Mənbə: Meydan TV

Ekspert: “Azərbaycan Qarabağda nə qədər çox irəliləsə, beynəlxalq təzyiqlərlə daha çox üzləşəcək”.

Ekspert: “Azərbaycan Qarabağda nə qədər çox irəliləsə, beynəlxalq təzyiqlərlə daha çox üzləşəcək”.

27 sentyabrdan başlanan hərbi əməliyyatların yaratdığı hərbi-siyasi mənzərə hər gün sualların sayını artırır. Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev Meydan TV-nin suallarını cavablandırır.

-      Zaur bəy, 27 sentyabrdan başlanan hərbi əməliyyatlarda eskalasiya gücləndikcə, rəsmi bəyanatların sayı da artır. Dünən Fransanın və Rusiyanın Xarici işlər nazirləri danışdı, ABŞ dövlət katibi Pompeo açıqlama verdi, Ermənistanın Baş nazirinin xalqına müraciətindən sonra Azərbaycan prezidenti 8 kəndin azad edildiyini dedi. Rusiya və Türkiyə prezidentləri telefonla danışdılar. Bütün bunlar nə vəd edir?

- 10 oktyabrda Moskva razılaşmasından sonra ən əsası substantiv danışıqların aparılması idi. Halbuki, Ermənistanın Baş naziri Paşinyanın xalqa dünənki müraciəti Moskva anlaşmasının əsas maddələrdən birindən imtina etməsi xarakteri daşıyır. Əslində, ironik vəziyyətdir ki, Paşinyan özlərinin Xarici işlər nazirinin 11 saatlıq görüşdən sonra razılaşdığı iki maddəni açıq şəkildə qəbul etmədiyini bildirdi. Ancaq bu şərt müharibənin dayanıb danışıqlar masasına keçməsi üçün ən əsas məsələlərdən biridir. Beynəlxalq təzyiqlər isə olacaq və davam da edir. Problem ondadır ki, beynəlxalq aktyorlar və təşkilatların bütün marağı müharibənin dayanmasına hesablanıb. İndiyə qədər də bütün resurslar müharibənin dayanmasına yönəlib. Amma sülhün əldə olunması üçün heç bir addım atılmır. Onlar bu gün də düşünürlərsə ki, müharibəni dayandırsalar, sülh uzun illər davam edəcək, yox, əksinə, bununla yeni müharibənin əsasını qoyurlar. Məncə, fundamental problem bu məqamdır. Sualınızın məğzinə gəldikdə, dünənki reaksiyalar Azərbaycana nə qədər təsir göstərə bilər, düşünürəm ki, qarşıdakı 10 gün hərbi əməliyyatlar və diplomatiya baxımından prosesləri müəyyən edəcək zamandır. Məsələ ondadır ki, Rusiyanın açıqladığı 5+2, yəni Madrid Prinsiplərinin tərkibi olan təklifi Azərbaycan qəbul edirdi. Sadəcə, Rusiya sayı azaldaraq Azərbaycana fərqli təkliflər verir.

-      Ancaq şimal ölkənin Xarici işlər naziri Lavrov 5+2 təklifindən əlavə sülhməramlıların bölgəyə yerləşdirilməsindən də danışdı. Düzdür, Prezident Əliyev bunun Azərbaycan üçün qəbuledilməz olduğunu dedi. Bu kontekstdə məsələyə necə yanaşardınız?     

-      Ümumiyyətlə, 90-cı illərdən etibarən sülhməramlıların bölgəyə gətirilməsi müzakirə olunmayıb. ATƏT-in  sülhməramlı məsələlərini həll edən Yüksək Planlaşdırma Qrupu var, bu qurum yarısivil, yarı hərbçilərdən ibarətdir. Onların ən son sülhməramlı planı 1996-1997-ci illərdə təklif şəklində olub. Hazırda danışıqlar masasında günün reallıqlarını əks etdirən sülhməramlı variant mövcud deyil. Bunun əsas səbəbi odur ki, istər Yüksək Planlaşdırma Qrupu, istərsə digər qurumlar Dağlıq Qarabağa səfər imkanlarından məhrum olunublar. Sülhməramlıların texniki tərəfi var ki, o həll olunmadan siyasi dönüş etmək çətin olur. İkinci, sülhməramlılar çoxmillətli dövlətlərdən ibarət olmalıdır.

