Ekspert: Kommersiya bankları Mərkəzi Banka və manata etimad göstərmir

”Mərkəzi Bank istəmir ki, bu pullar valyuta bazarına axaraq dollar alışında istifadə edilsin”

Source:
Əkrəm Həsənov


”Mərkəzi Bank istəmir ki, bu pullar valyuta bazarına axaraq dollar alışında istifadə edilsin”

Mərkəzi Bankın depozit hərraclarının keçirilməsi barədə anonslarda elan etdiyi məbləği kommersiya banklarından ala bilməməsinin səbəbi Mərkəzi Banka və manata olan inamsızlıqdır, ekspert hesab edir.

“Turan” agentliyi yazır ki, 2016-cı ilin iyunundan Mərkəzi Bank depozit hərraclarının keçirilməsinə başlayb və bu günədək 9 belə hərrac keçirilib.

Hər dəfə Mərkəzi Bank hərracların keçirilməsi ilə bağlı anonslarda elan etdiyi məbləği toplaya bilməyib.

Belə ki, avqustun 22-də Mərkəzi Bank planlaşdırılan 50 mln. manata qarşı 30 mln. manat, avqustun 15-də 50 mln. manata qarşı 15 mln. manat, avqustun 8-də 50 mln. manata qarşı 40 mln. manat, avqustun 1-də 50 mln. manata qarşı 20 mln. manat toplayıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Turan”-a deyib ki, depozit hərracının keçirilməsində məqsəd bankların qısamüddətli artıq manat ehtiyatlarını dövriyyədən çıxarmaqdır.

“Yəni Mərkəzi Bank istəmir ki, bu pullar valyuta bazarına axaraq dollar alışında istifadə edilsin. Bir növ banklara deyir ki, artıq manatınız varsa, verin mənə, faiz ödəyim sizə, amma dollar almayın”, – ekspert bildirib.

O qeyd edib ki, hər bir halda banklara manat ehtiyatı da lazımdır, çünki cari xərcləri var, əmanətçilərə ödəniş edirlər və s.

“Buna görə də manatın bir hissəsini Mərkəzi Banka faiz gəliri müqabilində yerləşdirmək onlara sərf edir. Amma təbii yalnız cüzi hissəsini, çünki devalvasiya gözləntiləri daha çoxdur. Mərkəzi Bank isə daha yüksək elan verərək sanki bankları inandırmaq istəyir ki, qorxmayın, devalvasiya olmayacaq, əlinizdə nə var, verin mənə. Amma banklar ona inanmır və yalnız cüzi məbləği verirlər. Qalanını isə dollara keçirib saxlayırlar”, – Ə.Həsənov bildirib.

Beynəlxalq praktikaya əsasən depozit hərraclarında əsas məqsəd pul kütləsinin sterilizasiyasıdır. Depozit hərracları zamanı Mərkəzi Bank kommersiya banklarının depozitlərini yerləşdirməyə qəbul edir.

Ana səhifəXəbərlərEkspert: Kommersiya bankları Mərkəzi Banka və manata etimad göstərmir