Ekoaktivist: Qaranohura çəkilən yolda ağaclar məhv edilir (yenilənib)

“Yolun çəkilməsinə səbəb onun səfərinin rahat keçməsi olub”

Source: Specify Source


17.27.


Qaranohura yol çəkilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Meydan TV-yə bildirilib ki, son zamanlar sosial şəbəkələrdə gölə gedən yolla bağlı dezinformasiyalar, həqiqətəuyğun olmayan uydurmalar yayılır:


"Halbuki Qaranohur gölünə gedən yolda yalnız hamarlaşma işləri aparılıb. “Ərazidə heç bir yol çəkiliş işləri aparılmır. Ümumiyyətlə, Qaranohur marşurtu Şahdağ Milli Parkının İsmayıllı bölməsi üzrə turistlərin ən çox gedib görmək istədiyi yerlərdəndir. Əksər hallarda isə bura gedən yolun çətinliyi və yol infrastrukturunun narahatçılığı bələdçilərin narazılığına səbəb olur. Fiziki cəhətdən zəif, yaşlı insanlar gedib ərazini görə bilmirlər. Turistlərin çoxsaylı istəyi nəzərə alınaraq Qaranohura gedən yolun bərpası işləri aparılıb”.


ETSN-dən o da bildirilib ki, bu addım ziyarətçilərin milli parkda rahat və təhlükəsiz hərəkətini təmin edəcək: “Eyni zamanda, ərazidə baş verə biləcək hər hansı yanğın hadisəsinin qarşısının alınması üçün ora texnikanın girişinə imkan yaradacaq”.

***


"Məncə, Leyla Əliyeva o yolla gəlməsin, çünki çox sərt, təhlükəlidir”

İsmayıllıda, Şahdağ Milli Parkında yerləşən Qaranohur gölünə yol çəkilir.

“Bu yolla Qaranohurun təqribən 50 metr məsafəsinə yaxınlaşıblar. Yolun bitəcəyindən gölə bir dəqiqəlik piyada məsafəsi qalıb. Üstəlik, yol çəkilişi zamanı təbiətə xeyli ziyan dəyib. Bu, hələ prosesin başlanğıcıdır”.

Ekoaktivist Cavid Qara belə deyir.

193674105_4016627518386083_2588560183595782400_n.jpg
Qaranohur gölü

O bildirir ki, İsmayıllının Talıstan kəndindən əvvəllər də gölə yaxın yerədək 10 km-lik yol olub, ancaq zamanla o yol sıradan çıxıb: "İndi həmin köhnə yolu yenidən hamarlayıblar. Deyilənə görə, Leyla Əliyevanı gölə gətirmək istəyirlərmiş. Yolun çəkilməsinə səbəb onun səfərinin rahat keçməsi olub. Məncə, gələsi olsa, yolla gəlməsin. Çünki yol çox sərt, təhlükəlidir və təbiətə hörmətsizlikdir”.

Cavid Qara deyir ki, ərazidə milli park yaranandan sonra köhnə yolun sıradan çıxmasına xüsusi nəzarət varmış.

Ekoaktivistin fikrincə, indi yenidən həmin yolun hamarlaşdırılması, Qaranohurun yaxınına kimi uzadılması yol boyunca ağac kəsilmələrini artıracaq: “Hələ gələcəkdə turist sayı artdıqca, oralar biznes üçün də cəzbedici olacaq. Biri gəlib restoran, biri otel tikəcək, kababxanalar, təndirxanalar açılacaq. Bu qədər səsə də heyvanlar dözməz, uzaqlaşacaq və beləliklə, həmin ərazidəki meşə deqradasiyaya uğrayacaq. Bunlar hamısı bir-biri ilə əlaqəli şeylərdir”.

187417280_4012292405486261_878240549527749783_n.jpg
“İndi yenidən həmin yolun hamarlaşdırılması, Qaranohurun yaxınına kimi uzadılması yol boyunca ağac kəsilmələrini artıracaq”

Cavid Qara deyir ki, yol artıq çəkilib: "Heç olmazsa bundan sonra əlavə işlər dayandırılmalı və yol ictimaiyyətə bağlı saxlanmalıdır. Yalnız fövqəladə və xilasetmə hallarında bu yoldan istifadə edilməlidir. İntensiv şəkildə maşınlardan istifadə edilməsi qəbuledilməzdir. Çünki ora milli parkın ürəyi, ən dərin hissəsidir, ora yolun çəkilməsi təbiətin məhv edilməsi deməkdir”.