-      Həm də həmsədr dövlətlər yalnız 30 faiz şəklində iştirak edə bilərlər...

-      Əslində, bu razılaşma da mövcud deyil, daha doğrusu, centlemen razılaşması olduğunu deyirlər. Amma ATƏM-in 1994-cü il Budapeşt Sammitində çoxmillətli dövlətlərin sülhməramlılarının yerləşdirilməsi haqqında qərar qəbul edilib. Bu qərar Rusiyanın yalnız özünün, yaxud MDB-nin sülhməramlıları adı altında bölgəyə hərbi kontingent göndərilməsinin qarşısını alıb. Ona görə də 1994-cü il Budapeşt Sammitinin qərarı Azərbaycan diplomatiyasının ən uğurlu addımlarından biri idi. İllərdir Azərbaycan da bunun üzərində dayanıb ki, nə region dövlətlər, nə də həmsədrlər bölgəyə sülhməramlı göndərə biləcək.

-      Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi dünən dedi ki, onların sülhməramlı kontingent göndərməsi üçün BMT-nin razılığı olmalıdır...

-      Bilirsiniz, bizim mətbuatımızın və ekspertlərimizin unutduğu ən fundamental məsələlərdən biri odur ki, sülhməramlı anlayışı dəyişib. 90-cı illərdə sülhməramlı anlayışı atəşkəsin qorunmasını özündə ehtiva edirdi. Kosova və digər bölgələrdə çıxan dərslərdən sonra başqa komponentlər əlavə edildi, bura silahsızlaşma, hüququn qorunması, polis gücü funksiyasının yerinə yetirilməsi daxildir. Yəni sülhməramlı yalnız atəşkəsin qorunması deyil, eyni zamanda, bəzən onlara müdaxilə gücü də verilir. Ona görə də məsələ kompleks yanaşma tələb edir, hansı dövlətin təmsilçiliyi yox, nə zaman və hansı mərhələdə sülhməramlılar tətbiq oluna bilər, texniki detalları necə olacaq, suallar budur. Hazırda danışıqlar masasında sülhməramlıların tətbiqindən əvvəl daha önəmli məsələlər var, ilk növbədə torpaqların işğaldan azad olunması.

-      Son bir neçə gündə ərazilər azad olunduqca Ermənistanın illər boyu üzərində dayandığı yüksək status, öz müqəddaratını təyinetmə iddialarının gündəmdən çıxdığı rəsmi səviyyələrdə də səslənir. Bu barədə nə deyə bilərsiniz?

-      Təbii ki, bəzi fikirlər səslənir, məsələn, atəşkəs olsun və Azərbaycana iki rayon qaytarılsın. Halbuki, Azərbaycan artıq iki rayonu azad edib. Bəli, hərbi əməliyyatlar uğurlu gedəndə, bunun təzahürü də olur ki, biz nəyə görə yüksək status verməliyik, yaxud niyə gözləməliyik? Məsələn, Madrid Prinsiplərində 5+2 və ağır şərtlər də var. Çünki 5 rayonun qaytarılmasından uzun müddət sonra iki rayonun boşaldılması nəzərdə tutulur, Kəlbəcər və Laçından söhbət gedir. Düzdür, Madrid Prinsiplərinin tam versiyası mətbuata açıqlanmasa da, 2016-cı ildə ermənilər detalları mediaya sızdırdı. Orda Kəlbəcər və Laçının bir neçə il sonra qaytarılması göstərilirdi. Yəni 5+2 formulunda rayonların 1 günə qaytarılması nəzərdə tutulmur. Əlbəttə, hərbi əməliyyatlar uğurlu olduqca, Azərbaycanın şərtləri diktə etmək şansları da çoxalır. Amma müharibəni hansı anda dayandırmaq da önəmlidir, siz müharibəni özünüz üçün uğurlu olduğunuz məqamda dayandırsanız, diplomatiyaya güc verə bilər. Bu baxımdan dünənki açıqlamalardan sonra düşünmürəm ki, trend o yönə gedir ki, Azərbaycanın danışıqlar masasına qayıtması üçün bir stimul mövcuddur. Təəssüf ki, bu yoxdur.

-      Mən yenidən bir detala görə sülhməramlılar məsələsinə qayıdıram, “Reuters” dünən Rusiyanın Xarici işlər naziri Lavrovun “sülhməramlıların bölgəyə gəlməsi üçün Bakı və Qarabağ razılıq verməlidir” bəyanatın yayıb. Niyə Qarabağ...?

