Ekoloq: Kürün quruması probleminin kökündə Mingəçevir Su Anbarı durur

“Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır”.

Source: Facebook


“2010-cu ildə də eyni problem yaşanıb”

Son günlər Kür çayının suyunun kəskin azalması müzakirə mövzusudur. Bunun Azərbaycan üçün nəticələrinin yaxşı olmayacağını söyləyən ekoloqlar bildirirlər ki, gələcəkdə içməli su ilə bağlı problem yaşana bilər.

Kür Azərbaycanın ən böyük çayıdır. Eləcə də əksər bölgələri içməli su ilə təmin edən ölkənin əsas su mənbəyidir.

Bir müddət öncədən də deyilirdi ki, Xəzər dənizinin suyu Neftçala rayonunda Kürə qarışıb. Bu da ətraf bölgələrdə şirin su problemi yaradıb. İndi isə ümumiyyətlə, çayın səviyyəsinin aşağı düşdüyü bildirilir.


“Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır”

Belə bir problemin olmasını “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də təsdiqləyir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov isə “BBC Azərbaycanca”ya bildirib ki, Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır və çayda suyun səviyyəsi azalıb deyə, Xəzərdən gələn su müəyyən müddət orada problem yaradıb.

Qurumdan hazırda bu problemin aradan qalxmaqda olduğu bildirilib.

106569322_271358980756933_9138981113209763945_n.png
Dilqəm Şərifov


Kürdə nə baş verib?

Ekoaktivist Cavid Qara deyir ki, əslində Kürə axan onlarla çayın hər birində Kürün Xəzərə töküldüyündən çox su var:

“Sadəcə görün biz necə vəhşi, davamsız bir təsərrüfat qurmuşuq ki, Kür çayı Xəzərə gəlib çatmır. Kürü istismar etməsək, əməlli-başlı böyük çaydır. Görün, indi nə qədər istismar edirik. Hər şeyin bir həddi var axı”.

F27AB520-DC3E-4F36-AA69-0F8FE1A34D47.width-1024.jpg
Cavid Qara

Cavid Qara problemin kökünü Kür ətrafındakı təsərrüfatlarda görür. Onların çoxluğu və suvarılmasındakı səhvlərin Kürün səviyyəsini aşağı saldığını düşünür:

“Kürdə yaranan problemin tezliklə həll edilməsi üçün köklü islahatlar lazımdır”.


“Dövlət zəhmət çəkib getsin Mingəçevirə”

Ekoloq Telman Zeynalov isə fərqli düşünür. O, problemin kökünün Mingəçevir Su Anbarında olduğunu deyir. Əlavə edir ki, 2010-cu ildə də eyni problem yaşanıb. Anbar rəhbərliyi artıq enerji əldə etmək üçün qaydaları pozaraq, anbarda suyun səviyyəsini 86 metrə qədər doldurub. Həmin vaxt da Kürün suyu quruyub:

“O vaxt da problemin Mingəçevirdə olduğu anlaşıldı. Bakıdan komissiya təşkil edildi, Mingəçevirə göndərildi. Bunu eşidən rəhbərlik tələsik anbarın ağzını açdı və Kür bütün kanalları su ilə doldurdu. Birdən-birə artan su ərazini basdı. Sonra müdir işdən çıxarıldı. İndi də fərqli durum deyil. Dövlət zəhmət çəkib getsin Mingəçevirə. Yoxlasın, görəcək ki, problem ordadır”.


“Ətraf əraziləri, eləcə də Bakını su basa bilər”

Telman Zeynalov deyir ki, bu, həm də riskdir. Bənd dağıla bilər. Ətraf əraziləri, eləcə də Bakını su basa bilər. Necə ki, 2010-cu ildə xeyli ərazisini su basdı:

403001371.jpg
Telman Zeynalov

“İndi də eyni problem yaşanır. Dövlət üzünü Mingəçevirə tutsa, yaxşı olar. Düzdür, həm də mövsümlə əlaqədar quraqlıq var. Ancaq bu qədər olması mümkün deyil. Üstəlik, quraq keçmir havalar. Yağıntı var, hətta ötən ay bəzi bölgələrə qar da yağmışdı”.


“Problem xarici ölkələrdə yox, Azərbaycandadır”

Telman Zeynalov problemin başqa ölkələrdən qaynaqlanması məsələsini doğru hesab etmir. Deyir, Türkiyə Qərb tərəfdəki ərazilərini suvarmaq məqsədilə Kürün üstündə su anbarı yaradıb, doğrudur:

“Ancaq beynəlxalq konvensiyalara görə Kürdən 50 faiz su götürə bilər. Ondan artıq edə bilməz. O qədər su götürmə ilə bu hala gəlib çıxması mümkün deyil. Gürcüstanda 300-ə yaxın xırda çay Kürə daxil olur. Ordan keçir Azərbaycana. Azərbaycan isə öz növbəsində ərazisini enerji ilə təmin etmək üçün Mingəçevir Su Anbarı tikib. Problem də elə buradadır”.


“Məmur inhisarçılığı problemin yaranmasında əhəmiyyətli rol oynayır”

Demokatiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu isə su qıtlığının yaranma səbəbinin iqtisadi tərəflərini izah edib. Deyir, ölkədə yaranan su qıtlığı təkcə ekoloji problem deyil. Onun nəticəsində əhalinin xərcləri artır, ailə, fermer təsərrüfatlarında əkin yerləri susuzluqdan yanır:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“İlkin qənaətimə görə, ölkədə su korrupsiyası və su resurslarından istifadə üzərində məmur inhisarçılığı problemin yaranmasında əhəmiyyətli rol oynayır. Su, melorasiya və irriqasiya təsərrüfatı sərmayətutumlu sahədir. Bu sahənin korrupsiya potensialı yüksəkdir. Bu sektora neft gəlirlərindən 10 milyardlarla manat vəsait ayrılıb. Faktiki xərcləmələr milyardlarla ifadə oluna bilər”.


