Eldar Həsənov hospitala yerləşdirilib

“Dəfələrlə bu məsələ ilə əlaqədar irad və xahişlərimizi məhkəməyə çatdırsaq da, xeyri olmadı”

Eldar Həsənov, Foto: Meydan TV


Keçmiş səfirin vəziyyətinin kəskin pisləşdiyi deyilir

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq səfirin durumu kəskin pisləşdiyindən o, oktyabrın 15-də hospitala aparılıb.

Eldar Həsənovun vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, müvəkkilinin səhhətində uzun müddətdir ki, ciddi problemlər var, o, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Lakin ehtiyacı olan müalicəni ala bilmədiyinə görə son 20 gündə vəziyyəti daha da pisləşib:

“Mövcud olan vertiqo, hipertoniya və digər xroniki xəstəlikləri irəliləyib. Məhkəmə iclaslarında dəfələrlə huşunu itirib. Buna görə son dövrdə məhkəmə iclaslarında onu təcili tibbi yardım maşını və həkim personalı müşayiət edirdi. Halı pisləşəndə sonra tibbi yardım göstərilir, yenidən məhkəmə prosesi davam etdirilirdi”.

Vəkili vurğulayıb ki, Eldar Həsənovun durumunun ağır olmasına baxmayaraq, məhkəmə prosesi təxirə salınmır, əksinə, həftədə iki dəfə iclas keçirilir: “Bu da onun səhhətinin kəskin pisləşməsində öz rolunu oynadı. Dəfələrlə bu məsələ ilə əlaqədar irad və xahişlərimizi məhkəməyə çatdırsaq da, xeyri olmadı. Eldar Həsənov ixtisaslaşdırılmış neyrocərrahiyyə xəstəxanasında müalicə almalıdır, bununla bağlı həkim rəyi də var. Onun barəsində həbs qətimkan tədbiri mütləq dəyişdirilməlidir”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəSiyasətEldar Həsənov hospitala yerləşdirilib