-      Mən oxuduğum mətndə Azərbaycan və Ermənistanın adı keçirdi, ona görə Dağlıq Qarabağ rejiminin adının olmasını düşünmürəm. Bir daha deyirəm, sülhməramlılar siyasi qərardır, hansı formada olması da əsasdır. İkinci, sülməramlılarda bir komponent var, hansı güc olmalıdır, ruslar, yoxsa türklərin olacağından daha çox nə qədər təmsil ediləcəyi və komanda heyətini, idarəetməni hansı ölkənin təmsil etməsi önəmlidir. Əslində, Azərbaycan üçün daha önəmli odur ki, əgər sülh planı yerinə yetirilsə, sülhməramlı yerinə mövcud olan bir sistem var, bu, ATƏT-nin şəxsi nümayəndəsinin 6 şəxsdən ibarət missiyasıdır. Onlar tez-tez atəş xətlərində monitorinq aparırlar. 2016-cı ildə say artırılması müzakirə olunurdu. Alternativ variant təklif oluna bilər ki, əgər proses gedəcəksə, həmin qurumun sayını artıra bilərik. Məsələn, Ukraynada olduğu kimi 13 yox, 50 nəfər olar və onlara daha çox funksiyalar verilə bilər.

-      Həm Baş nazir Paşinyanın, həm də separatçıların lideri Araik Harutyunyanın dünənki müraciətləri göstərir ki, hərbi əməliyyatlar dayanmayacaq. Belə olduğu şəraitdə Rusiya başda olmaqla bölgə dövlətlərinin mövqeyi necə olacaq?

-      Beynəlxaq mətbuatı izləmisinizsə, orda belə yazırlar: müharibədə irəliləyiş yoxdur, yaxud daha az irəliləyiş var. 27 sentyabrdan başlanan müharibə resurs müharibəsidir. Bir sual var ki, Azərbaycan daha çox işğal olunan əraziləri azad etmək istəyir, yoxsa qalib gəlmək? İlk günlərdə sualın birinci hissəsi görünürdü, işğal altındakı ərazilərin azad edilməsini istəyirdi, cənub istiqamətində. İndi görünür ki, Azərbaycan qalib gəlmək istəyir. Müharibənin məqsədi qarşı tərəfi şərtlərinizə məcbur etməkdir.

-      Prezidentin köməkçisi Hikmət Hacıyev də tez-tez sülhə məcburetmə ifadəsini işlədir...

-      Bəli, əslində, bu, iki-üç əsrdir müharibənin dəyişməyən ən böyük tərifidir. Sizin məqsədiniz qarşı tərəfə şərtlərinizi qəbul etdirməkdir. Rusiyanın mövqeyinə gəlincə, Ermənistan uzun illərdir Kremlin təklif etdiyi plandan imtina edib, elə Paşinyanın dünənki müraciəti də imtinaydı. Bu, Ermənistan rəhbərliyinə Rusiyanın təzyiq və təsir imkanlarının az olduğunu da göstərə bilər. Belə davam etdikcə, Rusiya çıxılmaz vəziyyətdə qalır, çünki Moskvanın Bakıya alternativ təklifi yoxdur. Bütün hallarda hazırda Rusiyanın bir neçə gün ərzində təzyiqinin böyük olacağını düşünmürəm. Təbii ki, hadisələrin gedişatından çox şey asılıdır. Əslində, Azərbaycan Dağlıq Qarabağ ərazisində nə qədər çox irəliləsə, beynəlxalq təzyiqlərlə daha çox üzləşəcək. Və Rusiyanın da təzyiqləri buna əlavə stimul verəcək.

-      Deməli, Azərbaycan ordusunun Hadrutu və Xocavəndin bir neçə kəndini azad etməsi gələcəkdə təzyiqlərin artırılacağını göstərir?

-      Bəli, Bakıya inanılmaz dərəcədə təzyiqlər artacaq. Əlbəttə, cənub istiqamətində, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan tərəfdən hücum davam etsəydi, təzyiqlər az olardı. Təbii ki, Azərbaycan yenə də riyakarlıqla qarşılaşacaqdı. Amma şimal istiqamətdə hücumlara görə təzyiqlər çox olacaq. Düzdür, Madrid Prinsiplərində Azərbaycanın maraqlarına tamamilə zidd olan bəzi məsələlər var.     

