“Həbsimə əsas olacaq heç bir fakt və sübut yoxdur”
Martın 18-də Xətai Rayon Məhkəməsində həbsdə olan “Toplum TV”nin həmtəsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı növbəti vəsatətə baxılıb.
Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda Ələsgər Məmmədli çıxış edib.
Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli özünün “Facebook” hesabında yazıb:
Məmmədli deyib ki, bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi onun azadlıqda olmasını istintaqın gedişinə əngəl törədə, yaxud sübutları yox edə biləcəyi ilə əlaqələndirib. Onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə imkan verilməyib.
Ələsgər Məmmədli istintaqın başa çatdığını və işlə tanışlıq mərhələsinin də yekunlaşdığını diqqətə çatdırıb.
“İstintaqın materialları ilə tanış olanda aydın oldu ki, mənim həbsimə əsas olacaq heç bir fakt və sübut yoxdur. Şahid ifadələri də mənim günahsız olduğumu üzə çıxarır. Lakin təqsirsiz olmağıma baxmayaraq hələ də həbsdə saxlanmağımı məntiqli şəkildə izah edən olmayıb. Qanunlara və hüquqa belə dözülməz münasibət dövlət adına qəbuledilməzdir. Məhkəmənin qanunlara və hüquqa məhəl qoymaması nə qədər davam edəcək? Hüququ pozan hakim kimi sizdən (Sülhanə Hacıyevadan) Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazmışam”, – Ələsgər Məmmədli deyib.
O bildirib ki, sübutların yox edilməsi ilə bağlı istintaqın bəhanəsinin ortadan qalxıb.
Səhhətindəki problemlərdən danışan Ələsgər Məmmədli vəziyyətinin ağırlaşdığını diqqətə çatdırıb:
“Pentensiar Xidmətin tibb xidmətindən əldə edilən və məhkəməyə təqdim olunan sənədlərdə də açıq yazılıb ki, mənim səhətimdə ciddi problemlər var. Təcili cərrahi əməliyat olunmalıyam. Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam? Novruz Bayramı ərəfəsində mənim azadlığa çıxmağımla bağlı müsbət qərar verilməsi cəmiyyətdə rəğbətlə qarşılanar. Həm qanunlar, həm də hüquq sizə imkan verir ki, mənim haqlı vəsatətimi təmin edəsiniz və bu əziz gündə ailəmin yanında olum”.
İttiham tərəfi heç bir ciddi arqument gətirmədən vəsatətin təmin edilməməsini istəyib.
Lakin hakim Süllhanə Hacıyeva Ələsgər Məmmədlinin həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın (ResPlatforma) ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.
“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin “ResPlatforma”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov isə yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.
Bunlardan başqa, “Toplum TV işi” “ResPlatforma”nın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan bir avtomobilin və ittihamın əhatə etdiyi dövrdən əvvəl tikilmiş evinin, qurucu heyət üzvü Ruslan İzzətlinin, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin, İDİ-nin əməkdaşı Əli Zeynalın şəxsi avtomobilləri üzərinə həbs qoyulub.
Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.
Ələsgər Məmmədli 2025-ci il fevralı 19-da ona qarşı irəli sürülən ittihamlara cavab verib.