəisi məktubu peçatlayıb. Mən də 30-da almışam. Deməli, 24-də oğlum barəsində məhkəmə qərar verib. Onu 4 ay həbs ediblər. Bu, o deməkdir ki, 26-da polis rəisi artıq oğlumun həbsindən xəbərdar idi. Ancaq mənə məlumat verilməyib”.



“Vəkilə tapşırıblar ki, ailəsinə məlumatı tez vermə”

Ata deyir ki, aldığı cavabda “oğlunuz sentyabrın 21-də polisə dəvət edilib. Haqqında bəzi cinayət əməlləri aşkarlanıb və 4 ay həbs edilib”, – yazılıb.

“Sonra dövlətin oğluma tutduğu vəkil zəng etdi. Dedi, “müəllim, sizin oğlunuz sentyabrın 24-də 4 ay həbs edilib”. Soruşuram ki, niyə həmin gün demirdin? Deyir: “Yadımdan çıxıb”. Mən deməyim, siz deyin, belə də olur? Görünür, tapşırıq belə olub ki, tez demə”.



“Hər şeyi yalandan düz-qoş ediblər”

Alı Cəfərov bir neçə gün sonra məhkəmənin qərarını ala bilib. Həmin qərarda isə oğlunun sentyabrın 22-də həbs edildiyi yazılıb. Ata deyir ki, o qədər hər şeyi yalandan düz-qoş ediblər ki, rəqəmləri də səhv yazıblar. Bunu harada deyib, ona “mexaniki səhvdir, düşüb”, – cavabını veriblər:

“Banditizmin müstəntiqi isə dedi ki, indi də deyərik ki, texniki səhv olub. Ya da deyərik ki, 21-də tutub buraxmışıq. 22-də yenə tutmuşuq. Deyirəm, kameraları açın. Buraxıldığını, şöbədən çıxdığını görək. Onu da açmırlar. Bunun başqa adı yoxdur. O uşağın bu söhbətdən xəbəri yoxdur. Şərləyiblər. Döyüb, işgəncə ilə boynuna qoydurublar. Hətta o qədər döyüblər ki, qaraciyəri partlayıb. Ödündə daş olduğu adı ilə əməliyyat ediblər. Bax, istədiklərini almayanda camaatın balasını rayonlarda belə şərləyib, döyüb, həyatını qaraldırlar”.



“Deyiblər, “atan 100 min gətirsin””

Ata deyir ki, oğlu içəridə olanda onu döyənlərdən “nə versəm, məni buraxarsız?” – deyə soruşub. Deyiblər, 100 min manat. Alı Cəfərov o qədər pulunun olmadığını söyləyir:

“Nə mənim, nə də oğlumun o qədər pulu var. Elə onlara da deyib ki, bircə “Mercedes” avtomobilim var. O da 1990-cı ilindir. Bu dəqiqə verim sizə. Onunla razılaşmayıblar, deyiblər, “atan 100 min gətirsin”. Yazığı elektrik stuluna bağlayıblar. Paya ilə döyüb, söyüblər. Deyiblər, qol çəkməsən, ananla, arvadını gətirəcəyik. Cibindən çıxan narkotiki evindən də çıxaracağıq. Hökumət varsa, mən bu sənədləri mayın 17-də Baş Prokurorluğun qəbulunda olub, onlara vermişəm. Niyə cavab vermirlər?”



“Öz vətəndaşına bunu edən hakimiyyət erməniyə nə etməz ki?”

Alı Cəfərov deyir ki, indi oğlu 1 il 4 aydır içəridədir. İş verməyiblər. İstintaq gedir:

“Bax, bizi belə süründürürlər. Sonra da deyirlər ki, Qarabağı alaq. Qarabağ erməniləri də orda bizimlə birgə yaşasın. Daha demirlər e, öz vətəndaşına bunu edən hakimiyyət erməniyə nə etməz ki? Başına min bir oyun açar”.

Ata Prezident və Birinci vitse-prezidentdən oğluna ədalət istəyir

Alı Cəfərov üzləşdikləri problemlərlə, haqsızlıqla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. Onlardan oğlu Natiq Cəfərovun işinin ədalətli araşdırılmasına göstəriş vermələrini xahiş edir:

“Mən oğlumun haqsız yerə daha çox həbsdə yatmasını istəmirəm. Fikirləşməkdən anası da, mən də çürümüşük. Pis gündəyik, anlayın. Siz də bizim kimi ata və anasınız. Nolar, bizi övladımızla sınamağa imkan verməyin”.

Ağstafa Rayon Polis Şöbəsindən Meydan TV-yə bu barədə açıqlama vermək səlahiyyətlərinin olmadığını söyləyiblər:

“İşin istintaqı gedir, hələ araşdırılma mərhələsindədir. Artıq məlumat verə bilmərik. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edin”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

image_from_ios (2).jpg
Ağstafa RPŞ-nin rəis müavini, polis mayoru Cabir Ələsgərovun cavab məktubu
Ana səhifəBölgə“Elə bildilər icra hakimiyyətində işləmişəm, milyonum var, oğlumu həbs etdilər”