Mənbə: Meydan Tv

Eldar Həsənovun həbs müddəti artırıldı

Məhkəmədə keçmiş səfirin özü də, onun vəkilləri də təqdimata etiraz edib

Beş il Baş prokuror, 20 ilə yaxın da Azərbaycanın müxtəlif dövlətlərdə səfiri işləmiş Eldar Həsənovun həbsdə saxlanma müddəti artırılıb. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verərək bildirib ki, mayın 3-də Binəqədi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Prokuror istintaqın hələ başa çatmadığını əsas gətirərək, Eldar Həsənov haqqında həbs qətimkan tədbirinin daha üç ay artırılması barədə məhkəməyə təqdimat verib. Təqdimata hakim Vüsal Tağıyev baxıb.

Məhkəmədə Eldar Həsənov özü də, onun vəkilləri də təqdimata etiraz edib. Bildiriblər ki, Eldar Həsənovun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Üstəlik, onun səhhətində ciddi problemlər var və lazımi müalicə almasına da imkan verilmir. Onun bu vəziyyətdə həbsdə saxlanması həyatına təhlükədir.

Lakin hakim prokurorun təqdimatını təmin edib və sabiq səfir haqqında istintaq dövrün üçün həbs müddəti daha üç ay artırılıb.

Müdafiə tərəfi məhkəmənin bu qərarından apelyasiya şikayəti vermək niyyətindədir.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hnyb6g

Ən çox baxılan