“Ötən il bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib”

Qubad İbadoğlu deyir ki, təkcə 2019-cu ilin büdcəsindən meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidənqurulmasına və əsaslı təmirinə 318,7 milyon manat vəsait xərclənib. Bununla yanaşı, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Şəmkir, Salyan, Horadiz və Qax rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və başa çatdırılması, bu sahədə bir sıra layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və digər işlərin görülməsi üçün 395,1 milyon manat vəsait də "Azərsu" ASC-yə ayrılıb:

“Beləliklə də, yalnız su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat ayrılıb. Bundan əlavə, ötən il xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib. Göründüyü kimi ötən il büdcə və xarici kreditlər hesabına bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib”.


“İlk növbədə məmurlara məxsus böyük təsərrüfatlar sulanır”

İqtisadçı deyir ki, buna baxmayaraq, 2019-cu ildə heç bir məmura bağlı olmayan müstəqil fermerlərin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadəedənlər Birliyi fermerlərlə su təhcizatı müqaviləsi bağlamaqdan imtina edib:

“Ancaq məmurlara məxsus böyük təsərrüfatlarla əvvəlcədən müqavilə bağlanılaraq, ilk növbədə onların sahələrinin suvarma suyu ilə təmin olunması həyata keçirilir. Haqsız rəqabətdə uduzan fermerlər əlavə xərclər çəkərək (nasos, yanacaq, elektrik və sair) öz tarlalarını suvarmağa çalışırlar. Bu hal əsasən su hövzələrindən hündürdə yerləşən əkin sahələri üçün xarakterikdir. Ancaq əlavə xərc çəkməklə tarlanı suvarmaq da hər fermer üçün əlçatan deyil, çünki su hövzələrinin yerləşməsi bu məsələdə əsas rol oynayır”.


“Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır”

İqtisadçı deyir ki, çaylarda suyun səviyyəsinin kəskin düşməsi 2020-ci ilin ilk aylarından qeydə alınıb. Bu da ilk növbədə həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanallarla bağlıdır. 2020-ci il arat dövründə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var. Məhsulun becərilməsi dövründə su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilirdi, amma digər sahələrdə oluduğu kimi burda da hökümət vaxtında tədbirlər görmədi, ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb və bu içməli suya da təsir etməkdədir:

kur(1).jpg
Kür

“Çünki, Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır. Suvarma suyunun qıtlığının yaranması kənd təsərrüfatında aqro parkların yaranması ilə bu sahənin tamamilə inhisara alınması ilə əlaqədardır. Son mövsümdə bölgələrdə məmurların himayə etdiyi böyük təsərrüfatların yaradılması prosesi müşahidə olundu. Bu təsərrüfatların yaradılması kiçik pay torpaqlarının, indiyədək qışlaqların, yataqların və maldarlıq fermalarının yerləşdiyi örüş və otlaq təyinatlı böyük sahələrin ələ keçirilməsi, bələdiyyə və dövlət torpaqlarının uzun müddətə icarəyə götürülməsi hesabına mümkün olub. Belə təsərrüfatların suvarma suyu ilə təchiz edilməsi məqsədilə həmin ərazilərə dövlət büdcəsi vəsaiti hesabına Araz və Kür çaylarından kiçik kanalların çəkilməsi də həyata keçirilib”.


“Aidiyyatı qurumlar məmur inhisarçılığından çəkinir, gerçəkliyi deməyə qorxurlar”

Qubad İbadoğlu əlavə edir ki, 2018-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Araz çayından ayrılmış qolun – yeni beton kanalın açılışı həyata keçirilib. Kanalın çəkilməsinə büdcədən 80 milyon manat vəsait ayrılıb. Beton kanal 53 min hektar əkin sahəsinin suvarma suyu ilə bağlı tələbatını ödəyir. Əkin sahələrinin 26 min hektarı Saatlı rayonunun,16 min hektara yaxını İmişli rayonunun, 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır:

“Dövlət hesabına suvarma suyu təchiz edilmiş sahələr 2019-cu ilədək qışlaq və fermaların yerləşdiyi otlaq və örüş torpaqları olub. Hazırda isə bir neçə məmura məxsus olan təsərrüfatları suvarma suyu ilə təchiz etmək üçündür. Mənbəyi Kür və Araz çaylarından olan məmurlar məxsus aqro parkların suya olan təchizatını təmin edən həmin kanallara görə bu gün su qıtlığı yaranıb. Bu da məmur biznesinin ölkəyə vurduğu növbəti zərbədir. Bu dəfə dəyən zərər yalnız heç bir məmura bağlı olmayan müstəqil fermerlərin və ailə təsərrüfatlarının suvarma suyunun qıtlığından yaranan itkiləri ilə ölçülur. Həm də ekoloji fəlakətlə ifadə olunur. Belə ki, məmur biznesini qidalandıran suvarma kanallarının çəkilməsi qrunt sularının yerdəyişməsi, torpağın müxtəlif qatlarının struktur dəyişikliyi və şöranlaşması, ekosistemin pozulması, bölgənin fauna və florasına risklərin yaranması kimi ciddi fəsadlara malikdir. Məsul orqanlar isə “ağızlarına su alıb”, susurlar. Çünki onlar məmur inhisarçılığından çəkinir, gerçəkliyi deməyə qorxurlar”.

Ana səhifəSosialEkoloq: Kürün quruması probleminin kökündə Mingəçevir Su Anbarı durur