-      Siz referendumu nəzərdə tutursunuz?

-      Referendumun detalları məlum deyil və onunla bağlı razılaşma yoxdur. Əslində, 5+2 formulu Azərbaycanı tam qane etmir. Nəzərə alın ki, 90-cı illərdə 6+1 formuluydu, Kəlbəcəri ikinci plana daxil etmirdilər. İllər keçdikcə, işğaldan azad olunacaq bölgələrin sayı azalmağa başladı. Ona görə də hərbi əməliyyatların necə getməsindən asılı olaraq Azərbaycan 6+1 formuluna da qayıda bilər. Yəni şərtləri daha açıq qoyar. Bu baxımdan yaxın 1 həftə, 10 gündə Azərbaycanın diplomatik nöqteyi-nəzərdən qarşılaşacağı problemlər və hansı qərarlar verəcəyi daha aydın görünəcək.

-      Belə çıxır ki, Bakı yaxın 10 gündə hərbi-siyasi istiqamətdə güclü addımlar atmalıdır?

-      Riyakarlıq deyəndə mən nəyi nəzərdə tuturam, ilk növbədə konfliktlə əlaqəli olmayan məsələləri gündəmə gətirməyin özü riyakarlıqdır. Bu, beynəlxaq mətbuatda açıq görünür.

-      Riyakarlıq Qərb, yoxsa Rusiya tərəfindən görünür?

-      Məncə, bütün beynəlxaq ictimaiyyətdə belə məsələ mövcuddur və bu, münaqişənin həllini hər zaman uzadıb. Türkiyə amilini, sonra Azərbaycandakı siyasi sistem məsələsini gündəmə gətirirlər. İnanırsınızmı, bunlar olmasaydı belə, yenə də başqa bir amil tapacaqdılar. Əslində, Azərbaycan cəmiyyətini narahat edən məsələ budur. Təəssüf ki, beynəlxaq mətbuatda reallığı axtarmaq istəyini görmürəm.

-      Zaur bəy, yekun sualım Türkiyənin həmsədr olması haqdadır, reallıq nə dərəcədədir?

-      Məncə, Azərbaycan Türkiyənin həmsədr olmasını təklif etməyib.

-      Ancaq dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl Türkiyə televiziyasına müsahibəsində “Türkiyə niyə həmsədr olmasın” sualını səsləndirdi...

-      Prezidentin çıxışında əsas məqam o idi ki, 90-cı illərin geosiyasi şərtləri tamam fərqliydi, bu gün Minsk Qrupu qurulsaydı, geosiyasi reallıq nəzərə alınmalıydı. 1992-ci ilin geosiyasi reallığı ilə bu prosesi davam etdirə bilmərik. Biz umutmamalıyıq ki, Minsk Qrupu tam olaraq 1997-ci ildə formalaşsa da, Türkiyənin vasitəçiliyi ondan əvvəl də olub. Amma heç kəs bunu səsləndirmir. 1993-cü ilin aprel ayında 5+1 formulu vardı, ATƏM  ( Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi. ATƏT 1995-ci ilə qədər belə adlanıb – red.) tərəfindən irəli sürülmüşdü. Söhbət Azərbaycan-Ermənistan-ABŞ-Rusiya-Türkiyə və ATƏM-in özündən gedir. Kəlbəcər işğal olunandan sonra məsələ çətinləşdi. Mayda Ankara ABŞ, Rusiya və özünün birgə vasitəçiliyini irəli sürdü. Gündəlikdə torpaqların işğaldan azad olunması, daha sonra başqa detallar müzakirə olunacaqdı. Bunları ona görə xatırlatdım ki, Türkiyə 1993-cü ildən masada olub. Bilirsiniz, həmsədrlik institutunun dəyişdirilməsi çox çətindir, bunun üçün üzv dövlətlərin qərarı və Ermənistanın razılığı lazımdır, Minsk Qrupuna isə 11 dövlət daxildir. Türkiyənin həmsədr olmasına ehtiyac yoxdur, ATƏT üzvü kimi fəaliyyətini davam etdirə bilər. Ankaranın istər sülhə təminatı, istər sülhməramlı, istərsə sülh müqaviləsinin hanssısa detalında hansısa iştirakı gündəmə gələ bilər. Yəni Türkiyənin hansısa formada diplomatik səylərinin danışıqlar prosesində tərkib hissəsi olmasıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h9yrfy

Ən çox baxılan