O hesab edir ki, təbiət turizminə belə yanaşma milli parkların əsas təyinatı olan biomüxtəlifliyin və təbii ekosistemlərin qorunmasına ziddir.

Ekoaktivist qeyd edir ki, bu məsələlərdə cəmiyyətin reaksiyası, ictimai qınaq əhəmiyyətlidir: "Ancaq Azərbaycanda adətən kiçik və ortaölçülü məsələlərdə ictimai qınaq effektiv olur. İrimiqyaslı layihələrlə bağlı eyni şeyi demək olmur. İctimai qınaq olsa, ən azından növbəti belə layihələrin qərarverməsinə azca da olsa, təsiri olar. İndiki halda, bu təsiri ölçmək mümkün deyil. Amma istənilən halda, ictimai qınaq lazımdır. Bəzi hallarda bu, uzunmüddətli dövrdə təsir etsə belə…”.

194705050_4019335051448663_6658402249836607719_n.jpg
Cavid Qara deyir ki, yol artıq çəkilib

Cavid Qara deyir ki, gələcəkdəki proseslərə təsir edən ictimai qınaq çox hallarda hazırda baş verən hadisələrə təsirsiz ötüşür: "Bir çox hallarda hadisələrə anında cavab vermək lazım olur. Həmin hallarda hadisəyə daha radikal etiraz etmək gərəkir. Bu da bəzən alınmır, çünki ictimai qınaq yetərincə olmur. Nəticədə daha sərt etiraz edən adamlar da, onlara dəstək verənlər də azlıq təşkil edir”.

Ümumiyyətlə, Cavid Qara düşünür ki, ictimai qınaq belə hadisələrə etiraz üçün yeganə alət olmamalıdır. Mübarizə alətlərindən biri olmalıdır: “Təəssüf ki, bizdə belə institutlar tam formalaşmadığı və funksional işləmədiyi üçün məsələn, belə ekoloji problemlərin məhkəmələrə verilməsi və udulması perspektivi də yoxdur. Varsa belə çox azdır. Nəticədə, bu proseslər sürətlə baş verir və sonda effekt olmur. Uzunmüddətli yanaşma sərgiləmək üçünsə resurslar lazımdır”.

Aktivist bildirir ki, bu keyslərin hər birinə fərdi yanaşılmalıdır. Söhbət xüsusi mühafizə olunan təbiət ərazisinin məhv edilməsindən gedir: “Əslində buradakı prioritet təbiəti qorumaqdır, turizm deyil. Turizm yalnız ekomüxtəlifliyə və təbiətə minimal ziyan vurmaqla yerinə yetirilə bilər”.

193912981_4016627241719444_8629925772756044369_n.jpg
“Azərbaycanda adətən kiçik və ortaölçülü məsələlərdə ictimai qınaq effektiv olur”

Onun fikrincə, səbəb Qaranohura daha çox turistin gəlməsini təmin etməkdirsə, yoldan əvvəl də ora kifayət qədər adam gedirdi: “Milli Parka kifayət qədər ödəniş olurdu. Onlarla tur bələdçiləri də pul qazana bilirdi. İnsanlar həmin əraziyə gedib səs-küydən uzaq rahat dincələ bilirdilər”.

Cavid Qara deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yolla və Qaranohur gölünün aqibəti ilə bağlı planlarını açıqlamalı, ictimaiyyətin narahatçılığına cavab verməlidir.

Meydan TV Qaranhura yol çəkilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərsə də, hələ ki sorğuya cavab ala bilməyib.

194951377_4019335424781959_1367437006771741028_n.jpg
“Biri gəlib restoran, biri otel tikəcək, kababxanalar, təndirxanalar açılacaq”
194838702_4016627418386093_5939358088548700307_n.jpg
“Heç olmazsa bundan sonra əlavə işlər dayandırılmalıdır”
Ana səhifəBölgəEkoaktivist: Qaranohura çəkilən yolda ağaclar məhv edilir (yenilənib)